1605521013 qafqaz 1

Ermənistanın ağ bayraq qaldırması ilə birinci mərhələsi tamamlanan II Qarabağ müharibəsi daha ağır imtahana hamilədir. Ərazi bütövlüyümüz uğrunda mübarizəmizin II mərhələsi adlandıra biləcəyimiz bu imtahanda sınağa çəkilən isə təkcə biz olmayacağıq. Müşahidələrimizə əsasən, Türkiyə başda olmaqla NATO ölkələrinin ən aparıcı dövlətləri Azərbaycan əsgərləri ilə çiyin-çiyinə eyni səngərdə dayanacaqlar.  Təsadüfi deyil ki, bu yazı dərcə hazırlandığı sıralarda dünyanın xəbər agentliklərinə Ankaradan iddilarımızı doğruldan məlumat daxil oldu. Məlumata görə, Türkiyə Prezidenti ölkə parlamentinə Azərbaycana əsgər göndərmək barədə qərar layihəsi göndərib. Nəzərə alsaq ki, NATO ölkəsi olan qardaş ölkə Alyansdakı müttəfiqləriylə razılaşmadan bu addımı atmaz, ortaya bu nəticə çıxır: NATO Dağlıq Qarabağda Rusiya ilə hesablaşmağa qərar verdi. Rusiyanın “sülhməramlı” qoşunlar adı altında üçtərəfli razılaşma mətnində (Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabrdə imzaladığı bəyanat) nəzərdə tutulmayan hücum silah və sursatları Dağlıq Qarabağda yerləşdirməsi də yəqin ki, bu xofdan irəli gəlir.

Fikrimcə, Rusiyanın bu xofunun əsl səbəbini ABŞ-ın ən önəmli starteji araşdırma mərkəzlərindən sayılan “”RAND” korporasiyasının 2019-cu ildə hazırladığı bir hesabat bütün çılpaqlığı ilə ortaya qoyurdu. 



“Rusiyanı genişləndirmək / Üstünlüklər üzərindən rəqabət” (Extending Russia. Advantageous Ground from competing) adlı hesabatda şimal qonşumuzun çökdürülməsi üçün enerji blokadasından tutmuş, Baltik və Qara dənizdə hərbi təzyiqlərə qədər bir çox təkliflər irəli sürülür. Mövzumuzla əlaqədar olduğundan biz hesabatın yalnız geosiyasi variantlar qisminə nəzər salmağa çalışacağıq.

Korporasiya Rusiyaya zərər vurmaq üçün təklif etdiyi geosiyasi layihələr sırasında aşağıdakı irəli sürür: Suriya yaraqlılarına yardım, Ukraynaya silah tədarükü, Belarusda hakimiyyət çevrilişi, Zaqafqaziya ölkələri arasında çəkişmələrdən istifadə, Dnestryanı bölgədə Moskvaya təzyiqlər və Orta Asiyada Rusiyanın təsir dairəsinin daraldılması uğrunda mübarizə. Hesabata görə, bütün bu tədbirlər Rusiyanı heç bir mənalı nəticələrə gətirib çıxarmayan artıq pul, güc, vaxt və insan həyatını sərf etmək məcburiyyəti qarşısında qoyacaq və onun çöküşü qaçılmaz olacaq.

Eskpertlərin bildirdiyinə görə, hesabatda yer alan  təkliflərin bir çoxlarının artıq gerçəkləşdiyini görmək çətin deyil. Belə ki, Dağlıq Qarabağ savaşı ilə eyni ərəfədə Belarusda hakimiyyət çevrilişinə cəhd edildi və gərginlik hələ də səngiməyib. Moldovada son prezident seçkiləri ilə növbəti problemin təməlləri atıldı və təsadüfi deyil ki, prezidentlik kürsüsünə Qərbə bağlılığı şübhə doğurmayan Mayya Sandu oturduldu. Yəqin ki, Mayya Sandu qarşıdakı dönəmlərdə ölkəsinin üzünü Rumıniya vasitəsilə Qərbə yönəldəcək və Dnestryanı problemin həlliylə daha yaxından məşğul olacaq. Bunun üçün isə ilk növbədə bizdə olduğu kimi, ölkə idarəetməsi Rusiyaya bağlı “5-ci kolon”dan qurtarılmalıdır.



 Ukraynaya son zamanlar ABŞ-ın strateji təyyarələrinin yerləşdirilməsi və ölkənin hava sahəsinin qorunmasının ABŞ aviasiyasına tapşırılması, Kievin işğal altındakı bölgələr üzrə lokal hərbi təlimlərə başlaması yaxın zamanlarda bu ərazilərdə də ciddi gərginliklərin yaşanacağından xəbər verir. Bu da sözsüz ki, yuxarıda bəhs etdiyimiz hesabatın ruhuna tam uyğundur. Yaxın zamanlarda Rusiyanın əsəb sistemlərinə toxunan bənzər hadisələrin Polşa, Baltikyanı və Skandinaviya ölkələrində də yaşanacağı istisna deyil. 

O ki qaldı Orta Asiya ölkələrində Rusiyanın təsir dairəsinin zəiflədilməsinə, bunu da Türkiyə vasitəsilə həyata keçirmək ən ağlabatan ssenaridir. Türk Birliyi ssenarisinin reallaşması üçün isə Türkiyə bütün hərbi-iqtisadi strukturları ilə Azərbaycana oturmalıdır. Prezident Ərdoğanın Türkiyə parlamentinə göndərdiyi son əsgəri təzkirə də bu ehtimalı gücləndirir.

Zənnimizcə, Dağlıq Qarabağdakı son münaqişənin ortaya çıxması və Rusiyanın Cənubi Qafqazdakı əsas müttəfiqi olan Ermənistanın ağır məğlubiyyətə uğradılması da hesabatda irəli sürülən təkliflərə tamamilə uyğundur. Zira hesabatda  təklif edilir ki, “Azərbaycanı əməkdaşlıq cəhdlərindən başqa, Rusiyanı Ermənistandan ayrılmaq üçün lazımi əməliyyatlar keçirilməlidir”. 



Rusiyanın məşhur “Vzqlyad” portalının analizinə görə, hesabatın yayılandığı ərəfədə “Ermənistanda çevrilişin baş verməsi və onun dalğasında Baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsi” də təsadüfi deyildi: “Yeni liderin bütün antirusiya demarşlarını sadalamaqla bitməz-onların sayı həddindən artıq çox idi. Maraqlıdır ki, Paşinyan həm də Azərbaycanı fəal surətdə təxribata çəkdi, azərbaycanlılara qarşı son dərəcə təhqiredici və qərəzli siyasət yürütdü, hətta əvvəlki erməni siyasətçiləri kölgədə qoyaraq Azərbaycana qarşı yeni ərazi iddiaları barədə amorf və qeyri-səlis vədlər səsləndirdi. Bundan daha sərsəm siyasət təsəvvür etmək çətindir, amma Paşinyan da ağılsız görünmür. Bu, o deməkdir ki, o, ən azı planlaşdırılmış və düşünülmüş hərəkətlər edir”, – portal belə yazır.

Müəllifin iddiasına görə, İlham Əliyevi müharibəyə başlanmağa məhz Paşinyan təhrik etdi: “Rusiya Ermənistana əvvəl kömək etmədi, lakin sonra real olaraq Qarabağ böhranının həlli üçün öz resurslarını işə saldı – indi orada minlərlə əsgərimiz olacaq və biz artıq bu regionda qurbanlar verəcəyik, bu da kiminsə təxribatına bənzəyir”,-deyə bildirən “Vzglyad” Rusiyanın Ermənistanı niyə açıq dəstəkləməməsinə isə belə aydınlıq gətirir: “Rusiya Ermənistan tərəfindən Qarabağ müharibəsinə girərsə (çoxları bunu etməyə çalışırdılar), biz ümumiyyətlə, Türkiyə ilə müharibəyə cəlb olunarıq”.



İndi Ermənistanın çevriliş ərəfəsində olduğunu xatırladan müəllifin fikrincə, ora gözlənilməz və son dərəcə alçaldıcı hərbi məğlubiyyətin doğurduğu iğtişaşlarla qaynayır. “Görünən budur ki, opponentlərimiz bizi dünyanın müxtəlif coğrafiyalarında amansız müharibələrə cəlb etməyə çalışırlar. Bununla birlikdə, biz, məsələn, Dnestryanı bölgənin Ukrayna, Moldovanın Rumıniya tərəfindən blokadaya alınacağı təqdirdə, Qarabağı müdafiə edə bilməyən Ermənistan vəziyyətinə düşə bilərik (yeri gəlmişkən, çox güman ki, belə də olacaq)”.

Müəllif daha sonra yazır: “Regional müharibələrdə qeyri – adi dərəcədə böyük miqyas və itkilərlə cəlb olunmaq, yaxud da ki, ondan boyun qaçırmaq (Azərbaycanla özü açıq müharibə aparmayan, Qarabağ qoşunlarına dəstək verməklə kifayətlənən Ermənistan kimi) və indi Yerevanda olduğu böhranlı vəziyyətlə qarşılaşmaq təhlükəsi altındayıq. Yeri gəlmişkən, Dnestryanı bölgəsinin əhalisi etnik ruslardan ibarətdir, onların 200 000-i Rusiya vətəndaşlarıdır və Moskvanın onları tərk etməsi o qədər də asan deyil.



Bu cür potensial böhranlar əvvəlcədən dayandırılmalıdır. Əlbəttə ki, Paşinyan kimi çevik qərbpərəst uşaqlar vaxtında nəzarətə alınmalı və zərərsizləşdirilməlidir. Əks təqdirdə, qoşunlardan istifadə etməli olacaqsınız və bu zaman sülhməramlı mövqe tutmaq daha rasionaldır”.

“Vzglyad”-ın bu iddialarından da aydın olur ki, Rusiyada Dağlıq Qarabağ münaqişəsinə sadəcə Azərbaycan-Ermənistan münaqişəsi kimi baxmırlar. Bu, Moskva üçün həm də bloklararası müharibədir və getdikcə içərisinə yuvarlandığı “Rusiyanı çevrələmə” siyasətinin tərkib hissəsidir. Kremlin Dağlıq Qarabağa “sülhməramlı qoşun” hissəsi əvəzinə böyük ordu göndərməsinə də bu aspektdən yanaşıldığı təqdirdə, məsələnin əsl mahiyyətini anlamaq olar. Türkiyənin son qərarından isə belə görünür ki, Rusiyanın qorxduğu başına gəlməkdədir

Ovqat.com-un analitik qrupu

araz.az xəbər portalı.