İşğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub. “Yeni Sabah” bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirək ki, fosforlu silahlardan istifadə qadağan edilib. Qadağan edildiyi üçün bu sinifə aid heç bir silahdan Azərbaycan istifadə etmir. Ağ fosfor tərkibli silahlardan ermənilər daha əvvəl də istifadə edib. Bu 2016-cı ildə baş verib.
Bəs dosforlu silah nədir, niyə təhlükəlidir və nə üçün qadağan edilib? Bu silahların əsas tərkibi, gücü və qorxulu tərəfi ağ fosfordur.
Fosfor D.İ. Mendeleyevin elementlərin dövri sistemində 15-ci elementdir. Fosforun təbiətdə 3 allotropik modifikasiyası bilinməkdədir. Ağ, qara və qırmızı fosfor. Ağ fosfor zəhərlidir. Onu qızdırdıqda qırmızı fosfora çevrilir. Qırmızı fosfor kükürd və şüşə qırıntıları ilə birlikdə kibrit istehsalında istifadə olunur. Bombalarda isə ağ fosfordan istifadə edilir. Ağ fosfor atmosferdəki oksigen ilə birləşdikdə yanğın əmələ gəlir və bu zaman istilik min dərəcəni keçir. Yanğın ağ tüstü ilə müşahidə edilir və fosforun və ya oksigenlə təmasın bitməsinə qədər davam edir. Ağ fosforun 0,05 qramı yetərlidir ki, insanı öldürsün.
Bu kimyəvi silah insan orqaniziminə daxil olan kimi tez həll olur. Mədə-bağırsaq sisiteminin fəaliyyətini dərhal sıradan çıxarır, ürək sisteminin fəaliyyətinə güclü təsir edir və insanda halsızlıq, tənginəfəslik yaradır. Bu, təkcə fosfor məzmunlu bombaların tüstüsünün insanlara etdiyi təsirdir.
Xatırladaq ki, fosfor təyinatlı silahın istifadəsi düşmənin canlı qüvvəsinin gizləndiyi hər hansı bir hərbi obyektdən çıxarılması üçün istifadə edilir. Belə ki, tüstü və tərkibində güclü yanğın nəticəsində düşmənin canlı qüvvəsi gizləndiyi ərazidən çıxmağa məcbur qalır.
Ağ fosforlu bombalardan istifadə zamanı dinc əhali arasında tələfat riski böyükdür. Həmçinin fosforlu bombaların təsirindən yaralananları xilas etmək çətin olur. Onların bədənlərində ağ fosforun təsirindən əmələ gələn yanıqlar dərinin soyulmasına və dəhşətli yaralara yol açır.
Bundan başqa bu cür mərmilərin qəlpələri insanların bədənində dəhşətli yanıqlar əmələ gətirir. Mərminin qəlpələri hətta suda belə sönmür. Belə mərmilərin partlayışı nəticəsində insan bədəninin dərisi öz-özünə soyulur, yaralıları müalicə etmək isə mümkün olmur.
Bu silahın istifadə edilməsinin qadağan edilməsi ilə bağlı müxtəlif beynəlxalq sənədlər qəbul edilib. İlk olaraq 1868-ci ildə Sankt-Peterburq deklarasiyası qəbul edilib. Budan başqa 1949-cu il müharibəsi qurbanlarının qorunması haqqında Cenevrə konvensiyaları və 1977-ci ildə onlara qəbul edilmiş əlavə protokollar, “Adi silahların konkret növləri haqqında konvensiyaya” III protokol (1980) (Həddən artıq ziyan vuran hesab edilə bilən və ya qeyri-seçim hərəkətinə malik adi sliahların konkret növlərinin tətbiqinin qadağan edilməsi və ya məhdudiyyət qoyulması barədə konvensiya) var.
Sənədlərdə qeyd olunub ki, istənilən şəraitdə mülki əhaliyə olmaq etibarı ilə ayrı-ayrı mülki şəxslərə və ya mülki obyektlərə yandırıcı silahdan tətbiq etməklə hücum qadağan edilir. Yandırıcı silahın, xüsusilə ağ fosfor və digər maddələrlə istifadəsinin nə olduğunu başa düşmək üçün bu silahın istifadəsi nəticəsində alınmış yaraların fotolarına baxmaq kifayət edir.
araz.az xəbər portalı.