İşğaldan azad edilmiş ərazilərdə meliorasiya və irriqasiya sistemlərinin bərpası ilə əlaqədar keçirilən tədbir çərçivəsində Qubadlı Suvarma Sistemləri İdarəsinin təsis edilməsi elan olunub.
Bunu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə elan edib.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, tədbirdən sonra Əlisalam Mədət oğlu Bayramov Qubadlı Suvarma Sistemləri İdarəsinə yeni rəis təyin olunub.
İşğaldan azad edilən yerlərdə səhmdar cəmiyyətin balansında olan obyektlərin inventarlaşdırması, onların vəziyyətinin ilkin qiymətləndirilməsi və hazırlıq tədbirləri məqsədilə qurumun sədr müavininin rəhbərliyi ilə komissiya yaradılıb.
Qeyd edək ki, Qubadlı Suvarma Sistemləri İdarəsinin balansında 5200 hektar suvarılan sahə, 998 km suvarma kanalları, yeddi nasos stansiyası, 129 ədəd suvarma qurğusu və bir hidroqovşaq (Həkərəçay HQ) olub.
Xatırladaq ki, Cənab Prezident İlham Əliyev noyabrın 6-da “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncamda nəzərdə tutulan məsələlərin həlli üçün Dövlət Komissiyası yaradılıb. Həmin komissiyanın tərkibində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də nümayəndəsi var. Bu komissiya tərəfindən bütün sahələrdə olduğu kimi su təsərrüfatı və meliorasiya obyektləri müəyyən ediləcək.
araz.az xəbər portalı.