ermeni Pkk

Deputat: “Biz təkcə erməni hərbi birləşmələri ilə deyil, həm də müxtəlif terror təşkilatlarının silahlıları ilə döyüşürük”

Qarabağda erməni silahlı qüvvələri ilə yanaşı, Azərbaycan Ordusuna qarşı PKK terrorçularının da döyüşməsi faktı təsdiqini tapıb. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin ötən həftə verdiyi açıqlamaya görə, PKK terrorçularının Qarabağda 7 düşərgə qurduqları müəyyən edilib. Həmin düşərgələr Ermənistanla Qarabağ arasında logistik dəhliz kimi istifadə edilən Laçın-Kəlbəcər xəttində yerləşdirilib.

Məsələyə Türkiyə tərəfinin də reaksiyası gecikmədi. Türkiyə Prezidentinin müavini Fuat Oktay açıqlama verdi ki, Azərbaycan hərbi dəstək istəsə, Türkiyə tərəddüd etmədən bunu yerinə yetirəcək: “Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığa dair saziş mövcuddur. Bu səbəbdən də Türkiyənin tərəddüd etməsinə səbəb olmayacaq. Görürük ki, mülki insanların qətlə yetirilməsinə dünya birliyi səssiz qalır. Türkiyə olaraq ilk vaxtdan deyirik ki, Azərbaycan bu məsələdə tam haqlıdır, Ermənistan isə işğalçı tərəfdir. Türkiyə sonuna qədər Azərbaycanın yanında olmağa qərərlıdır. Prezidentimiz də bunu ilk gündən açıq-aşkar bəyan edib. Qarşımızda, atəşkəs razılaşmasının mürəkkəbi qurumadan dinc insanları atəşə tutan terror dövləti var. Heç kimə sirr deyil ki, bu gün terror təşkilatları da Ermənistana kömək edir”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu baş verənləri AYNA-ya dəyərləndirərkən deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərində, o cümlədən də Dağlıq Qarabağda PKK terror təşkilatı üzvlərinin olması ilə bağlı çoxsaylı təsdiqlənmiş məlumatlar var: “Həm də bu, uzun zamandan bəri mövcuddur. Terror təşkilatları işğal olunmuş ərazilərimizdə təlimlər keçir və onlar hazırda Azərbaycana qarşı erməni terrorunun iştirakçılarına çevriliblər”.

Mətbuatımızın inkişafını şərtləndirən əsas amil... - Hikmət Babaoğlu

“Ona görə də şübhəsiz ki, Azərbaycan hazırda öz torpaqlarını azad etdiyi aktiv döyüş mərhələsində PKK terror təşkilatlarının mövqelərinə ciddi zərbələr endirir. Bəzi mənbələrdən bəlli olur ki, Ermənistanın işğalçı ordusu sərgərlərdə, ön cəbhə xəttinə PKK terrorçularını yerləşdirir, nəticədə onlar daha çox itkiyə məruz qalırlar. Azərbaycan həm öz torpaqlarını işğaldan azad edir, həm də Azərbaycanın həyata keçirdiyi bu əməliyyatı elə anti-terror əməliyyatı kimi qiymətləndirmək olar. Çünki, bilirik ki, işğalçı ordunun tərkibində dünyanın müxtəlif ölkələrindən “Daşnaksütun”, ASALA, PKK və digər terror təşkilatlarının üzvləri erməni terrorçuları ilə birlikdə Azərbaycana qarşı savaşırlar”, – deputat bildirib.

Türkiyənin Azərbaycana hərbi dəstəyinə gəldikdə, Babaoğlu bu iki dövlətinin bir-birinə ən yaxın müttəfiqlər olduğunu xatırladıb: “Bu müttəfiqliyin tarixi kökləri, hüquqi əsasları var. Türkiyə Cümhuriyyətinin özü 1979-cu ildən bu günə qədər PKK terror təşkilatı ilə mübarizə aparır. Ancaq indiki mərhələdə Azərbaycan təkcə PKK deyil, digər terror təşkilatlarına qarşı da fəal və uğurlu hərbi əməliyyatlar həyata keçirir. Belə bir vaxtda qardaş ölkədən hansısa hərbi dəstəyin gəlməsinə heç bir ehtiyac yoxdur. Çünki Azərbaycan özü bu tədbirləri həyata keçirə bilir. Əminəm ki, ən qısa müddətdə Azərbaycan öz torpaqlarını işğalçılardan, həm də bütün növ terror təşkilatlarından azad etməyi bacaracaq”.

araz.az xəbər portalı.