cebrayilİşğal altında olan rayon və kəndlərin azad olunması böyük sevinclə qarşılansa da, görüntülər heç də ürək açmır

Erməni vandalları kənd və şəhərlərdə daşı-daş üstə qoymayıb, yaşayış məskənlərini xarabalığa çeviriblər. Müharibə bitdikdən sonra ölkənin qarşısında həmin yaşayış məskənlərinin bərpası dayanır. Rayon mərkəzləri, kənd və qəsəbələrin yenidən qurulması və bərpası on milyardlarla dollar vəsait tələb edir.

Qeyd edək ki, ortada Cocuq Mərcanlı kəndinin bərpası təcrübəsi var. Amma bir sıra ekspertlər hesab edir ki, kəndlərin standart görünməməsi, qədimliyinin bərpası üçün əhalinin öz evlərini tikməsinə imkan yaradılmalıdır. Eləcə də bütün kəndlərin yenidən qurulmasına ehtiyac olmaması, hər rayonda 3-4 qəsəbə salınmasını da səmərəli hesab edənlər var.

İşğaldan azad edilən yaşayış məskənləri necə qurulmalıdır?

İqtisadçı Akif Nəsirli Cebhe.info-ya açıqlamasında bildirib ki, işğaldan azad edilən ərazilərdə yaşayış məntəqələrinin salınması üçün məqsədyönlü şəkildə ərazilər seçilməlidir:

“Əvvəlki kəndlərin harda olduğu nəzərə alınmamalıdır. Elə kəndlər var ki, onlarda 15-20 ev olub, həmin evlər də indi uçulub, dağılıb. Görüntülərdən məlum olur ki, bəzi kəndlərdə dağıntılar azdır. Doğrudur, belə kəndlərin sayı azdır, amma hər halda var. Məlumatlara görə, Laçın və Kəlbəcərin kəndləri daha çox dağıntılara məruz qalıb. Dağıntılara az məruz qalan kəndləri bərpa etmək olar. Tamamilə dağılmış kəndlərin salınması üçün isə relyefə uyğun ərazilər seçilməli və həmin ərazilərdə hökumətin dəstəyi ilə böyük qəsəbələr salınmalıdır. Həmin ərazlərə köçənlər əsasən hazırda məcburi köçkün hesab olunan insanlar olacaq. İndi hökumətin məcburi köçkünlərə dəstəyi davam edir və onların böyük əksəriyyətinin yenidən yurd-yuva qurmaq imkanları məhduddur. Bu baxımdan, dövlətin dəstəyi vacibdir və yəqin ki, xarici təşkilatların da yardımları da olacaq. Artıq indidən belə bir fikirlər səslənir – Dağlıq Qarabağ və ətrafdakı 7 rayondakı dağıntıların aradan qaldırılması üçün Azərbaycana dəstək vermək istəyən ölkələr var”.

İqtisadçı deyir ki, məcburi köçkünlər arasında öz imkanları hesabına ev qurmaq istəyənlər olarsa, onlara da şərait yaradılmalıdır:

“Elə vətəndaşlar ola bilər ki, onların geniş imkanları olsun, dəstəyə ehtiyacları olmasın və həmin ərazilərdə öz arzusuna uyğun ev tikmək istəsinlər. Amma hesab edirəm ki, əsasən hökumətin dəstəyi ilə standart qəsəbələr salınmalı və ərazilər də məqsədyönlü seçilməlidir”.

Xatirə Nəsirova
Cebhe.info

araz.az xəbər portalı.