SSRI12

“Rusiyanın bütün TV kanalları illərdir Qərbi, ABŞ-ı söyür, amma Rusiya Maliyyə Nazirliyi “güvənli liman”, yatırım kimi yenə ABŞ-ın dövlət istiqrazlarına investisiya yatırmağa davam edir, yəni söydüyü, bəyənmədiyi ABŞ-ın dövlət qiymətli kağızlarına güvənir. Bu ilin sentyabr ayında Rusiya ABŞ-ın dövlət istiqrazlarına investisiya qoyuluşunu avqust ayına nisbətən 105 milyon dollar və yaxud 1,8% artıraraq 5,858 milyard dollardan 5,963 milyard dollara çatdırıb. Əgər Qərbi bəyənmirsənsə, niyə güvənirsən, güvənirsənsə, nədən bəyənmirsən?!»

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib.

N.Cəfərli qeyd edib ki, böyük dövlət olmaq ərazi ilə, ətrafda oyuncaq dövlətlər yaratmaqla, ərazi qapmaqla ölçülmür, zopa ilə, kobud güclə dəyərləndirilmir: “Böyük dövlət güclü, dayanıqlı iqtisadiyyat və vətəndaşın rifah halı ilə ölçülür. Kreml SSRİ-nın bərpası haqqında çox xəyallar qura bilər, amma bunu realizə etmək üçün iqtisadi potensialı, cəlbedici uğuru yoxdur. “SSRİ” çox bahalı layihədir, trilyonlarla dollar istəyir, daha vacibi isə maqnit rolu oynayacaq hekayə tələb edir, heç biri Rusiyada yoxdur. Böyük Dövlət olmaq tək S400-lə (hansı ki, ixtira olaraq SSRİ xalqlarının ortaq beyin məhsuludur, 1980-ci illərin ortalarında yaradılıb, amma istehsala pul olmayıb) ölçülmür, həm də işlək, müasir ütü, tozsoran istehsal etməklə olur. Müasir böyük dövlət Cənubi Koreyadır, ərazisi Rusiyadan 171 dəfə (!!!)  kiçikdir, amma ÜDM isə cəmi 2 dəfə azdır, adambaşına düşən ÜDM isə C.Koreyada Rusiyaya nisbətən 5 dəfəyə yaxın çoxdur…”

araz.az xəbər portalı.