1604289700 20201102 075716Ss

Ali Baş Komandan düşmənə meydan oxuyur, Ordumuz tarix yazır, Məhərrəm Quliyev ermənilərin vurduğu kəndlərə getmir – polis icra başçısının jurnalistin üstünə göndərdiyi ağzısöyüşlü qadını araşdırır

​Azərbaycanın bir aydan yuxarıdır ki, Vətən müharibəsi apardığı zamanda öz əməllərindən geri qalmayan bəzi məmurlar var.

Bu xüsusda Goranboyun icra başçısı Məhərrəm Quliyev ayrıca diqqəti cəlb edir. Onun gah maxinasiyaları, gah düşmən tərəfindən atəşə tutulan kəndlərin camaatına qarşı laqeydliyi üzə çıxır, gah da bu haqda tənqid yazanları sıxma-boğmaya salmağa, təhdid etməyə çalışır.

Yeri gəlmişkən, M.Quliyevin fəaliyyətindən tənqid yazanlardan biri GundemXeber.az olub və müharibənin şiddətli dövründə icra başçısı atəş altında olan kəndlərə getmək əvəzinə, üstümüzə bir qadın göndərib.

Polis başçıya görə zəngi araşdırır


Bu haqda artıq ətraflı məlumat vermişik və son xəbər ondan ibarətdir ki, saytın baş redaktoru Şirin Cəfəriyə zəng edərək Goranboyun icra başçısına görə onu hədələyən Zeynalova Cəmilə Mərdalı qızı barəsində polis araşdırmalara başlayıb. ​

Ş.Cəfərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra onu telefonda təhdid edən, nalayiq söyüşlərlə təhqir edən C.Zeynalova araşdırılır.

C.Zeynalovanın Goranboy İH tərəfindən öyrədilmiş, təlimatlandırılmış biri olduğu şübhə doğurmur. Heç bir rayon sakini jurnalistə zəng edərək icra başçısının müdafiəsinə qalxmaz, mətbuat adamını söyməz.

Odur ki, bu işlə polis orqanları məşğuldur və oxuculara da agah olsun ki, rayon rəhbəri Məhərrəm Quliyev hansı əməllərin sahibidir. Yəni özünə hörmət edən məmur, bir idarəçi əsla onu tənqid edən mətbuatın üstünə hansısa ağzısöyüşlü qadını göndərməz.
Əvvəla, bu, köhnə üslubdur, vaxtikən ən rüşvətxor kiçik rütbəli məmurlar belə uğursuz metodlara əl atırdı, zəng etdirir, təhdid yağdırırdı.
İkincisi, heç bir KİV məmurun düşməni deyil. Düşmən varsa, o da ermənidir və bu gün rəşadətli Ordumuz Qarabağda, mediamız da informasiya cəbhəsində işğalçılarla mübarizə aparır.
Ona görə M.Quliyev işi bu səviyyəyə endirmək, jurnalisti qadının əli ilə söydürməkdənsə, barəsində səslənən iddialara, tənqidlərə münasibət bildirərdi, Goranboy İH rəsmi açıqlama yayardı. Amma icra başçısı bu yolu seçdi və indi C.Zeynalova ilə bağlı polis araşdırma aparır.

​“Ərdağı” MMC müəmması – Maxinasiyalar…

​GundemXeber.Az məlumat verir ki, Goranboyun icra başçısının fəaliyyəti haqda təkcə hüquq-mühafizə orqanlarının deyil, maliyyə və vergi strukturlarının da təftiş aparmasına ehtiyac var. Eyni zamanda Hesablama Palatası, Baş Prokurorluq Goranboy RİH-də müəmmalı tenderlər işləri barəsində araşdırmalar həyata keçirməlidir.
Yayılan xəbərlərə görə, abadlıq-quruculuq işləri adı ilə maliyyə əməliyyatları aparılarkən bir sıra yeyintilərə yol verildiyi deyilir.
Belə ki, Goranboyun mərkəzində səkilərin yenidən qurulması və işıqlandırma işləri yenidən bərpa edilib. Sakinlərin sözlərinə görə, bu işlərə ehtiyac olmayıb.
Amma İH-nin Ərazi üzrə İcra Nümayəndəliyi “Ərdağı” MMC ilə müqavilə bağlayıb, 217 365 manat məbləğində vəsaiti büdcədən çırpışdırıb.
Ehtiyac yaranmadığı halda səkilər və işıqlandırmaya görə külli miqdarda vəsait ayırıb əldə etmək kimə və nəyə lazımdır?
Bundan qabaq da Goranboy İH “Ərdağı” MMC ilə maliyyə dəyəri 153 787.6 AZN olan müqavilə imzalamışdı. Müqaviləyə əsasən şirkət abadlıq işləri aparmalıdır.​
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Ərdağı” MMC 10 dekabr 1992-ci ildə yaradılıb. Nizamnamə kapitalı 10.6 AZN olan şirkətin hüquqi ünvanı Gəncə şəhərində fəaliyyət göstərən asfalt zavodunda yerləşir. MMC-nin qanuni təmsilçisi isə Məmmədov Nazim Fuad oğludur. Açıq mənbələrdə Nazim Məmmədov barəsində hər hansı məlumat yoxdur.
“Ərdağ” MMC-yə gəlincə, 10 manatlıq şirkət vaxtaşırı iri məbləğli tenderlərin qalibi olur.
Şirkətin Gəncə Şəhər İcra Hakimiyyəti ilə 3 174 710.26 AZN, Göygöl Rayon İcra Hakimiyyəti ilə 859 424.6 AZN dəyərində müqavilə imzalayıb.
Bəzi iddialara görə, şirkət Gəncədəki məmurlardan birinə məxsusdur. Nazim Məmmədov isə MMC-nin formal sahibidir.

Pul silmək atəş altındakı kəndlilərdən üstündü?

​Hərçənd, Goranboyun icra başçısı guya sakinlərin qayğısına qalmaq üçün rayon mərkəzini pul silmək məqsədi ilə təkrar-təkrar təmir etdirməkdənsə, yaxşı olardı ki, tabeçiliyində olan idarə müdirlərini başına yığıb atəşə məruz qalan kəndlərə gedərdi, sakinlərə ürək-dirək verərdi. Əgər Məhərrəm Quliyev atəşə məruz qalan kəndləri tanımırsa, biz tanış edək:
Yuxarı Ağcakənd, Aşağı Ağcakənd, Tap Qaraqoyunlu kəndi, Qaşaltı kəndi, Qaraçinar kəndi, Şəfəq kəndi və rayondan yuxarı bir neçə kəndlər daxil… Amma təəssüflə qeyd edək ki, atışma vaxtı yuxarıda adları çəkilən kəndlərdə olmadı.
27 sentyabrdan həmin döyüş gedən kəndlərdə olsaq da, icra başçısını və tabeçiliyində olanlardan bir kimsəni görə bilməmişik.
Bu tənqidlərimizdən nəticə çıxarmayıb, üzərimizə ağzısöyüşlü qadın göndərən icra başçısına başqa nə deyəsən?! Ölkə başçısı yerlərdəki nümayəndələrinə beləmi tapşırıq verib? Təbii ki, yox!!!
Faktiki müharibə gedən rayonun kəndləri atəşə tutulur, yerli sakinlər düşmən qarşısında mərdi-mərdanə dayanır, ordumuz işğalçı düşmənləri ərazilərimizdən iti qovan kimi qovur, Ali Baş Komandan dünya mediasına çıxıb erməni himayədarlarını mat qoyur, ölkə əhalisini, ictimai-siyasi təşkilatları, milli ordumuzu bir idea ətrafında birləşdirir, amma icra başçısı rayon mərkəzindən kənara çıxmır. İlham Əliyev istər döyüş bölgəsində, istərsə də informasiya məkanında düşmənə yüksək ustalıqla cavab verir, hətta müxalifət onu dəstəkləyir.
Ölkəmizə qarşı düşmənə dəstək vermək üçün taktiki proseslərə qatılan ölkələrin siyasətini darmadağın edir, xalq və cəmiyyət onun yanındadır. Amma Məhərrəm Quliyev bir rayonda insanlara dəstək ola bilmir. Əksinə, tənqidi media rəhbərinə qarşı ağzısöyüşlü qadın göndərir və söydürür. Bu cür eybəcərliyə əl adtmaq yaxşı hal deyil. İcra başçısının nümayəndəsi qismində çıxış edən Zeynalova Cəmilə Mərdalı qızının söyüşlü audio səs yazısını yenidən təqdim edirik:

[bt_youtube url=”https://www.youtube.com/embed/OD14RFS1nqA” width=”560″ height=”310″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

GundemXeber.Az

araz.az xəbər portalı.