esger rrrAZERBAYCAN

Artıq bir aydan çoxdur ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusu torpaqlarımızın azad olunması uğrunda gedən əks-hücum əməliyyatını böyük qətiyyət və şücaətlə davam etdirir. Ön cəbhədə olduğu kimi, Prezident cənab İlham Əliyev ölkəmizin informasiya cəbhəsində apardığı mübarizəyə də komandanlıq edir.

30 ilə yaxındır kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini Ali Baş Komandanın başçılığı altında icra etməyə başlayan Azərbaycan Ordusu bir-birinin ardınca işğal altında olan kəndləri, şəhərləri azad edir. Bir aydır davam edən döyüşlər ərzində Azərbaycan, demək olar ki, 30 il işğal altında olan ərazisinin əhəmiyyətli hissəsini azad edərək bütün dünyanın diqqətini regiondakı qaynar nöqtəyə yönəldib. Ali Baş Komandan İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi zamanı da faktiki olaraq, işğal olunmuş rayonlardan 5-dən 4-ün artıq ya tamamilə, ya da qismən azad edildiyini bir daha bildirib: “Digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik. Qeyd etdiyim kimi, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik və yeri gəlmişkən, biz artıq əsas prinsiplərin bir hissəsini yerinə yetirmişik. Çünki ATƏT-in Minsk qrupu tərəfindən təklif olunan həll üçün əsas prinsiplər faktiki olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasını tələb edirdi. Əfsuslar olsun ki, Ermənistan könüllü şəkildə bunu etmək istəmirdi, ona görə də biz onları bunu etməyə məcbur etməli olduq”.

Hər müsahibəsində müharibənin əleyhinə olduğumuz üçün bu illər ərzində münaqişənin sülh yolu ilə həllinin tərəfdarı kimi danışıqların uzanmasında səbr göstərdiyimizi xüsusilə qeyd edən Ali Baş Komandan, vasitəçi dövlətlərin və öhdəçilik daşıyan beynəlxalq təşkilatların bu prosesdə qeyri-fəallıq nümayiş etdirdikləri səbəbindən Dağlıq Qarabağın işğaldan azad edilməsi məsələsinin danışıq masasından hərb meydanına qədəm qoyduğunu qeyd edir.

Ermənistan isə özünü dünyaya sülh tərəfdarı kimi göstərməyə çalışsa da əməlləri əksini sübuta yetirir. Buna misal kimi döyüşlər başladığı andan bu yana tərəflər arasında əldə edilən hər 3 humanitar atəşkəs razılığının Ermənistan tərəfindən iki dəfə Gəncədə və ardınca Bərdədə onlarla dinc sakinin, mülki vətəndaşların qətlə yetirildiyi hərbi cinayət əməllərini göstərə bilərik. Əslində bu addımı ilə Nikol Paşinyan müharibənin dayanmağını istəmədiyini, regionda sülhə təhdid olduqlarını bir daha açıq şəkildə nümayiş etdirdi. Düşmən hətta ağır məğlubiyyətlər aldığı bir zamanda yenə də öz işğalçılıq niyyətindən bir an belə əl çəkmədi. Bu məqama Prezident İlham Əliyev EFE informasiya agentliyinə müsahibəsi zamanı xüsusi diqqət yetirdi: “Düşünürəm, bu atəşkəslərin işləməməsinin səbəblərindən biri ondan ibarət idi ki, Ermənistan artıq bizim tərəfimizdən azad edilmiş əraziləri geri almağa cəhd göstərirdi. Başqa sözlə, onları yenidən işğal etmək istədilər. Ona görə də onlar sizin doğru olaraq qeyd etdiyiniz kimi, humanitar məqsədlərlə elan olunmuş bu atəşkəsdən resursları səfərbər etmək və yeni hücuma keçmək üçün istifadə etmək istədilər. Onlar bunu edə bilməyəndə, Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik raketlə hücum etdilər. Onlar bunu iki dəfə etdilər. Lakin birinci dəfə oktyabrın 10-da, atəşkəs elan olunandan dərhal sonra etdilər və bunun nəticəsində 10 mülki şəxs həlak oldu, onlarla adam yaralandı. Beləliklə, onlar birinci atəşkəsi kobud şəkildə pozdular. İkinci atəşkəs də elan olunan vaxtdan təxminən 5 dəqiqə sonra onlar tərəfindən pozuldu və üçüncü atəşkəsi onlar dinc şəhər olan Bərdəyə hücum etməklə pozdular. Orada 21 nəfər mülki şəxs qətlə yetirildi, 70 nəfər yaralandı. Beləliklə, hər 3 dəfə bu, Ermənistanın bizə qarşı məqsədli şəkildə təcavüzkar hücumu idi və biz cavab verməli və özümüzü müdafiə etməli olduq”.

Sentyabrın 27-dən bu günə kimi dünyanın ən nüfuzlu telekanallarına, xəbər agentliklərini və digər media qurumlarına hər müsahibəsində Azərbaycanın işğal altındakı torpaqları ilə bağlı mövqeyini açıq şəkildə bəyan edən cənab Prezident  İspaniyanın nüfuzlu informasiya agentliyinə də Azərbaycan dövlətinin əsas vəzifəsinin ərazi bütövlüyünü bərpa etmək, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünü öz doğma torpaqlarına, onların əsrlərboyu yaşadıqları ərazilərə geri qaytarmaq və bundan sonra həmin ərazidə Azərbaycan əhalisi və erməni icması arasında sülh şəraitində birgəyaşayışı təmin etmək olduğunu diqqətə çatdırıb. Ali Baş Komandan Azərbaycanın mövqeyinin sağlam düşüncəyə, humanitar zəminə əsaslandığını və bunun beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyini bildirib.

Paşinyanın kompromisə getməyəcəyi artıq hər kəsə bəllidir. Onların kompromisi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və əsas prinsiplərin icrasına müvafiq olaraq işğal olunmuş bütün ərazilərin boşaldılması olacağını hər çıxışında açıq-aydın qeyd edən Prezident yenə bu məsələylə son müsahibəsində açıq aydınlıq gətirib: “Ermənistan kompromisdən danışanda konkret heç nə demir. Onlar yalnız öz müqəddəratını təyinetmədən danışırlar, amma öz müqəddəratını təyinetmə onlar tərəfdən kompromis deyil. Onlar öz mövqelərində daha dəqiq olmalıdırlar, çünki hazırda o, çox qeyri-müəyyəndir. Ona görə də biz Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxması üçün vaxt cədvəli tələb etdik və biz bunu toqquşmaların ilk günündən tələb etdik. Beləliklə, əgər Ermənistan bizə qulaq assaydı və məntiqlə davransaydı, bu gün biz hazırda qarşılaşdığımız vəziyyətdə olmazdıq. Müharibə bəlkə də bir ay əvvəl bitərdi. Ona görə də Ermənistan tərəfdən kompromis çox dəqiq olmalıdır. Hələ də işğal altında olan Ağdam rayonunun bir hissəsini, Kəlbəcər və Laçını boşaltmaq üçün vaxt cədvəli bizə təqdim edilməlidir, Ermənistanın baş naziri bunu şəxsən bəyan etməlidir. Lakin onlar nəinki bizə vaxt cədvəli vermirlər, onlar həmin əraziləri boşaldacaqlarını demirlər”.

Prezidentin də qeyd etdiyi kimi, sentyabrın 27-dən bu yana bütün bu vaxt ərzində Ermənistanın hərbi-siyasi rəhbərliyi ərazilərin boşaldılacağı barədə heç vaxt heç nə deməyib. Belə olan halda, onlar 7 rayonun qaytarılmasını təmin etmək üçün bu prinsipləri işləyib hazırlamış Minsk qrupunun həmsədrlərinə faktiki olaraq hörmətsizlik nümayiş etdirirlər və faktiki olaraq daha çox eskalasiyaya gətirib çıxarırlar. Dağlıq Qarabağda ədaləti bərpa etmək isə belə olduğu halda yenə də Azərbaycan Ordusunun üzərinə düşür.

Təhməz Əsədov
Milli.Az

araz.az xəbər portalı.