“Türkiyə rəsmilərinin müxtəlif ölkələrə səfərləri əsasən Suriya məsələsi ilə bağlı olacaq”.
Bunu “Sherg.az”a Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Moskva səfərindən danışarkən politoloq İlqar Vəlizadə söyləyib.
O diqqətə çatdırıb ki, indi gündəmdə Membiçin taleyi durur:
“Türkiyə israrla Afrin şəhərindən sonra Membiçə hərəkət etmək niyyətindədir. Bu planla bağlı Türkiyə Moskvadan qeyri-rəsmi dəstəyi də alıb.
Rəsmilər isə açıqlamalarında bildirib ki, Türkiyəni bu addımlara məcbur edən Amerikanın hərəkətləridir. Çünki Amerika Suriya kürdlərinə maliyyə yardımı edir, silah sursat verir. Ona görə, Türkiyə buna reaksiya verməli olur.
Suriyadakı əməliyyatlardan İran və Bəşər Əsəd də narahatlığını gizlətmir. Türkiyə bunları nəzərə alır və taktiki, epizodik tərəfdaş axtarışındadır. Rusiya hələlik bu rolda görünür”,
Politoloq bildirib ki, Moskva görüşündə Türkiyənin Suriya regionunda əməliyyatlarının sərhədləri müəyyənləşdiriləcək:
“İstiqamətlər bəlli olacaq və Türkiyə əks tərəfə irəliləsə, Rusiyanın maraqlarına toxuna bilər. Afrin şəhərinin demək olar taleyi həll olunub. Qeyd etdiyim kimi, indiki şəraitdə ən böyük diqqət Membiç ətrafındadır”.
Qeyd edək ki, Çavuşoğlu Afrindəki “Zeytun budağı” əməliyyatı haqqında danışıb. O bildirib ki, Suriyanın torpaqlarında kimsə təhdid yaratmamalıdır.
Aysel Aslan
araz.az xəbər portalı.