İyulun 14-dən 15-nə keçən gecə Bakıda “Qarabağa azadlıq!” şüarıyla keçirilən yürüşdən sonra həbs olunan 36 nəfərdən 21-i ev dustaqlığına buraxılıb.
Bu barədə araz.az-a daxil olan məlumatda bildirilir ki, noyabrın 16-da Səbail Rayon Məhkəməsi prokurorluğun vəsatəti əsasında onların barəsindəki həbs-qətimkan tədbirini dəyişib. Həbsdən buraxılan 21 nəfərdən 12-si Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəallarıdır. AXCP Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli (o, həm də Qarabağ əlilidir), Məmməd İbrahim, Bəxtiyar İmanov, Ayaz Məhərrəmli də həbsdən buraxılanlar arasındadır.
Ümumilikdə, bu cinayət işi üzrə 16 nəfər cəbhəçi təqsirləndirilən şəxs qismində cəlb olunub. Onlardan biri haqqında əvvəldən həbs-qətimkan tədbiri seçilməyib.12 nəfər buraxılandan sonra, məhz bu cinayət işi üzrə üç nəfər AXCP üzvü yenə həbsdə qalır. Bunlar AXCP Təşkilat Şöbəsinin üzvü Ramid Nağıyev, Qaradağ rayon şöbəsinin sədri Elnur Cabbarov və Binəqədi rayon təşkilatının üzvü Gündüz Mirzəyevdir. Bunlardan əlavə, Naxçıvan Daxili İşlər nazirinin sabiq müavini Səyavuş Mustafayev, Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvü Pərvin Çobanov və digərləri də həbsdə saxlanılıb. Onu da qeyd edək ki, ev dustaqlığına buraxılanlar arasında “Müsəlman Birliyi” Hərəkatının iki üzvü də var – Kamil Mahmudov və Tural Vəliyev.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.