Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ünvanına məktublar gəlməyə davam edir.
araz.az məktublardan bir neçəsini təqdim edir:
Əzizağa Əliyev və başqalarından, Bişkek, Qırğızıstan
“Çox hörmətli Prezidentimiz.
Qırğızıstan azərbaycanlılarının “AZƏRİ” İctimai Birliyi Azərbaycan Dövlətinin və onun başçısının yanında olduğunu bir daha bəyan edir.
Dağlıq Qarabağda işğal altında olan yaşayış məntəqələrimizin işğalçılardan azad edilməsi uğrunda Azərbaycan Ordusunun keçirdiyi təmizləmə əməliyyatını alqışlayır və Qırğızıstandakı cəmiyyətimizlə birlikdə silahlı qüvvələrimizin yanında olduğumuzu bildiririk.
Başqa bir ölkənin vətəndaşı olsaq da, Ana Vətənimiz üçün hər cür fədakarlığa hazır olduğumuzu bildirməkdən şərəf duyuruq.
Biz keçən əsrin 1929-1937-ci illərində Azərbaycandan Orta Asiyaya sürgün olunan ata-babalarımızın indiki nəslinin nümayəndələri olaraq daim tarixi vətənimiz Azərbaycanda gedən dəyişiklikləri, ictimai-siyasi prosesləri, mədəni-quruculuq işlərini diqqətlə izləmiş, uğurlarına sevinmişik.
Möhtərəm Prezident, tarixi torpaqlarımızın, yaşayış məntəqələrimizin bir-birinin ardınca aparılan uğurlu döyüş əməliyyatları nəticəsində mənfur düşmənlərimizdən təmizlənməsi hamımızda ruh yüksəkliyi yaratmışdır. Ali Baş Komandan və Prezidentimiz kimi hər cür əmrinizə hazırıq. Təki Vətənimizin işğal altında olan torpaqları düşmənlərimizdən azad olunsun. Xaricdə yaşayan azərbaycanlılar olaraq Vətənimiz Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün görülən işlərdən qürur duyuruq.
Allah ordumuza bu şərəfli mübarizədə uğurlar nəsib eləsin!
Respublika Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı olaraq Siz ümummilli lider Heydər Əliyevin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” tövsiyələrinə sadiq qaldınız.
Təsadüfi deyildir ki, Çingiz Aytmatov Bakıdakı yubileyində Sizinlə görüşməkdən çox təsirləndiyini qeyd edərək, “Azərbaycanın lideri yalnız yetkin bir dövlət xadimi deyil, həm də böyük bir ziyalıdır” demişdir.
Qeyd etdiyimiz bu keyfiyyətlər bu gün Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılmasını təmin etmək üçün göstərdiyiniz şücaətin, müdrikliyin nəticəsidir.
Müxtəlif mediaya və televiziya kanallarına müsahibələr verərkən səsinizin ahəngi belə işğalçılara qarşı mübarizədə qələbənin ahəngi anlamına gəlir.
Ona görə də xalqımız da, vətəndən kənarda yaşayan biz azərbaycanlılar da Azərbaycanın işğal olunmuş ərazilərinin tezliklə Sizin rəhbərliyiniz altında azad olunacağına və ərazi bütövlüyümüzün qeyd-şərtsiz təmin edəcəyinizə qəti inanır, həsrətlə Qələbə gününü gözləyirik.
Hörmətli Prezidentimiz, Azərbaycanın bu haqlı, ədalətli mübarizəsi yolunda Sizə möhkəm cansağlığı və uğurlar diləyirik”.
Xeyrulla İbadovdan, İvanovo, Rusiya
“Hörmətli cənab Prezident!
Mən Cəlilabad rayonunun Kürdlər kənd sakiniyəm. Hazırda Rusiya Federasiyasının İvanovo şəhərində yaşayıram. Amma inanın ki, qəlbim, ürəyim həmişə Azərbaycanla döyünür. Mən və bütün ailə üzvlərim Sizinlə qürur duyuruq. Bu gün Siz şanlı tarix yazırsınız.
Mən bütün qəlbimlə inanıram ki biz zəfər çalacağıq. Bütün dualarımız Sizinlə və igid əsgərlərimizlədir. Mənim kiçik qardaşım da hərbçidir və ön cəbhədə vuruşur. Qardaşımla və qüdrətli Ordumuzla fəxr edirəm.
Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!
Yaşasın Azərbaycan xalqı!”
Ulduzə Əliyevadan, İstanbul, Türkiyə
“Cənab İlham Əliyev.
Bu məktubu Sizə şəxsən öz adımdan, eləcə də İstanbul Universitetindəki məsləkdaşlarım adından yazıram.
Artıq bir aydır ki, ölkəmizdə Vətən Müharibəsi gedir.
Hörmətli cənab Prezident, Siz Vətənimizin 30 il işğalda olmuş torpaqlarını azad etməklə öz adınızı Azərbaycan dövlətçilik tarixinə qızıl hərflərlə yazırsınız.
Sizin qələbə müjdəli çıxışlarınızı Türkiyənin sadə vətəndaşından tutmuş professoruna qədər bütün təbəqələri maraqla izləyir, Sizi və Azərbaycanı qəlbən dəstəkləyirlər.
Dünyanın məşhur telekanallarının provokasiyalı jurnalistlərinə rus və ingilis dillərində verdiyiniz gözəl və diplomatik müsahibələrinizi heyranlıqla izləyirik.
Ümid edirik ki, rəhbərlik etdiyiniz rəşadətli Azərbaycan Ordusu tez bir zamanda Xocalını da erməni işğalçılarından azad edər, həm Xocalı şəhidlərinin, həm də Xocalı həqiqətlərini dünyaya göstərmək üçün şəhid olan qəhrəman jurnalist Çingiz Mustafayevin ruhu şad olar.
Tezliklə Xocalı, Şuşa, Laçın, Xankəndidən qələbə xəbərlərini gözləyirik.
Mən əslən qarabağlı olmasam da, hər dəfə hansısa bölgəmizin işğaldan azad olunduğunu eşidəndə gözlərimdən sevinc göz yaşları axır. Təsəvvür edirəm ki, həmin bölgənin insanlarının sevincinin həddi-hüdudu yerə-göyə sığmır.
Bütün bu inanılmaz sevincləri bizə yaşatdığınıza görə Sizə təşəkkür edirəm”.
Ağa Ağayevdən, Köln, Almaniya
“Müzəffər Ali Baş Komandan.
Rəşadətli Azərbaycan Ordusu Sizin rəhbərliyiniz altında uğurlu döyüş əməliyyatları keçirərək qısa vaxt ərzində böyük uğurlara nail olmuşdur. Çox böyük ruh yüksəkliyi ilə aparılan uğurlu döyüş əməliyyatları öz nəticəsini verməkdədir. Bu, Azərbaycan xalqı üçün Vətən müharibəsidir.
Siz öz xalqınıza arxalanaraq qətiyyətli və lazımi qərarlar verməklə qələbəni təmin edirsiniz. Bu hadisələr “El bir olsa dağ oynadar yerindən” kəlamını bir daha sübut edir. Torpaqları azad etməyin və xəstə təfəkkürə malik olan ermənilərin təcavüzünə son qoymağın əsl zamanıdır. Səbrin də bir həddi var. Dünyanın bir çox dövlətlərinin erməniləri müdafiə etmələrinə baxmayaraq təcavüzkar Ermənistan öz layiqli cavabını alır. Şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz işğaldan azad olunduqca, xalqımızın birliyi daha da möhkəmlənir. Qürur duyuruq. Azərbaycan xalqının möhtəşəmliyi bir daha özünə qayıdır. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı əsgərlərimizə isə şəfa versin.
Mən əslən Füzuli şəhərindənəm. Bu gün Qarabağın bütün kənd və qəsəbələri, şəhərləri mənim üçün eynidir. Çünki Qarabağ Azərbaycandır! Bu möhtəşəm sözü tarixin şanlı səhifəsinə qızıl hərflərlə yazan Ali Baş Komandan, möhtərəm İlham Əliyev xalqımızın əsl Sərkərdəsidir. Xalq öz Sərkərdəsinə arxalanaraq, ölümün gözünə dik baxa-baxa qələbələr qazanır.
Zəkası və qətiyyəti ilə dünyanı özünə heyran edən Ali Baş Komandan, Allah Sizi və Ordumuzu qorusun. Xalq həmişə Sizinlədir.
Sağ ol Prezidentim mənim.
Var ol Komandanım mənim.
Hər an xalqın qəlbində,
Dağ ol Prezidentim mənim.
Dünyanın harasında yaşamağından asılı olmayaraq, hər birimizin bir Vətəni var – Azərbaycan!”
Tacəddin Mirzəyevdən, Saatlı, Azərbaycan
“Hörmətli Prezident.
Siz dünya siyasətinin böyük simalarından biri, həmişəyaşar, ulu öndər Heydər Əliyevin layiqli davamçısısınız. Siz bu müharibə də heç bir dövlətin köməyindən istifadə etmədən, yalnız öz uzaqgörən siyasətinizə və rəhbərlik etdiyiniz Azərbaycan Ordusuna arxalandınız. Tezliklə güclü Ordumuzdan tam Qələbə müjdəsini də alarıq. Siz bu Qələbədən sonra ölkəmizin əbədi Prezidenti olacaqsınız. Dünya liderlərinə yaltaqlıq edən Paşinyan isə yarıtmaz siyasət yürütməklə özünü və ölkəsini günü-gündən uçuruma apararaq daha da gülünc vəziyyətə salıb.
Allah Sizi və əsgərlərimizi qorusun! Biz ilhamı Sizdən alırıq, biz Sizinlə nəfəs alırıq!
Eşq olsun Prezidentimizə! Eşq olsun Ordumuzun qəhrəman əsgərlərinə!
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
İlkin Kərimovdan, Tərtər, Azərbaycan
“Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
Ölkəmizin müdafiəsi və dövlətimizin ərazi bütövlüyünün bərpası üçün atdığınız addımlar çox təqdirəlayiqdir. Mən bir Azərbaycan vətəndaşı kimi fəxr edirəm ki, Sizin kimi xalqını, Vətənini sevən və qoruyan Ali Baş Komandanımız, dünyaya öz sözünü deyən Prezidentimiz var.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan döyüşlərə qatılmaq üçün Sizin əmrinizi gözləyən minlərlə vətəndaşdan biri də mənəm. Baxmayaraq ki, səhhətimdə müəyyən problemlər var, bir tərtərli kimi hər an əmrinizə müntəzirəm.
Cənab Prezident, müzəffər Azərbaycan Ordusunun göstərdiyi şücaət nəticəsində işğaldan azad olunmuş ərazilərimizin videogörüntülərini izləyərkən çox duyğulanıram. Bu yaxınlarda Suqovuşan kəndinin görüntülərini görərkən göz yaşlarımı saxlaya bilmədim. Bu duyğularımı, keçirdiyim hissləri yazdığım cümlələrlə ifadə edə bilmirəm. Bu cür gözəlliyə malik olan torpaqlarımızda erməni daşnakları yaşadığına otuz ildir necə dözmüşük!? Suqovuşanı görərkən içimdə belə bir istək yarandı ki, kaş mən də bu kəndin sakini olaydım. İnşallah, bu istəyimin reallaşacağı arzusu ilə, Sizə və şanlı Ordumuza yeni uğurlar arzulayıram!
Qarabağ Azərbaycandır!”
Talıb Əliyevdən, Oğuz, Azərbaycan
“Xalqımızın yüksək sevgi və hörmətini qazanmış əziz Prezidentimiz İlham Heydər oğlu Əliyev.
Sizin rəhbərlik etdiyiniz ölkənin vətəndaşı olmaqdan qürur duyuruq. Ölkəmizin şanlı tarixinə böyük qələbələr yazan Ali Baş Komandan kimi, Sizə qəlbimdən gələn ən ülvi istəklərimi çatdırıram.
Torpaqlarımızın azadlığı uğrunda həlak olmuş bir şəhid atası kimi inanıram ki, övladlarımızın qanı yerdə qalmayacaq, qisasları alınacaq.
Sizə Uca Allahdan cansağlığı, işlərinizdə uğurlar arzulayıram.
Sizin bütün fəaliyyətiniz hər bir azərbaycanlının xoşbəxt və firavan gələcəyinə hesablanıb. Allah bu müqəddəs işinizdə Sizə yar olsun!”
Afaq Hüseynovadan, Goranboy, Azərbaycan
“Hörmətli cənab Ali Baş Komandan!
Əvvəla Sizi və qüdrətli Ordumuzu salamlayıram. Mən Aprel döyüşlərində şəhid olmuş Bəxtiyar Hüseynovun anası olaraq Sizə təşəkkür məktubu yazmağı özümə borc bildim. Hər gün ailəmlə birlikdə televiziya qarşısında oturub səbirsizliklə Sizin bizə verəcəyiniz müjdəli xəbərləri gözləyirik. Sizin çıxışlarınızdan hər birimiz böyük zövq alırıq. Elimizin, obamızın insanlarının bu gün bir yumruq kimi Sizin ətrafınızda birləşməsi təsadüfi deyil. Bu Sizin illərdir apardığınız daxili və xarici siyasətin müsbət nəticəsidir.
Cənab Ali Baş Komandan, mən bu gün şəhid anası olaraq fəxr edirəm ki, bizim Sizin kimi bir dövlət başçımız var. Allah Sizi və Ordumuzu müzəffər etsin. Şəhidlərimizin ruhu şad olsun.
“Torpaq əgər uğrunda ölən varsa Vətəndir”.
Qarabağ Azərbaycandır və bütün Qarabağın işğaldan azad olunmasını səbirsizliklə gözləyirik”.
Ürfan Zamanovadan, Şəki, Azərbaycan
“Hörmətli Prezident.
Sizin müdrik rəhbərliyinizlə rəşadətli, şanlı Ordumuzun düşmən tapdağı olan torpaqlarımızı mənfur düşməndən qarış-qarış azad etdiyini, ərazi bütövlüyümüzün bərpa olunduğunu gördükcə sevincimizin həddi-hüdudu olmur. Hər gün şad xəbərlər eşidirik. Bu sevinc dolu hissləri bizə yaşatdığınıza görə Sizə və Ordumuza böyük minnətdarlığımızı bildiririk. Allah Sizi və Ordumuzu qorusun.
Yaşasın azad və müstəqil Azərbaycan!
Qarabağ Azərbaycandır!”
Əli Həmidovdan, Bakı, Azərbaycan
“Hörmətli Prezidentim, cənab Ali Baş Komandan!
Sizi Cəbrayıl rayonunun 3 saylı orta məktəbinin 4-cü sinif şagirdləri və şəxsən öz adımdan salamlayıram. Mənim 10 yaşım var. 8 ildən sonra Azərbaycan əsgəri adına layiq olacağam.
Dünyada Sizin kimi Prezident yoxdur. Hamımız fəxr edirik ki, Sizin kimi rəhbərimiz var. Sizi çox sevirik.
Cənab Prezident, Siz Paşinyanın heç bir zənginə cavab verməyin, o, Sizdən müharibəni dayandırmağı xahiş edəcək. Qəti qələbəyədək davam edin.
Sizə və Ordumuzun bütün əsgərlərinə cansağlığı və böyük uğurlar arzulayırıq.
Qələbə bizimdir, Qarabağ Azərbaycandır!”
Ümbül Əliyevadan, Quba, Azərbaycan
“Hörmətli cənab Prezident,
Mən Quba şəhərində yaşasam da, hər bir azərbaycanlı kimi, Qarabağın hər qarışının azad olunmasına son dərəcə sevinirəm və cəbhədə qazandığımız uğurlara görə Sizə öz minnətdarlığımı bildirirəm. Biz Sizinlə fəxr edirik, cənab Ali Baş Komandan. Siz Azərbaycanın görən gözü, döyünən ürəyisiniz.
İnanırıq ki, çox tezliklə üçrəngli Bayrağımız işğal altında olan bütün torpaqlarımızda dalğalanacaq və şəhid balalarımızın intiqamı alınacaq, İnşallah. Şəhid anaları da bununla təskinlik tapacaq, sevinc göz yaşları tökəcəklər.
Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!”
Emil Maqsudovdan, Bakı, Azərbaycan
“Hörmətli Prezident!
Sizə ailəm və şəxsən öz adımdan dərin minnətdarlığımızı bildirir, torpaqlarımızın erməni işğalçılarından azad edilməsində göstərdiyiniz səylərinizdə uğurlar diləyirik. Sizin kimi müdrik, qüdrətli Ali Baş Komandanımız və rəşadətli Ordumuz olduğu üçün çox xoşbəxtik, Sizlərlə qürur duyuruq. Uca Allahdan Sizə və komandanlıq etdiyiniz Ordumuza güc-qüvvət və xalqımıza Qələbə sevinci arzulayıram.
Qarabağ Azərbaycandır!”
Şəfahət Cəfərovdan, Göygöl, Azərbaycan
“Müzəffər Ali Baş Komandan.
Bir əsgər ailəsi kimi Sizinlə və Ordumuzla fəxr edirik. Fəxr edirik ki, bizim güclü Liderimiz və qüdrətli Ordumuz var. Bu haqq işinizdə Sizlərə böyük uğurlar arzulayırıq.
İnanırıq ki, uzun illərdir doğma yurd-yuvasından didərgin düşmüş 1 milyon məcburi köçkün Sizin və rəşadətli Ordumuzun hünəri sayəsində öz torpaqlarına qayıdacaq və daha firavan həyat yaşayacaqlar.
Allah bu şərəfli yolda Sizə və bütün əsgərlərimizə yardımçı olsun!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Elgiz Aslanovdan, Mingəçevir, Azərbaycan
“Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunması sevincini bizə yaşatdığınız üçün bir vətəndaş kimi həm Sizə, həm də Azərbaycan Ordusuna böyük minnətdarlığımı bildirirəm.
Tarixi torpağımız olan Qarabağın düşmən işğalından tam azad olunması uğrunda apardığınız haqlı mübarizədə Azərbaycan əsgəri kimi əmrinizdəyəm.
Allah Sizi, ordumuzu və xalqımızı qorusun, böyük Sərkərdə!”
İsmət Yusubovdan, Şamaxı, Azərbaycan
“Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
Mən Qərbi Azərbaycandanam. Ermənistandakı tarixi yurdlarımızdan qovulduqdan sonra, 30 ildən artıqdır ki, Azərbaycanda yaşayıram. Tarixdə 10 “Qarabağnamə” yazılmışdır, Siz 11-ci “Qarabağnamə”ni yazırsınız.
Siyasi diplomat, natiq, vətənpərvər Lider olduğunuz üçün Sizə təşəkkür edirəm. Sizin müdrik siyasətiniz sayəsində erməni mifi dağıdıldı, işğal olunmuş Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarında üçrəngli bayraqlarımız dalğalandırıldı.
Sizə və qəhrəman əsgərlərimizə ailəm və öz adımdan minnətdarlığımı bildirirəm. Allah Sizlərə bu şərəfli işinizdə yardımçı olsun!
Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!”
araz.az
araz.az xəbər portalı.