22066539393822SS“Dövlətimiz həm informasiya cəbhəsi, həm də səngərlərdə böyük uğurlara nail olub”

İşğalçı Ermənistanla bütün cəbhələrdə, o cümlədən informasiya cəbhəsində mübarizə davam edir.

Moderator.az olaraq Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu ilə söhbətimizdə düşmənə qarşı media müstəvisində aparılan mübarizə, bu mübarizənin ümumi qələbənin əldə edilməsindəki rolu və s. kimi məsələlərə aydınlıq gətirməyə çalışdıq.

-Umud müəllim, bu gün Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ermənilərin Qarabağ həqiqətləri ilə bağlı obyektiv reportajlar hazırlayan beynəlxalq media nümayəndələrinə təzyiqlər göstərdiyini qeyd edib, bunun yolverilməz olduğunu vurğulayıb. Sizcə erməni lobbisinin beynəlxalq media orqanlarına təzyiq göstərmək cəhdi hansı mətləblərdən xəbər verir?

 

-Erməni millətçiliyinin qayəsi, mayası terrorizmdən yoğrulub. Erməni siyasətinin, erməni ideologiyasının arxasında hər zaman terror amili dayanıb. Yəni erməni ideologiyası terrorizm ilə sıx bağlı olub və bu gün də belədir.

Ermənistan döyüş meydanlarında uduzduqca, onun terrorizm siyasəti özünü daha aydın göstərməyə başlayır. Həqiqəti deyən, gerçəkliyi dilə gətirən jurnalistlərə qarşı ermənilər tərəfindən təhdidlər irəli sürülür, həqarətlər səsləndirilir. Fransanın TF1 televiziyasının əməkdaşı  Lizeron Budula qarşı ermənilərin təpgiləri buna nümunədir. Bütövlükdə isə bu kimi faktlar kifayət qədər çoxdur. Rusiyanın özündə belə obyektiv fikir səsləndirən ekspertlər, politoloqlar, hətta adi vətəndaşlar belə ermənilər tərəfindən təzyiqə məruz qalır. Bu təzyiq isə təşkilatlanmış səviyyədə göstərilir. Həmin şəxslərə qarşı yalnız informasiya məkanında deyil, digər müstəvilərdə də addımlar atılır. Fransa televiziyasının yerləşdiyi ofis qarşısında ermənilərin keçirdiyi aksiyalar, səsləndirdikləri şüarlar buna sübutdur.

Ermənilərin obyektiv fikir səsləndirən insanlara, media nümayəndələrinə, ekspertlərə qarşı həyata keçirdiyi addımlar sıradan bir təzyiq deyil. Bu, sözün hər mənasında terrordur. Ermənilər obyektiv fikir səsləndirən jurnalistləri, ekspertləri bu yolla susdurmağa çalışırlar.

-Sizcə erməniləri qıcıqlandıran, onları həqiqəti dilə gətirən hər kəsə qarşı təzyiq və təhdidə sövq edən nədir?

-Məsələ ondadır ki, ermənilər Qarabağ problemi, onun tarixi və gələcəyi ilə bağlı bir mif yaratmışdılar. Hansı ki, bu mifin əsl tarix və reallıqla heç bir əlaqəsi mövcud deyildi. Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları, eləcə də Azərbaycan diplomatiyasının və mediasının apardığı təbliğat nəticəsində bu mif sürətlə dağılmaqdadır. Bu isə erməniləri daha çox qıcıqlandırır və aqressivləşdirir. Ermənilərin son vaxtlar daha çox qeyri-ciddi bəyanatlar səsləndirməsi də məhz bununla əlaqədardır.

Baxın, hərb meydanında məğlub olan ermənilər sadəcə Azərbaycan ordusuna qarşı deyil, həm də guya Türkiyə ordusuna qarşı vuruşduqlarını iddia edir, “Azərbaycan-Türkiyə orduları” ifadələrini işlədirlər. Halbuki, ermənilər çox yaxşı bilir ki, Azərbaycanda bir nəfər də olsun türk əsgəri yoxdur və Azərbaycan ordusu bütün hərbi əməliyyatları öz gücü hesabına həyata keçirir. Lakin onlar əsl həqiqəti bilə-bilə dünya ictyimaiyyətinə yalan məlumatlar verir, müharibə ilə bağlı həqiqətləri köklü şəkildə təhrif etməyə çalışırlar.

Ermənilər 20 min əhalisi olan Şuşanın 1%-ni belə təşkil etməyiblər. Lakin indi – erməni ordusunun darmadağın edildiyi, böyük itkilər verərək geri çəkildiyi bir vaxtda Şuşa ilə bağlı “müqəddəs müharibə” elan edirlər. Hansı ki, qeyd etdiyim kimi, Şuşada “üç cüt bir tək” erməni yaşayıb. Lakin indi Şuşanı erməni şəhəri kimi təqdim etməyə çalışırlar.

-Umud müəllim, Azərbaycanın beynəlxalq media qurumları ilə əməkdaşlığını necə dəyərləndirrisiniz? Sizcə ölkəmiz Vətən Müharibəsinin ilk günündən bu məsələdə lazımi çeviklik və peşəkarlıq ortaya qoya bildimi?

-Döyüşlər başlayan gündən Azərbaycan dövləti beynəlxalq mediaya öz qapılarını açdı. Əslində, bizim qapımız beynəlxalq media üçün hər zaman açıq olub. Müharibə başlayandan sonra isə dövlətimiz beynəlxalq aləmi baş verənlər haqqında obyektiv məlumatlandırmaq üçün bu məsələyə daha çox diqqət göstərməyə başladı.

Dünyanın ən aprıcı media qurumlarının əməkdaşları ölkəmizdədir və onlar baş verən olayları bilavasitə yerlərdə izləyir, həqiqətin kimin tərəfində olduğunu heç bir təsir və təzyiq olmadan özləri müəyyənləşdirirlər. Onlar özləri bu informasiyaları sərbəst şəkildə analiz edərək həqiqətin kimin tərəfində olduğuna qərar verirlər. Uzun illər ərzində ölkəmizlə heç bir əlaqəsi olmayan, heç vaxt Azərbaycana səfər etməyən jurnalistlər ölkəmizə gələndən sonra reallıqlarla tanış olur, Azərbaycanın haqq işi uğrunda mübarizə apardığına, Ermənistanın terrorçu dövlət olduğuna şahid olurlar. Reallıqlar dünya meidasında yer aldıqca isə erməni millətçiləri əsəbləşir, daha çox gərginlik keçirirlər. Bu, erməni diaspor təşkilatlarında çox böyük xəyal qırıqlığı yaradır. Buna görə də onlar bu informasiyaları yayanlara qarşı ən müxtəlif üsul və vasitələrlə təzyiq göstərməyə çalışırlar.

-Vətən Müharibəsinin ilk günlərindən etibarən prezident İlham Əliyevin beynəlxalq media orqanlarına verdiyi müsahibələr bütün dünyada böyük maraqla qarşılanmaqdadır. Sizcə Qarabağla bağlı həqiqətlərin ölkəmizin birinci şəxsinin dilindən səsləndirilməsi, ciddi məntiq və arqumentlərlə əsaslandırılması beynəlxalq ictimai rəyin düzgün məlumatlandırılması, habelə, erməni yalanlarının ifşa edilməsi baxımından nə dərəcədə əhəmiyyətlidir?

 

-Azərbaycan dünya ictimaiyyətini məlumatlandırmaq istiqamətində ciddi işlər görür. Ali Baş Komandanın dünya mediasına bir-birinin ardınca verdiyi müsahibələr bu məsələdə xüsusi rol oynayır. Demək olar ki, hər gün ölkə başçısının beynəlxalq media qurumlarına açıqlamları olur ki, bunlar da dünya ictimai rəyinə təsirsiz ötüşmür. Dünya bu çıxışlar sayəsində əsl reallıqla tanış olur, Azərbaycan-Ermənistan münaqişəsi, Qarabağ müharibəsi və s. haqqında dolğun və obyektiv informasiya alırlar.

Prezident Administrasiyasında da bu işlər uğurlu şəkildə qurulub. Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyəti də olduqca böyük və qürurvericidir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqmaətində Heydər Əliyev Fondu ciddi addımlar atır.

Bizim rəsmilərimiz də bu istiqamətdə mühüm işlər görürlər. Mən xüsusilə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fəaliyyətini qeyd etmək istəyirəm. Çünki həm xarici diplomatların, həm də əcnəbi jurnalistlərin çevik şəkildə məlumatlandırılmasında, erməni terrorunun beynəlxalq müstəvidə ifşa edilməsində onun özünməxsus rolu var. Bu işdə jurnalistlərimiz də yaxından iştirak edir, düşmənə qarşı informasiya məkanında mübarizədə əllərindən gələni əsirgəmirlər.

Hesab edirəm ki, bu gün bizim informasiya cəbhəsindəki mübarizəmiz səngərlərdəki mücadilə ilə həmahəngdir. Hər iki cəbhədə çox ciddi savaş gedir və sevindiricir ki, hər iki cəbhədə kifayət qədər böyük uğurlarımız var. Əminəm ki, bu uğurlar dövlətimizin həlledici qələbəsinə öz töhfəsini verəcək.

 

Seymur ƏLİYEV

araz.az xəbər portalı.