Kelbecer s

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanatın 6-cı bəndinə əsasən Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu bu gün Azərbaycana qaytarır.

araz.az xəbər verir ki, artıq bir neçə gündür ermənilər Kəlbəcəri tərk etməyə başlayıb. Kəlbəcərdə olan əcnəbi jurnalistlər bildirirlər ki, mülki əhalinin demək olar hamısı şəhəri və onun kəndlərini tərk edib. Yerli sakinlərdən bəziləri isə azərbaycanlıların əlinə keçməməsi üçün evlərə od vurublar. Eyni zamanda işğal olunmuş ərazilərimizdəki maddi-mədəni sərvətlərimizi dağıdır, qarət edirlər. Apara bilmədikləri hər şeyi isə yandırır, məhv edirlər.

Bütün bunlar şübhəsiz ki, ermənilərin vandallıqlarını davam etdirdiyini, bədnam qonşularımızın mənəvi mahiyyətini 27 il sonra da dəyişmədiyini əyani sübut edir.

Qeyd edək ki, Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu alıb. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

Tarixi diyar Kəlbəcər

“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib – Kevli “çayın üstü”, çer/car “qala” mənasını verir. “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər. Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir.

Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. 1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Erməni vandalları buranı işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini məhv ediblər.

Bildirək ki, AzStat-ın 2013-cü ilə olan məlumatına əsasən de-yuri rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşir. Onlar 1 şəhər, 1 qəsəbə və 44 kənd izibati ərazi dairəsi olmaqla 46 inzibati ərazi dairəsinə daxildirlər. Bununla əlaqədər olaraq Kəlbəcər respublikada sahəsinə görə 1-ci rayondur (3050 km²).

Belə ki, Kəlbəcər Avropanın Lüksemburq ( 2586 km²), Andorra (467 km²), Malta (316 km²), Lixtenşteyn (160 km²), San-Marino ( 61 km²), Monako (1, 95 km²), Vatikan (0,44 km²) kimi ölkələrindən daha böyük əraziyə malikdir.

Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları, sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 — Ağyataq, Levçay, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları, ehtiyatları 10941 min kubmetr olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı, ehtiyatları 1312 min kubmetr olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı, ehtiyatları 4473 min kubmetr olan və yüngül beton doldurucusu kimi istifadə olunan Keçəldağ perlit yatağı, ümumi ehtiyatları 2,2 milyon kubmetr olan 2 üzlük daş yatağı, ehtiyatları 2540 min kubmetr olan Çəpli qum-çınqıl qarışığı yatağı; gözəl dekorativliyə malik 4 mərmər oniksi (ehtiyatları 1756 ton), nefroid (ehtiyatları 801 ton) yatağı; ehtiyatları 2337 ton olan 1 obsidian (dəvə gözü) yatağı, ehtiyatları 1067 min kubmetr olan 1 listvenit yatağı qalıb.

Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. 

 

 

 

 

 

araz.az

araz.az xəbər portalı.