Nazim Cəfərsoy: “Diplomatik terminologiyada “rejim” ifadəsi “status” ifadəsindən daha zəif bir termindir”
Rusiya Prezidenti Vladimir Putin oktybarın 29-da “VTB Kapital” investisiya forumunun iclasındakı çıxışında Dağlıq Qarabağ münaqişəsinə də münasibət bildirib. O, münaqişənin tənzimlənməsinin yalnız tərəflərin maraqlarının balanslaşdırılması ilə mümkün olduğunu deyib: “Hərənin öz həqiqətləri var, burada sadə həll yoxdur, çox çətindir”.
Kreml başçısı Qarabağ nizamlanmasının ilkin mərhələsində hərbi əməliyyatları dayandırıb, masa arasına oturmağın lazım olduğunu söyləyib: “Həmsədr ölkələr də daxil olmaqla, Minsk Qrupu üzvləri, Türkiyə və Avropa ölkələri ilə birgə tərəflər arasında konsesus və maraqlar balansını tapmaq lazımdır. Təəssüf ki, Sovet rəhbərliyi birinci Qarabağ münaqişəsi başlayanda insanların təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyib”.
Digər tərəfdən, Rusiya Prezidenti Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə əlaqədar yaranmış yeni reallığı nəzərə aldığına işarə vurub: “Bizim mövqeyimiz tamamilə açıqdır, biz elə əvvəldən də Qarabağ zonası üçün müəyyən rejimin, Ermənistanla qarşılıqlı əlaqə və s. təmin olunması ilə Azərbaycana 5+2 rayonun qaytarılması mövqeyindən çıxış etmişdik”.
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy AYNA-ya şərhində deyib ki, Putin çıxışının əvvəlində Qarabağla bağlı mövqeyində ciddi bir dəyişiklik olmadığına eyham vurub: “Digər tərəfdən, Putin problemin ortaya çıxması barədə mövzunu Sumqayıtdan başladı. Lakin bu məqam qeyri-obyektivdir, çünki bizə məlumdur ki, hadisə oradan başlamayıb. Ancaq bir əvvəlki açıqlamasında Putin Sumqayıt məsələsini daha ciddi vurğulamışdı. Lakin bu dəfə həmin “vurğu” nisbətən daha yumşaq idi. Yəni, bu dəfə diqqəti cəlb edən məqam Putinin “erməni soyqırımı” ifadəsini işlətməməsi idi. Putinin baxış bucağından baxanda hadisənin başlamasında və davamında “etnik konflikt” vurğusu məncə, yanlış deyil”.
“Putin çıxışı ərzində birmənalı tərəf tutması lazım olduğu halda, 4 məqamda qismən tərəfsiz qaldı. Bunlar, prosesin alovlanmasının günahını SSRİ rəhbərliyinin üstünə atması, Qarabağ ermənilərinin silahlanmasının doğru, yoxsa yanlış olması ilə bağlı suala birmənalı cavab verməməsi, lakin yumşaq ifadələrlə ermənipərəst yanaşması, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyini qəbul edib, ancaq bunu “kontrol etmək” sözləri ilə yumşaltması və bunun yaxşı olub-olmaması ilə bağlı sualı cavabsız qoyması, bir də Azərbaycanın 7 rayonla bağlı bütün tezislərini tərəfsiz bir hakim kimi ifadə etməsi oldu. Sonra da “hərənin öz həqiqəti var” deyərək, yenə tarazlığı qorumağa çalışdı”, – Cəfərsoy bildirib.
Müsahibimiz Rusiyanın məsələnin həllinə dair mövqeyini belə dəyərləndirib: “Putin dedi ki, “Biz ta əvvəldən 5+2 şərtinə və Qarabağın müəyyənləşdirilmiş rejimi, Ermənistan və sonrakı formata razı olmuşuq”. Bununla Putin, əslində, “Madrid prinsipləri”nə diqqət çəkdi. Ancaq mənim diqqətimi cəlb edən maraqlı bir məqam, “Madrid prinsipləri”ndən bəhs edərkən, Putinin “status” məsələsindən danışmaması oldu. “Status” əvəzinə “müəyyənləşdirilmiş rejim” ifadəsini işlətdi. Qeyd edim ki, diplomatik terminologiyada “rejim” ifadəsi “status” ifadəsindən daha zəif bir termindir. Ermənistan tərəfinin “müstəqil dövlət”, “Maddi prinsipləri”nin “status” və Azərbaycan tərəfinin “status olmayacaq” tərzi yanaşmaları fonunda Putinin “rejim” ifadəsi diqqətimi cəlb etdi. Mövcud cəbhə vəziyyəti və Prezident İlham Əliyevin statusun olmayacağına dair mövqeyi nəzərə alındığında, Putinin “status” məsələsindən yan keçməsi və sadəcə “rejim” ifadəsini istifadə etməsi mənə maraqlı gəldi. Yəni, Rusiya da “Madrid prinsipləri”ndəki “status” məsələsinin real olmayacağını düşünməyə başlayıb. Məncə, maraqlı nüansdır və “rejim” termini Rusiya tərəfindən qarşımıza yeni duruma uyğun konsesus termini kimi çıxarıla bilər”.
“Putinin ifadələrində problemin mənbəyi kimi Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ görülür. Bu, bizim arzu etmədiyimiz bir şeydir, ancaq problemin rəsmən “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” olaraq xarakterizə edildiyini xatırlasaq, anormal deyil. Diqqəti cəlb edən başqa bir məqam isə Putinin bu aralar müzakirə mövzusu olan “sülhməramlılar” məsələsinə girməməsi və ümumi ifadədən istifadə etməsidir. Hər halda, məncə, Putin hazırda ən mübahisəli mövzulardan birinə bu mərhələdə girmək və nisbi tərəfsiz ritorikasını pozmaq istəmədi. Çünki bu barədə Putin hər iki tərəfin maraqlarını tarazlamağa çalışıb. Ancaq maraqlıdır ki, Azərbaycan xalqına hörmət bəslədiyini xususilə vurğuladı. Putin bununla çox güman ki, Ermənistana silah satışı və bu silahlarla mülki əhalinin hədəf alınmasının xalqımızda yaratdığı Rusiya əleyhdarlığını yumşaltmağa çalışıb. Ümumilikdə isə Putin həll məsələsində balansı qorumağa çalışdı və tərəfləri gələcəyə baxmağa səslədi”.
Siyasi şərhçi Putinin Türkiyənin prosesdə iştirakına müsbət baxmasına da toxunub: “Putin keçəndəfəki açıqlaması ilə müqayisədə Türkiyənin prosesdə iştirakına daha müsbət baxdığını göstərən mesaj verdi. Ancaq bunu Minsk Qrupunun digər üzvləri konteksində xüsusi bir vurğu olmadan təqdim etməyə çalışdı. Ən əsası isə, Türkiyədən danışarkən, bu dəfə “erməni soyqrımı” ifadəsini işlətmədi. Ümumiyyətlə isə, Putinin Qarabağ prosesində tərəfsiz mövqeyini qoruduğunu demək yanlış olmaz. Yəni, Putinin yeni ifadələri olan “rejim”, “investisiya” və “Türkiyə” mesajları onun yumşalmaya davam etməsinin nümunəsidir”.
araz.az xəbər portalı.