aassAzərbaycan mediasında 33 ildir Türk Dünyası, Qafqaz və Orta Şərqin ictimai, siyasi, mədəni və sosial həyatını araşdırma yazıları ilə tanınan Ənvər Börüsoydur. Son vaxtlar onun səhətində yaranmış prblemləri nəzərə alaraq ölkə mediasının ünlü simaları “Heydər Əliyev Fondu”nun prezidenti, Azərbaycan Respublikasının I Vitse-Prezidenti Mehriban Əliyevaya müraciət ediblər. Bu məsələ ilə bağlı elə Ənvər bəyin özü ilə görüşüb problemlərinin nədən ibarət olduğunu öyrənməyə çalışıdıq.

Ənvər bəy ilk öncə sizə can sağlığı diləyirik. Sizi xəstələnmiş vəziyyətdə görməyə alışmamışıq. Bu, nə deməkdir?

–Sözün doğrusu ömürüm boyu nə xəstəxanaya, nə də poliklinikaya müraciət etməmişəm. Ötən ilin yayında Tiflisdə gürcü alim dostlarımla erməni məsələsini müzakirə edirdik. Yəni 1918-ci ildə və 1991-ci ildə Gürcüstan dövlət müstəqilliyini elan edən zaman ermənilər hər dəfə əlində silah gürcü xalqına qarşı soyqırımlar edib. Bu ideya mənə məxsus idi. Mövzu ilə bağlı məqalələrimi gürcü alim dostlarıma təqdim etdim. Elə oldu ki, yağışa düşdük. Bakıya döndükdən  sonra hiss etdim ki, sətəlcəm olmuşam. Poliklinikaya getdim və müalicə kursu  keçdim. Sahə həkimimiz bildirdi ki, 1 saylı “Respublika Vərəm Dispanseri”nə müraciət edim. Dispanserin baş həkimi professor və nəcib insan Yavər Şıxəliyev müayinə etdikdən sonra bildirdi ki, məndə vərəm deyil, onkoloji problem var. Elə həmin ərəfədə Təbrizdən gəlmiş və ana dilində filmlər çəkən dostlarımla birlikdə idim. Onlar bildirdilər Güneydə sanballı həkimlər var.

Elə bizim həkimlər də onlardan geri qalan deyillər.

–Mən nə bilim kim yaxşı və ya pis həkimdir. Ömrüm boyu onlara hansısa xəstəliyimlə bağlı müraciətim olmayıb. Nə isə. Getdim Təbrizə. Sağ olsun Təbtrizdəki onkologiya üzrə peşəkar həkimləri. Çox yüksək səviyyədə məni müalicə edirdilər.

Bu olay nə vaxt baş verdi?

–Ötən ilin avqust ayında. Daha sonra müalicəmlə bağlı davamlı şəkildə Təbrizə getməli odum. Sağ olsunlar. Çox peşəkar həkimlər idilər. Dərmanları da olduqca keyfiyyətli idi. 2020-ci ilin fevral ayına kimi orada müalicə olundum. Pandemiya olayı çıxınca və yollar bağlandığı üçün, müalicəm də yarımçıq qaldı. Bu ilin avqust ayında xəstəliyim yenidən şiddətlənməyə başladı. Ona görə də Milli Onkologiya Mərkəzinə müraciət etdim.

Bəs indi sağlıq durumunuz necədir?

–Özünüz də yaxşı bilirsiniz ki, hər bir müalicə zəruri xərclər deməkdir. Bir il bütün imkanlarımı səfərbər edərək müalicə ala bildim. Ancaq, indi bütün imkanlarım demək olar ki, tükənibdir. Dostlarım təkidlə bildirdilər ki, uzun illər dostluq etdiyin jurnalist təşkilatları vasitəsilə “Heydər Əliyev Fondu”na müraciət olunsun. Sözün doğrusu bu addımı atmaq istəmirdim. Çünki Fondun və onun prezidenti hörmətli Mehriban xanım  Əliyevanın min bir problemlə başı qarışıqdır.

Jurnalist dostlarımız deyəndə kimləri nəzərdə tutursunuz?

–Professor Qulu Məhərrəmli, “Azərbaycan Jurnalistlər Birliyi”nin sədri Elçin Şıxlı, “Yeni Nəsil Jurnalistlər Birliyi”nin sədri Arif Əliyev, “Beynəlxalq Avrasiya Mətbuat Fondu”nun prezidenti Umud Mirzəyev, “Demokratik Jurnalistlər Liqası”nın sədri Yadigar Məmmədli, “Jurnalist Qadınlar Assosiasiyası”nın sədri Sevil Yusifova, yazıçı-publisist, millət vəkili Aqil Abbas, “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və “Cümhuriyyət” qəzetinin baş redaktoru Rəfael Becanov Mehriban xanıma müraciət edərək xəstəliyimlə bağlı bundan sonra müalicəmi davam etdirmək üçün kömək etməsini istədilər.

Yeni nəsil jurnalistikaya qədəm basanlar sizin imzanızı o qədər də tanımırlar. Ona görə ki, indi bu sahəyə gələnlər daha çox televiziya ekranları vasitsilə tanınırlar.

–İncəsənət İnstitutunda sənətşünaslıq üzrə təhsil alan dönəmdə ixtisas müəllimimiz İslam İbrahimov çox haqlı olaraq deyərdi: “İnsan gördüyü işin rejissoru olmağı bacarmalıdır, aktyoru deyil”. Mənim bioqrafiyamda jurnalistikaya sənətşünas kimi gəlmək düşüb.

Bu nə deməkdir?

–Fikrimizcə siyasət mədəniyyətin bir parçası olmalıdır. Belə olduqda problemlərin çözümü də asanlaşır. Tələbəlik illərində paralel olaraq mərhum akademik Xudu Məmmədovun “Naxışlar” dərnəyinə gedirdim. Orada ortaq türk mədəni sisteminin semiotik və semantik mənada fəlsəfi-estetik anlamlarını araşdırırdıq. Sonradan bunu öz həyat yolumun ayrılmaz parçasına çevirdim. Beləcə əldə etdiyim cavabları həm də mətbuata çıxarmağa başladım. Yəni bütün cəmiyyət bilsin deyə. Beləliklə aradan illər ötdükcə bir də baxıb gördüm ki, jurnalistikanın tən ortasındayam.

Bəs Azərbaycanın xaricində necə, ideyalarınızı yaya bildinizmi?

–Əlbəttə. Ancaq, ən çox xeyrim Qarabağ məsələsi ilə bağlı oldu. Çünki, Azərbaycan torpaqlarına ermənilərin ərazi iddiasını sərgilədiyi dönəmdə ilk etirazları dostlarımızla birlikdə qurduğumuz “Çənlibel” təşkilatı ilə başladıq. Mən öz missiyam kimi Türk Dünyasında bizim həqiqətləri çatdırmaq üçün yarıac, yarıyox ömrümün yarısını neçə illər yollarda yaşadım. “Saxa El” (Yakutiya), “Vatanım Tatarstan”, “Tuqan tel” (Doğma dil, Tatarstan), “Yəşlek” (Gənclik, Başkortstan), “Tenqlik” (Bərabərlik, Dağıstan), “Kavkazskiy dom” (Çeçenistan), “Töre” (Qaraçay-Bakar), “Avdet” (Dönüş, Krım-Tatar), “Jibek Jolı” (İpək yolu), “Jas Alaş” (Gənc Alaş), “Turkestan”, “Ak jol” (Ağ yol, Qazaxstan), “Turan”, “Milli tiklaniş” (Milli oyanış), “Tonq yulduzi” (Özbəkistan), “Ata meken” (Türkmənistan), “Erkin too” (Azad dağlar) və “Kırqız Tuusu” (Qırğız ruhu, Qırğızstan) qəzetlərində müntəzəm çıxış etdim. O dövrdə internet-filan yox idi.

Bu maraq sizdə haradan doğdu?

–İxtisasımla bağlı türk xalqlarının tarix və mədəni sistemini araşdıranda hər toplumu inkar və aşağılamaq  kimi hədəflərə rast gəldim. Ona görə də 1991-cı il 23 fevralında Tatarstanın paytaxtı Kazanda “Türk Xalqları Assambleyası” təşkilatını təsis etdik. Buraya 24 türk boyunu təmsilçiləri qatıldılar. Beləliklə də Türk Dünyasında Qarabağ problemi ilə bağlı informasiya blokadasını yarmağa başladıq. Daha uzağa gedərək türk boylarının yaşadıqları bölgələrdə jurnalistlər, yazıçılar, rəssamlar, bəstəçilər, aktyorlar, memarlar, alimlər və digər peşə sahiblərini bir araya gətirərək “Qarabağ Komitə”lərini yaratdıq. Özbəkistan, Qazaxstan, Qırğızstan, Tatarstan, Başkortstan, Saxa, Tuva, Altay, Çuvaşstan, Dağıstan, Çeçenistan, Qaraçay-Balkar və Qaqouz Elində “Qarabağ Komitələri”nin möhtəşəm fəaliyyətləri oldu.

Bəs Azərbaycan mətbuatında necə, bu yöndə nə kimi fəaliyyətiniz olub?

–Demək olar ki, “Gənclik” (jurnal), “Aydınlıq”,Səs”, “Kimlik”, “Türkün səsi”, “Alyans”,Avrasiya”, “Gündəlik Azərbaycan”, “Ayna”, “Təzadlar”, “Hürriyyət” və sair qəzetlərlə əməkdaşlıq etmişəm. Əsasən analitik yazılarımla tanınmışam. Heç bir qurumda təmsil olunmasam da “Azərbaycan Jurnalistlər Birliyi”nin üzvüyəm.

–Xəstəliyinizin durumu nə yerdədir?

–Milli Onkologiya Mərkəzinin verdiyi son diaqnoza görə sa ağciyərimin yuxarı paramediastinal sahəsinin yuxarı pay bronxunun obstruksiya və sağ bronxun invaziya payında total atelektrazına səbəb olan şişlər var. Bu, həm də patoliji kütlə sayılır. Bununla yanaşı, divararalığında paratraxeal, aortapumonar pəncədə və subkarinar sahədə patoloji limfa düyünlər aşkar edilmişdir. Əgər Təbrizdə üç dəfə kimyəvi terapiya almışamsa, Bakıda dörd dəfə müalicə kursu keçmişəm. Ancaq, hələ ki, tələb olunan irəliləyişlər yoxdur. Müalicə kurslarımın nə qədər davam edəcəyini də dəqiq bilmirəm.

Problemin həllini necə görürsünüz?

– İndi dəbdə olan bir anlayış var. Sponsor və ya hansısa qurumdan dəstək gərəkdir ki, dərmanlara, digər zəruri məsrəflərə vəsaitin olsun. Müalicəni keyfiyətli şəkildə davam etdirə biləsən. Təbii olaraq bütün bunlar maddi imkanlara bağlanır. Mənim qazancım o qədər deyil ki, bütün bunların öhdəsindən gələ bilim. Həkimlər bildirirlər ki, vaxtlı-vaxtında müalicəmi davam etdirməsəm, ağciyərimdəki şişlər sürətlə böyüyə bilər. Güclə nəfəs alıram. Gecələr daha ağır olur. İki aydır oksigen balonu ilə yatıb-dururam. Yüz metr addımlayan kimi, dərhal nəfəs çatışmazlığı yaranır. Təngnəfəs oluram.

“Hürriyyət”  qəzeti,

                                                           *****

HƏMİN MÜRACİƏTİ OLDUĞU KİMİ TƏQDİM EDİRİK:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Heydər Əliyev Fondu”nun Prezidenti çox hörmətli Mehriban xanım Əliyevaya

Jurnalist təşkilatları və Kütləvi İnformasiya Vasitələri rəhbərlərinin                                                                             

                                                                MÜRACİƏTİ 

           

                                              Hörmətli Mehriban Xanım!

           Yazıb Sizə bildiririk ki, Azərbaycan mətbuatında Ənvər Yusifoğlu və Ənvər Börüsoy imzası ilə 33 ildir jurnalist kimi fəaliyyət göstərən Ənvər Yisif oğlu Məmmədovu uzun illərdir tanıyırıq. O, Azərbaycan həqiqətlərini və xüsusilə Qarabağ problemi ilə bağlı “Saxa El” (Yakutiya), “Vatanım Tatarstan”, “Tuqan tel” (Doğma dil), “Tuqan yak” (Doğma diyar, Tatarstan), “Yəşlek” (Gənclik) və “Ural yaktaşları” (Ural sakinləri,  (Başkortstan), “Tenqlik” (Bərabərlik) və “Birlik” (Dağıstan), “Kavkazskiy dom” və “Kavkazskiy vestnik” (Çeçenistan), “Töre” (Törə) (Qaraçay-Bakar), “Avdet” (Dönüş,  Ukrayna, Krım-Tatar), “Jibek Jolı” (İpək yolu), “Jas Alaş” (Gənc Alaş), “Turkestan”, “Ak jol” (Ağ yol) (Qazaxstan), “Dövran”, “Turan”, “Milli tiklaniş” (Milli oyanış), “Tonq yulduzi” (Dan ulduzu), “Nurlı jol” (Özbəkistan), “Ata meken” (Türkmənistan), “Ala-Too tanı” (Ala Touda dan yeri), “Erkin too” (Azad dağlar) və “Kırqız Tuusu” (Qırğız ruhu) (Qırğızstan) qəzetlərində məqalələri ilə müntəzəm çıxış etmişdir. Azərbaycanın milli mətbuatında “Gənclik” (jurnal), “Aydınlıq”, “Səs”, “Kimlik”, “Türkün səsi”, “Alyans”, “Avrasiya”, “Gündəlik Azərbaycan”, “Türküstan”, “Ayna”, “Təzadlar”, “Yeni sözçü”, “Hürriyyət” və sair qəzetlərlə əməkdaşlıq etmişdir. Əsasən analitik yazılarla çıxış edən Ənvər Börüsoy bütün yazılarında Azərbaycan dövlətçiliyinin milli maraqlarını ən üstün səviyyəyə qaldırmışdır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.   

            O, son iki ildə ağ ciyərində və bronxlarındakı bədxassəli şişə görə müalicə olunur.  Bu məqsədlə 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar-fevral aylarında Təbrizdə məşhur həkim onkoloq alimlər professor Məhəmməd Hicazi və professor Rza Xəlili tərəfindən müalicə kursu alıb. 2020-ci il fevral ayında “Covid-19” virusunun sürətlə yayılması ucbatından müalicəsini yarımçıq dayandırmış və 2020-ci il avqust ayından müalicəsini Azərbaycan Respublikası “Milli Onkologiya Mərkəzi”ndə davam etdirir. Burada xəstəliyi ilə bağlı qeydiyyata alınıbdır. Avqust, sentyabr və oktyabr aylarında 3 (üç) dəfə müalicə kursu keçsə də hələ ki, nə zaman sağalacağı müddəti bəlli deyil.  Bu müddətdə müalicəsi ilə bağlı bütün məsrəfləri öz şəxsi hesabına ödəmişdir. İndi demək olar ki, müalicəsini davam etdirmək üçün heç bir maddi imkanı qalmamışdır. 

         Hörmətli Mehriban Xanım!

Biz çox yaxşı bilirik ki, Sizin rəhbərlik etdiyiniz “Heydər Əliyev Fondu” daim humanitar məqsədli işlər həyata keçirib. Bütün bunlar tamamilə şəffaf olmaqla yanaşı, həm də beynəlxalq miqyasda yüksək səviyyədə xüsusi qaydada qiymətləndirilibdir. Ötən müddət ərzində minlərlə insanlara qayğı göstərməklə onların yenidən həyata geri dönmələrinə nail olmusunuz. Bu qədər şəfqətli və humanist yanaşım tərzi bizim milli tariximizdə ilk dəfədir ki, rast gəlinir. Bizlər demək olar ki, “Heydər Əliyev Fondu” nun bu yüksək amala xidmət edən bütün işlərini və layihələrini dəstəkləmişik. Çünki, fondun üzərində Azərbaycan adlı ölkənin adı qızıl xətlə keçir. Sizdən tək xahişimiz odur ki, bizim həmkarımız Ənvər Yusif oğlu Məmmədovun müalisəcinə dəstək olaraq rəhbəri olduğunuz Fondun imkanları çərçivəsində ona kömək edəsiniz. 

Rəşad CƏFƏRLİ,

araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.