1519800413_ramil-usubov-2.jpg


 Asif Mərzili: «Cənab nazir, peşə fəaliyyətimlə bağlı mənzilimin və avtomobilimin yandırılmasının 2 ili tamam olur, lakin istintaq hələ də məlum olan sifarişçiləri dindirmək istəmir…» 

«Nə qədər ki, mənə vurulmuş külli miqdarda maddi və mənəvi ziyan müstəntiq Nizami Əbilovun maaşından ödətdirilməyib, bu cinayət işinin istintaqı illərlə uzanacaq…»
Xəbər verildiyi kimi, 2016-cı ilin martın 13-dən 14-ə keçən gecə Bakının mərkəzində «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzilinin mənzili, 2016-cı ilin iyulun 9-da isə yenə də həmin ünvanda jurnalistin şəxsi avtomobili naməlum şəxslər tərəfindən benzin tökülərək qəsdən yandırılmışdır. Hadisənin ağırlıq dərəcəsi nəzərə alınaraq daxili işlrər naziri Ramil Usubovun göstərişi ilə cinayət işi nəzarətə götürülmüş, Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılmış, sonra Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinin icraatına qəbul edilmişdir (160110484 saylı cinayət işi, xüsusilə mühüm işlər müstəntiqi Nizami Əbilov). Sonra cinayət hadisəsinin üstünün dərhal açılması üçün əməliyyat-istintaq qrupu yaradılmışdır. Jurnalist istintaqın qərarı ilə zərərçəkmiş kimi tanınmışdır. Artıq həmin cinayət hadisəsinin baş verməsinin 2 ili tamam olur, lakin hələ də cinayətkarlar məsuliyyətə cəlb edilməmişdir. Niyə, səbəb nədir?
Onu da qeyd edək ki, baş vermiş bu cinayət hadisəsinin üstünün hələ də açılmaması ilə bağlı ölkənin nüfuzlu şxsləri, tanınmış ziyalılar bir neçə dəfə DİN rəhbərliyinə və istintaq orqanına KİV vasitəsilə müraciət edib, jurnalistə qarşı törədilmiş bu cinayət işinin üstünün tezliklə açılması üçün nazir Ramil Usubovdan lazımi tapşırıq verməsini xahiş etmişlər.
Zərərçəkən jurnalist-baş redaktor daxili işlər naziri cənab Ramil Usubova yenidən müraciət edib Aşağıda təqdim edirik:

Çox hörmətli cənab nazir!
Bildiyiniz kimi, peşə fəaliyyətimlə bağlı 2016-cı ilin martın 13-dən 14-ə keçən gecə mənzilim, 2016-cı ilin iyulun 9-da isə şəxsi avtomobilim eyni gecə saat 03:20 radələrində benzin tökülərək qəsdən yandırılmışdır. Minnətdaram ki, Siz anoloqu olmayan cinayət hadisələrinin istintaqını ağırlıq dərəcəsini nəzərə alaraq dərhal şəxsi nəzarətinizə götürdünüz, aidiyyəti üzrə tapşırıqlarınızı verdiniz. 
Lakin təəssüflə bildirirəm ki, kifayət qədər maddi sübutlar olsa da və bu cinayət hadisəsinin törədilməsində sifarişçi olan şəxslər barədə lazımi məlumat və mötəbər sübutları təqdim etsəm də, ötən 2 il müddətində istintaqın gedişində heç bir müsbət irəliləyiş olmamışdır. Əməliyyat-istintaq qrupunun səyləri ilə müstəntiqin atdığı prosessual hərəkətlərin ötən 2 ildəki nəticəsi nəinki qaneedici deyildir, əksinə, hər iki cinayət hadisələrinin törədilməsindən az sonra cəzasız qalmış sifarişçilər 3-cü dəfə isə məni və redaksiya əməkdaşlarını benzin tökərək yandıracaqları hədələrini açıq şəkildə bəyan etmişlər. Belə ki, həmin sifarişçilər rəhbəri olduğum qəzetin elektron poçtuna hədələyici məktub göndərmişlər, mən həmin məktubu istintaqa təqdim etmiş, onun kimlər tərəfindən göndərildiyini təsdiqləyən sübutları həm əməliyyat-istintaq qrupuna, həm də xüsusilə mühüm işlər müstəntiqi Nizami Əbilova təqdim etmişəm. Yenə də heç bir nəticə yoxdur. Dəflərlə müstəntiqdən baş vermiş cinayət hadisələrinin sifarişçiləri kimi şübhələrimə kifayət qədər maddi sübutlu əsaslar olan şəxslərin dindirilməsini xahiş etsəm də, müstəntiq bu işi 2 ildir uzadır. Niyə? Məqsəd nədir? Redaksiya əməkdaşları nə vaxta kimi qorxu və həyəcan içində qalacaqlar? Müstəntiq başa düşmürmü ki, hazırda ictimai rəy belədir: əgər Beynəlxalq jurnalist təşkilatlarının tanıdığı, Azərbaycanda yetərincə nüfuzu olan müstəqil bir qəzetin rəhbərinin başına gətirilən iki cinayət hadisəsinin üstü 2 ildir açılmırsa, gör onda sadə vətəndaşların vəziyyəti necədir??? Müstəntiq niyə cəmiyyətdə belə bir rəyin formalaşmasında maraqlıdır? 
Cənab nazir!
Güman edirəm ki, bu cinayət hadisələrinin üstünün dərhal açılmasının qəsdən yubadılmasında maraqlı olan qüvvələr vardır. Çünki bu ilin aprelin 11-də ölkəmizdə növbədənkənar Prezident seçkiləri keçiriləcək. Təbii ki, bir çox xarici ölkələrin seçki müşahidəçiləri ölkəmizdə olacaq, bu siyasi hadisəni diqqətlə izləyəcəklər. Məlum olan budur ki, adətən seçki proseslərinin nəticələrini qəsdən şübhə altına almaq istəyən bəzi beynəlxalq təşkilatlar Azərbaycanda insan haqlarının pozulmasını və xüsusən də jurnalistlərə qarşı edilən təzyiqləri, basqıları önə çəkir, bəhanə edirlər. Düşünürəm, yuxarıda qeyd etdiyim və peşə fəaliyyətimlə bağlı törədilmiş cinayət hadisələrinin istintaqının uzadılmasında maraqlı olan qüvvələrin də istəkləri budur ki, bu qədər mötəbər maddi sübutlar olduğu halda, açılmayan cinayət işinin gedişindən bezərək mən və redaksiya əməkdaşları Beynəlxalq qurumlara müraciət edərək kömək istəyək. Mən artıq 2 ili tamam olan məlum cinayət işinin istintaqının bu qədər uzadılmasında başqa səbəb görmürəm. Müstəntiq Nizami Əbilovdan hər dəfə vəziyyəti və ona yuxarı rəhbərliyin verdiyi konkret tapşırıqları niyə yerinə yetirməməsinin səbəbini soruşduqda «And olsun Allaha, çalışırıq…» deməkdən başqa sözü olmur. 
Cənab nazir!
Hesab edirəm, nə qədər ki, mənə vurulmuş külli miqdarda maddi və mənəvi ziyan müstəntiq Nizami Əbilovun maaşından ödətdirilməyib, bu cinayət işinin istintaqı illərlə uzanacaq. Çünki əvvəlcə mənzilimi benzin tökərək yandırmağı sifariş verənlər müstəntiqin hərəkətsizliyini və özlərinin cəzasızlığını görərək bir neçə ay sonra şəxsi avtomobilimi benzin tökərək yandırdılar. Düşünürəm ki, müstəntiqin hərəkətsizliyi və əməliyyat-istintaq qrupunun hələ də lazımi hüquqi nəticəyə gələ bilməməsi onu deməyə əsas verir ki, redaksiyaya bu dəfə bütün əməkdaşlarımızı yandıracaqları hədəsi ilə elektron məktub göndərənlər bu istəklərini də edəcəklər. Bəlkə müstəntiq Nizami Əbilov qarşıdan gələn Prezident seçkiləri ərəfəsində bunların baş verməsini istəyir?!
Cənab nazir!
Güman edirəm ki, bu Sizə edilən sonuncu müraciətimdir. Çünki inanıram ki, mənim və redaksiya əməkdaşlarının vəziyyətini qiymətləndirərək istintaqın artıq hərəkətsizlikdən prosessual hərəkətə keçərək aşkar şəraitdə törədilmiş məlum iki cinayət hadisəsinin üstünün dərhal açılması tezliklə təmin ediləcək.
Dərin hörmətlə:
Asif Mərzili,
«Təzadlar» qəzetinin və eyni adlı saytın rəhbəri

araz.az xəbər portalı.