1-75-300x230.jpg


 “Bezmişəm artıq. 5 ildir bunlarla mübarizə aparıram. Heç kim dinləmir, qəbul etmirlər. Bu qədər ədalətizlik olar? Nə etməliyəm mən? İntihar son çarəmdir”.

Araz.az xəbər verir ki, çarəsiz qalan Rəna Verdiyeva PressClub.Az-a müraciətində deyir bunları.

Rəna xanım deyir ki, iki azyaşlı uşağı (Birinin 6, digərinin 7 yaşı var ) ilə çöllərdə qalıb.

Dələduzluqla evinin alındığını deyən xanım hüquq-mühafizə orqanlarında, məhkəmədə ədalətsizlilə qarşılaşdığını iddia edir.
 
Rəna Verdiyeva

Hər şey Rəna xanımın ailəsinə edilən biznes təklifindən sonra başlayıb. Kifayət Dostumalıyeva və oğlu Kənan Yusifovun təklifindən sonra.
K.Dostumalıyeva ilə münasibətlərinə toxunan R.Verdiyeva bildirib ki, onunla Tamara adlı rəfiqəsi vasitəsi ilə tanış olub: “Tamara mənə zəng edərək görüşmək istədi. Mən rayonda olduğumdan görüşmək qərarına gəldim. Görüşdə Tamara bildirdi ki, bir qohum var, o, Tovuzda elektrik mallarının alverini edir. Amma o qədər pul vəsaiti yoxdur. Məni Kifayət və oğlu Kənanla tanış etdi. Sonra Kifayət Dostumalıyeva əri və oğlu Kənanla bizə gələrək birgə işləmək üçün razılıq istədilər. Razılıqdan sonra ilk dəfə 2012-ci ilin sentyabrında Kifayət Dostumalıyevaya notarial qaydada 20 min manat verdik. Bir müddətdən sonra Kifayət və oğlu Kənan mənə bildirdilər ki, Tovuzda camaat mallari nisyə alır və pulları yığa bilmirik.
Dedilər ki, onıarın “Sədərək” ticarət mərkəzində 2 mağazası var. Orada alver daha yaxşı gedəcək. Mən razılaşdım və Bakıda işləmək qərarına gəldik. 2012-ci ilin noyabrında 120 min manat pul verdim. Təxminən üstündən 10 gün keçmişdi ki, Kənan mənə zəng edərək bildirdi ki, mallar gəlib gömrükdə qalıb. 10 min manat lazımdır ki, malları çıxardaq. Məcbur olub 10 min manatı da onlara verdim. Mallar gəldi, biz yoldaşımla gedib mağaya baxdıq. Mallar “Kinq” şirkətinə aid idi. Bir müddətdən sonra Kifayət Dostumalıyeva mənə 5-6 kart verdi. Dedi ki, malları rayonlara paylamışıq, pulları yığana qədər bu kartlardan istifadə et. Yəni kartlardan pul çək. Bir müddət kartlardan pul çıxarıb borclarımızı qaytarmağa başladıq. Bir müddət ticarətimiz davam etdi. Sonra mən onlarla haqq-hesab etməyi tələb etdim. Onlar isə müəyyən bəhanələrlə yayınmağa başladılar. Bundan sonra israrla verdiyim pulları geri tələb etdim. Kifayət Dostumalıyeva bildirdi ki, pulları “Kinq” şirkətinin prezidenti Amur Məhərrəmova vermişik. Amur Məhərrəmovun telefon nömrəsini verərək dedi ki, get pulunu ondan tələb et. Amur Məhərrəmova zəng etdim. Dedim ki, Kifayət Dostumalıyevanın aldığı malların pulları mənə məxsusdur, görüşməyi tələb etdim”.
 
Soldan 2-ci Kifayət Dostumalıyeva
R.Verdiyeva deyir ki, A.Məhərəmovla söhbət zamanı ona məlum olub ki, “Sədərək” ticarət mərkəzindəki mağazalar K.Dostumalıyevaya məxsus deyil: “Amur Məhərrəmov dedi ki, Kifayət və oğlu Kənan tərəfindən ona heç bir məbləğ verilməyib. Kifayət və Kənanın özlərinə məxsus olduğu kimi təqdim etdikləri mağazaların da Amur Məhərrəmova məxsus olduqlarını bildim. Aydın oldu ki, Kifayət və oğlunun məndən aldıqları 150 min manat pul biznesə yatırılmayıb, mallara verilməyib. Amur Məhərrəmovla söhbətimdən sonra həmin gecə Kifayət Dostumalıyevanın oğlu Kənan Yusifov telefonuma hədələyici mesaj yazdı. Gecə yarısı evim daşlandı. Evi daşlayan Dostumalıyevanın digər oğlu Sənan idi. Səhəri isə qapımıza gəldi. Düşündüm ki, bəlkə üzr istəməyə gəlib. Qucağımda uşağım qapını açanda bıçağı usağın boğazına dirədi ki, əgər pulu istəsən, gecə ilə gəlib uşaqlarının başını kəsərəm”.R.Verdiyeva deyir ki, aldadıldığını başa düşəndən sonra ona K.Dostumalıyeva tərəfindən verilən bank kartlarının kimə məxsus olduğunu araşdırıb: “Öyrəndim ki, kartlar Abseron rayon, Novxanı qəsəbəsində yerləşən 1 nömrəli orta məktəbin müəllimlərinə məxsusdur. Onlarla əlaqə yaratdım. Dedilər ki, Kifayət Dostumalıyevadan faizə pul götürüb əmək haqqı kartlarını təminat kimi ona vermişik. Başa düşdüm ki, məndən alınan 150 min manat faizə paylanıb”.

R.Verdiyeva aldadıldığını başa düşərək hüquq mühafizə orqanlarına müraciət edib: “Daxili İşlər Nazirliyinə müraciət etdim. Müraciətim araşdırılmaq üçün DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə göndərildi. Orada aparılan araşdırma məni qane etmədiyindən baş prokrorun müavini Rüstəm Usubova muraciət etdim. 2014-cü ilin əvvəlində mənə qarşı törədilən dələduzluq əməli ilə bağlı CM-nin 178.3.2 maddəsi ilə cinayət işi başlandı. Baş prokurorun müavini işi şəxsi nəzarətə götürdü. İş materialları araşdırılması üçün Bakı Şəhər Baş Polis İdarəsinə göndərildi”.

R.Verdiyeva bildirir ki, iş müstəntiq Rüstəm Bayramova həvalə olunub: “Kifayət Dostumalıyeva istintaqdan yayındığından barəsində həbsli axtarış elan olunub. Onu və oğlunu Tovuzda saxlayaraq istintaqa cəlb ediblər. İstintaq dövründə Kifayət Dostumalıyeva barəsində həbs qətimkan tədbiri seçilib, oğlu Kənan Yusifov barəsində isə heç yerə getməmək haqda qətimkan tədbiri seçilib”.

 
R.Verdiyeva görə, uzun müddət aparılan istintaq zamanı ona qarşı dələduzluq edildiyi fakt və sübutlarla təsdiqlənib: “Lakin hakim Eldar İsmayılovu həqiqət yox, öz mənafeyi maraqlandırırdı. Pulla satın alınan hakimlər də var imiş. Şahidlər Kifayət Dostumalıyevanın pul almasını həm ibtidai, həm də məhkəmə istintaqında təsdiq etsələr də, məhkəmə protokolunda ifadələr saxtalaşdırıldı. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılov külli miqdarda dələduzluqda təqsirləndirilən Kifayət Dostumalıyeva və oğlu Kənan Yusifova bəraət verdi. Məhkəmədə prokuror hər iki şəxsə cəza verilməsini tələb etmişdi. Lakin hakim qanunsuz olaraq bəraət hökmü çıxardıqdan sonra prokuror hökmdən protest verilməyəcəyini bildirdi. Halbuki, Rüstəm Usubov məni dinləyib bildirmişdi ki, mənə qarşı dələduzluq olub, aldadıb 150 min manat pulumu iş qurmaq adı ilə alıblar. Sonradan isə həmin pulu faizə veriblər. Bundan mənim xəbərim olmayıb”.R.Verdiyeva deyir ki, qərardan apellyasiya şikayəti veriblər. Lakin işə baxan Rizvan Səfərovun qəbulunda olub: “Mənə aşkar şəkildə dedi ki, qərarı qüvvədə saxlayacaq, get hara şikayət edirsən et. Apelyasiya məhkəməsinin sədri İman Nağıyevlə dəfələrlə görüşməyə cəhd etsəm də, məni qəbul etmir. Baş prokuror Zakir Qaralovun qəbuluna düşmək istəmişəm. Məni qəbul etmir”. Çarəsiz qalan R.Verdiyeva ötən həftənin cümə axşamı Ədliyyə Nazirliynin qarşısında özünü yandırmağa cəhd edib. Lakin Yasamal rayon 27-ci polis bölmənin əməkdaşları bu cəhdin qarşısını alıblar.

“Məni ədliyyə nazirinin müavini qəbul etdi. Söz verdilər ki, Apelyasiya məhkəməsinin sədri qəbul edəcək məni. Lakin nəticə olmadı. Mən evimi satıb pulumun hamısını bu dələduzlara vermişəm. 5 ildir 2 uşaqla çöllərdə qalmışam. Bu dələduzları himayə edirlər. Məni dinləyən yoxdur. Başqa çarəm yoxdur. Sabah benzin də götrüb Prezident Administrasiyasına gedəcəm. Orada da dinləməsələr, özümü də, iki balamı da yandıracam. Başqa çarəm yoxdu, artıq ümidin hər yerdən üzülüb. Bu qədər ədalətsizlik olmaz”, – ağlaraq deyir R.Verdiyeva.

araz.az xəbər portalı.