Oğul var evdən gedir, oğul da var eldən gedir.
İsmət Qayıbov da eldən getdi. Bu torpağın ən istəkli oğlu kimi getdi və onu sevənlərin ürəyinə dağ çəkib getdi…
Bir ailənin oğlu kimi getdi… Bütöv Azərbaycanın oğlu kimi Azərbaycanın yeni tarixinə öz adını yazdı.
Müstəqil Azərbaycanın ilk Baş Prokuroru – İSMƏT QAYIBOV
Bu gün onun xatirə günüdür.
Böyük ehtiramla, hörmətlə anırıq!
İsmət Qayıbov 1942-ci il 8 oktyabrda Gəncə şəhərində anadan olmuşdu. Onun valideynləri, atası İsmayıl və anası Füruzə xanım Respublikanın Əməkdar müəllimi idilər.
O, orta təhsilini Gəncə şəhərindəki 1 saylı orta məktəbdə almışdır.
1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakultəsini bitirir. 1968-ci ildə Leyla xanımla evlənir, iki övladı olur.
1969-cu ildə Əli-Bayramlı (Şirvan) Şəhər Komsomol Komitəsinin birinci katibi seçilib.
1971-ci ildə isə Azərbaycan SSR-də prokurorluq orqanlarında fəaliyyətə başlayır. 1987-90-cı illərdə Sumqayıt şəhərinə prokuror təyin edilir. O, müstəqil Azərbaycanın ilk baş prokuroru təyin edilir.
1991-ci ildə İsmət Qayıbovun verdiyi müsahibədə erməni hərbi dəstələrinin cinayətkar əməllərinin sovet rəhbərliyi tərəfindən cəzasız qaldığına etiraz edir. Sumqayıt hadisələri ilə bağlı 96 şəxsə həbs qəti imkan tədbiri seçib.
İsmət Qayıbov Quqarkda azərbaycanlılara qarşı törədilən dəhşətli qırğına görə cəmi 4 erməninin saxlandığını “biabırçılıq” adlandırmışdı.
Ermənilərin onun başına pul qoyulması xəbəri yayılır. 1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vurur və Azərbaycan Respublikasının Dağlıq Qarabağ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin, çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur.
Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun hökmən iştirakını xahiş edir. 1991-ci ildə iclasa gedərkən heyətində olduğu Mİ-8 N72 vertolyotu vurulur.
Hadisə qurbanları Fəxri Xiyabanda dəfn edilib.
İsmət Qayıbovun xatirəsini dərin hüznlə anır və ona Allahdan rəhmət diləyirik.
Məkanınız cənnət olsun, böyük Adam!
Böyük Azərbaycan Kişisi!
Nurlanə Əliyeva,
Miaaz
araz.az xəbər portalı.