f9bd80f8 ca9f 3f52 8bf3 d9eea9ee3ca5jpeg 1605358763

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri, Azərbaycan-Fransa Dostluq Qrupunun sədrinin üç müavini və bir katibindən ibarət nümayəndə heyətini qəbul edib.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, xarici işlər naziri Ceyhun Bayramov nümayəndə heyətini salamlayaraq Azərbaycan və Fransa arasında mövcud olan dostluq münasibətlərindən bəhs edib. Azərbaycan-Fransa dostluq qrupunun üzvlərinin bu münasibətlərin inkişafına verdiyi töhfə vurğulanıb.

Hazırkı səfərin, habelə səfər çərçivəsində deputatların Gəncə şəhərinə baş çəkməsinin, mülki əhalinin Ermənistan tərəfindən məqsədli şəkildə hədəfə alınması ilə bağlı mövcud vəziyyətlə Fransa Milli Assambleyasının üzvlərinin yerindəcə tanış olmalarının, həqiqətlərin Fransa cəmiyyətinə çatdırılması baxımından yüksək əhəmiyyət kəsb etdiyi qeyd edilib.

Fransa rəsmilərinin münaqişə ilə bağlı verdikləri bəzi bəyanatların Azərbaycan cəmiyyətində ciddi suallar doğurduğunu vurğulayan nazir Ceyhun Bayramov ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin həlli ilə bağlı kifayət qədər məlumatlı olan Fransanın elə həmsədr mandatından irəli gələrək neytrallığı qoruyub saxlamasının zəruriliyini ifadə edib.

Qarşı tərəf, öz növbəsində Azərbaycana edilən səfərin tarixi bir vaxtda və ölkə üçün yeni dövrün başlanğıcına təsadüf etdiyini və Azərbaycana dəstək olaraq həyata keçirildiyini qeyd edib. Bu səfərin hərbi toqquşmaların davam etdiyi bir vaxtda planlaşdırıldığını qeyd edən deputatlar, səfərin həyata keçirilməsindən bir-neçə gün öncə tam atəşkəsə riayət olunmasına dair razılaşmanın imzalanmasının məmnunluq doğurduğunu bildiriblər. Fransa rəsmilərinin Azərbaycan cəmiyyətində narahatlıq doğuran bəyanatlarına toxunan deputatlar Fransanın mövqeyinin hər zaman beynəlxalq hüquqa əsaslandığını və ölkə rəhbərlərinin bu prinsiplərə sadiq qaldıqlarını vurğulayıblar. Azərbaycan-Fransa Dostluq Qrupunun üzvləri qismində Azərbaycan ilə bağlı həqiqətlərinin Fransa cəmiyyətinin diqqətinə çatdırılması baxımından üzərilərinə məsuliyyət düşdüyünü bildiriblər.

Qarşı tərəf bölgədə hərbi əməliyyatların dayandırılması ilə əlaqədar birgə bəyanatın imzalanmasını alqışlayaraq, bundan sonra Azərbaycan və Ermənistan arasında, eləcə də Minsk Qrupu çərçivəsində dialoqun davam etdirilməsinin vacibliyini ifadə edib.

Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

araz.az xəbər portalı.