ABŞ dövlət katibinin keçmiş müşavirlərindən Paul Goble Dağlıq Qarabağ münaqişəsi, hazırda gedən döyüşlərlə bağlı AzadlıqRadiosuna eksklüziv müsahibə verib.
Politoloq ilk olaraq, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşünü şərh edib. Bildirib ki, ilk növbədə Azərbaycan və Ermənistanın özü atəşkəsə razılaşmasa, ciddi bir nəticə olmayacaq:
“İrəli getmək üçün Minsk qrupunun ən yaxşı yol olduğuna şəxsən mənim şühbələrim var. Ümid edirəm ki, onlar ən azından atəşkəsin əldə olunması üçün təşviqat aparacaqlar. Lakin ötən on illər ərzində mənim bu ümidlərim puç olub. Minsk qrupu münaqişənin həlli ilə üçün vacib addımlar atmayıb”.
Paul Goble hesab edir ki, bunun da əsas səbəblərindən biri münaqişənin həllinə cəlb olunan tərəflərdən heç də hamısının bu qarşıdurmaya birdəfəlik son qoyulmasında maraqlı olmaması olub:
“Mənim fikrimcə ötən 30 ildə Rusiya hakimiyyəti münaqişənin nizamlanmasını istəməyib. Çünki Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həlli Rusiyanın maraqlarında deyil. Rusiyadakı təhlilçilərdən biri demişkən, Rusiya Ermənistanı müdafiə edəndə Azərbaycanı, əksinə Azərbaycanı müdafiə edəndə isə Ermənistanı itirə bilər. Ona görə də həmin versiyalardan hər ikisindənsə, elə münaqişənin davam etməsi Rusiyanın marağında olub. Bu üzdən də hesab edirəm ki, Azərbaycan və Ermənistan rəhbərlikləri özləri birbaşa danışıqlar aparmalıdır. Hər iki ölkə öz milli maraqlarından çıxış etməli, geosiyasi maraqları, kənar gücləri – Rusiya, Türkiyə və ya İranı bir kənara qoymalıdır”.
Paul Goble hesab edir ki, son bir neçə həftədir davam edən döyüşlər hər iki tərəf üçün yeni pəncərə açdı. Tərəflər özü də görür ki, döyüşləri dayandırmaq və münaqişəni danışıqlar yolu ilə həll etmək ən yaxşı yoldur:
“İndi görünən odur ki, Azərbaycan Dağlıq Qarabağ ətrafında, ermənilərin bufer zonası dedikləri əraziləri götürüb və artıq Laçın dəhlizini kəsmək üzrədir. Qeyd etməliyəm ki, Ermənistan cəmiyyəti emosional olaraq həmin bufer zona deyilən ərazilərdən daha çox Dağlıq Qarabağa həssasdır. Azərbaycanın o dəhlizi hərbi vasitələrlə bağlaması bir tərəfdən ona üstünlüklər qazandıra bilər, amma o biri tərəfdən də Ermənistanda millətçiliyi körükləyə və sonsuza qədər döyüşməyə canatım yarada bilər. Hesab edirəm ki, bu hal eyni zamanda da Azərbaycanın Dağlıq Qarabağdakı hazırkı hərəkətlərini beynəlxalq dəstəkdən məhrum edərdi”.
Paul Goble hesab edir ki, sərhədlərin toxunulmazlığı məsələsində beynəlxalq ictimaiyyət əsasən Azərbaycanı dəstəkləyir. Beynəlxalq qurumlar da əsasən o fikirdədir ki, öz müqəddəratını təyinetmə sərhədlərin toxunulmazlığı çərçivəsində həll edilməlidir. Bu mənada Paul Goble düşünür ki, Laçın dəhlizinin kəsilməsi Azərbaycanı sərhədlərin toxunulmazlığı prinsipində dəstəkdən böyük ölçüdə məhrum edə bilər:
“Hazırda Azərbaycan özünü danışıqlar üçün üstün mövqeyə gətirib. Bu da ona görədir ki, hərbi əməliyyatlar yeni reallıqlar yaradıb. Ümid edirəm ki, bu müharibə başa çata bilər. Amma həm də gərək o şəkildə başa çatsın ki, gələcəkdə bir də alovlanmasın. Bu münaqişədə ilişib qalmaq regionu xarici güclərin – Rusiyanın, Türkiyənin, İranın maraqlarının oynanıldığı məkana çevirə bilər, bu da nə Azərbaycan, nə də erməni xalqının maraqlarına uyğun deyil.”
Paul Goble-ın fikrincə, Cənubi Qafqazda davamlı sabitlik yalnız aşağıdakı hallardan birində əldə oluna bilər: ya tərəflərdən biri hərbi cəhətdən elə bir qələbə qazanmalıdır ki, digər tərəfin onun hərbi qələbəsini qəbul etməkdən başqa çarəsi qalmasın, ya da tərəflərin hər biri qarşılıqlı anlaşma ilə ortaq dil tapıb razılaşmaya getsinlər:
“Mən illər öncə ərazi mübadiləsi təklif etmişdim. Yəni, Laçının Qarabağa dəhliz kimi Ermənistana, Zəngəzurun isə Naxçıvana dəhliz kimi Azərbaycana verilməsini təklif etmişdim. Hələ də düşünürəm ki, 30 il əvvəl o yaxşı bir ideya idi. Amma indi düşünürəm ki, ən yaxşı yol budur: Azərbaycan özünün bütün ərazisində, o cümlədən Dağlıq Qarabağda effektiv suverenliyini bərpa edir. Eyni zamanda, Azərbaycan öhdəlik götürür ki, Xəzər dənizi ilə Avropanı birləşdirən Şərq-Qərb ticarət yolunun Ermənistan ərazisindən keçməklə Türkiyəyə çıxışını təmin etməlidir. Beləliklə Ermənistanın iqtisadi faydaları olmalıdır”.
Paul Goble düşünür ki, bu yol Ermənistan əhalisi üçün də cəbledici ola bilər. Eyni zamanda da azərbaycanlılar üçün Qarabağın geri qaytarılması cəlbedicidir.
Onun fikrincə, hazırda xarici güclərin bölgədəki iştirakı o səviyyədədir ki, tərəflərin birinin yekun, həlledici hərbi qələbəsi o qədər də inandırıcı görünmür. Ona görə də ikinci variant, yəni Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünün bərqərar olması, əvəzində Ermənistanın iqtisadi layihələrə cəlb edilməsi ən yaxşı çıxış yolu kimi görünür.
araz.az xəbər portalı.