bayraqesger 800x445Müasir müstəqil Azərbaycan dövləti hazırda tarixinin ən şanlı günlərini yaşayır. Otuz ilə yaxın müddətdə mənfur erməni işğalçıların tapdağı altında olan Qarabağ torpaqları Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, müdrik siyasəti, yenilməz cəsarəti, sərkərdəlik və diplomatik məharəti sayəsində şücaətli ordumuz tərəfindən azad edildi, nəhayət ki, ərazi bütövlüyümüz bərpa olundu. Artıq Azərbaycan Bayrağı  işğaldan azad edilən bütün torpaqlarımızda dalğalanır. Müharibə  dayandı, Azərbaycan hərbi məqsədlərinə çatdı. Bundan sonra isə olduqca ağır, hətta uzun bir diplomatik prosesin başladığını elan etmək üçün kifayət qədər əsaslarımız var. Ermənistanda vəziyyət gözlənildiyindən daha gərgindir: orda Paşinyanın hakimiyyətdən getməsi və rusmeyilli qüvvələrin ölkənin sükanı arxasına keçməsi prosesinə start verilib. Bütün siyasilərin təmasları başlayıb,  hamısı ordunu daha da gücləndirmək, “keçmiş səhvlərdən” nəticə çıxarmaq, ciddi şəkildə hazırlaşmaq, hərbi-siyasi gücü ən qısa müddətdə bərpa etmək, Rusiya ilə əlaqələri maksimal səviyyəyə qaldırmaq və Qarabağa dönmək kursunu götürüb.

  • Minsk Qrupu indi oyanıb…

Eyni zamanda, Azərbaycanın əldə etdiyi uğurları həzm edə bilməyən ermənipərst dairələr və ölkələr açıq şəkildə bizim üzərimizə hücuma keçib, diplomatik təzyiqlər göstərməyə başlayıblar. Uzun müddət heç bir uğura imza ata bilməyən ATƏT-in Minsk Qrupu da  fəallaşmağa başlayıb. ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvətilə Moskvada səfərdə də olub. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, ABŞ və Fransadan olan həmsədrlər, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Rusiya XİN-də məsləhətləşmələr aparb. Həmsədrlər, eləcə də Rusiya Müdafiə Nazirliyinin (MN) nümayəndələri ilə görüşüblər. Həmsədrlərin atəşkəs sonrası Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində əməkdaşlığı müzakirə olunub. Prosesdə açıq şəkildə Ermənistanın tərəfini saxlayan bəzi həmsədr ölkələr prosesdən kənar qalmalarından narahat olduqlarını bildiriblər.

  • Paris meriyası qondarma Dağlıq Qarabağı tanımağa hazırlaşır

Ölkəmizə edilən açıq təzyiqlərin “yuvası” Fransa sayılır. Verilən məlumatlarda bildirilir ki, Paris meriyası qondarma Dağlıq Qarabağı tanımağa hazırlaşır. Bu barədə məlumatı diplomatik mənbələr də təsdiqləyib. Separatçı qurumun tanınması təşəbbüsünün Fransa paytaxtının meri Enn İdalqodan gəldiyi qeyd olunur. Bu proses Fransanın son dövrlər, eləcə də sentyabrın 27-dən sonra aparılan hərbi əməliyyatlar zamanı nümayiş etdirdiyi siyasətin tərkib hissəsi kimi görünür. Ermənilərə yaxınlığı ilə tanınan E.İdalqonun bundan əvvəl də həm Ermənistanı, həm də separatçı Dağlıq Qarabağ rejimini dəstəkləyən təşəbbüsləri olub, marafonlar təşkil edib.

  • Prezidentin Niderland səfirinə sərt etirazı…

Bunun ardınca məlum oldu ki, Niderland parlamenti Azərbaycanın qazandığı uğurlardan dərhal sonra  ölkəmizə qarşı sanksiyaları nəzərdə tutan, Azərbaycanın əleyhinə və həmçinin Türkiyənin əleyhinə olan qərar qəbul edib. Bu barədə ciddi narahatlığını ölkə başçısı Niderlandın ölkəmizə akkreditə olunan səfirinin etimadnaməsini qəbul edərkən ifadə etdi: “Sizin Azərbaycana gəlişiniz, demək olar, müharibə dövrünə təsadüf etdi. Odur ki, obyektiv səbəblərə görə bizim görüşümüz təxirə salındı. Mənə məlumat verilmişdir ki, siz, demək olar, iki ay bundan əvvəl gəlmisiniz. Əminəm ki, görüşümüzün nə üçün daha əvvəl baş tutmamasını başa düşürsünüz. Lakin əfsuslar olsun, görüşümüz təyin olunanda mənə məlumat verildi ki, ölkənizin parlamenti Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan, Azərbaycanın əleyhinə və həmçinin Türkiyənin əleyhinə olan qərar qəbul etdi. Mənə köməkçim məlumat verdi ki, müzakirələr zamanı Niderlandın xarici işlər naziri daha balanslaşdırılmış yanaşma ilə çıxış etdi. Odur ki, biz bunu qiymətləndiririk. Lakin parlamentin belə balanslaşdırılmamış və ədalətsiz bir qərarı qəbul etməsi faktı, əlbəttə ki, bizə daha yaxın əlaqələr qurmağa kömək etməyəcək. Əvvəla, dünən bu qərarın qəbul olunması faktını nəzərə alaraq demək istəyirəm ki, Ermənistan bizə hücum etdi. Biz özümüzü müdafiə edirdik və bunun nəticəsində biz beynəlxalq hüququn norma və prinsiplərinə əsasən və tarixə əsasən özümüzə məxsus olan əraziləri azad edə bildik. Bizim mübarizəmiz azadlıq, ərazilərin azad edilməsi uğrunda mübarizə idi və mübarizəmiz böyük hərbi və siyasi uğurla başa çatdı. Sizin də bildiyiniz kimi, noyabrın 10-da müharibəyə son qoyan üçtərəfli bəyanat imzalanmışdır. Buna görə mənə çox qəribə gəldi ki, bundan sonra – Ermənistanın kapitulyasiyası olan bu bəyanatı onun özü imzaladıqdan sonra regionumuzdan uzaqda yerləşən bir ölkədə belə bir qərar qəbul edildi. Yəqin siz də bilirsiniz ki, regional ölkələr bu bəyanatı dəstəkləyiblər. Bütün qonşularımız bu bəyanata dəstəyini ifadə ediblər. Qonşularımızdan ikisi – Rusiya və Türkiyə azərbaycanlıların və ermənilərin təhlükəsizliyini təmin edəcək əməliyyatlarda iştirak edəcək. Odur ki, hesab edirəm, başqa tərəfdənsə bizim tərəfimizdə olmağınız daha ədalətli olardı. Yəqin ki, siz atəşkəsi dəstəkləyən ABŞ Dövlət Departamentinin, Avropa İttifaqının şərhlərini də eşitmisiniz. Buna görə də mən başa düşürəm, parlamentarilərin öz gündəliyi var. Bəzən onların öz istəkləri olur, bu, başadüşüləndir. Parlamentin qəbul etdiyi qərardan, ola bilsin, fərqli olan ölkənizin hökumətinin də öz mövqeyinin olduğunu başa düşürəm. Lakin bunun nə üçün baş verməsini bizim xalqımıza izah etmək çətin olacaq”.

  • Fransa Senatı ermənipərəst qərar qəbul etməyə hazırlaşır…

Həmçinin məlum olub ki, Fransa Senatı noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma qurumu tanımağı Fransa dövlətinə tövsiyə edən qətnaməni müzakirəyə çıxarmağa hazırlaşır. Qətnamə layihəsi Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsindən daha çox, onun tanınmağa ehtiyacı olduğu iddiasının lobbiçiliyi üzərində qurulub. Fransa Konstitusiyasının 34-1-ci maddəsinə əsasən, bu yalnız bir qətnamədir və onun icrası məcburi deyil. Ümumilikdə, Fransanın Vətən müharibəsi başladığı gündən etibarən ATƏT-in həmsədr ölkələrindən biri kimi Azərbaycana qarşı sərgilədiyi mövqedə nümayiş etdirdiyi qərəz hər kəsə məlumdur. Şübhəsiz ki, bu qətnamə də erməni lobbisinin ciddi cəhdləri sayəsində ərsəyə gəlib və onu növbəti təxribat adlandırmaq olar. Məlumdur ki, bu ölkədə bəzi siyasətçilər, parlament üzvləri erməni lobbisinin təsir dairəsindədirlər. Ermənilər onların vasitəsilə öz niyyətlərini həyata keçirməyə çalışırlar.

Qondarma qurumu tanımaqla bağlı qətnaməni irəli sürənlərin nəzərinə Ali Baş Komandan, Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” kanalına verdiyi müsahibədə səsləndirdiyi fikirləri bir daha çatdırmaq yerinə düşər. Ölkə başçısı müsahibəsində bildirmişdi ki, Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar, demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər: “Marsel şəhərində ermənilərə Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları, Azərbaycana hücum etməyi və nüfuzumuza xələl gətirməyi dayandırmalıdırlar. Əgər biz muzdlular və terrorçular barədə danışmağa başlasaq, düşünürəm ki, bizi günahlandıranlar özləri çox utancverici vəziyyətə düşəcəklər. Yaxşı olar ki, onlar bizi günahlandırmazdan əvvəl güzgüyə baxsınlar”.

Görünən budur ki, bizi qarşıda ciddi  diplomatik təzyiqlər gözləyir. Təbiidir ki, biz Azərbaycan xalqı olaraq bütün bunlara qarşı mübarizəmizi daha da intensivləşdirməliyik. Azərbaycan dövləti bu istiqamətdə üzərinə düşən nə varsa edir.

  • “Müharibə zamanı gördük ki, bizim dostlarımız bizi istəməyənlərdən qat-qat çoxdur”

Bəs dünyanın digər ölkələrində olan diaspor təşkilatlarımız bu  cür təzyiqlərin neytrallaşdırması istiqamətində hansı addımları atmalıdır?

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının dünya azərbaycanlıları və türk dünyası ilə əlaqələr üzrə katibi Bünyamin Qəmbərli  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  müharibənin silahlı hissəsi dayansa da,  diplomatik və informasiya sahəsində müharibə uzun illər davam edəcək: “Azərbaycanın  bu məsələdə iki üstünlüyü var. Birincisi budur ki, Qarabağ tarixi ərazisimizdir. İkincisi isə, BMT və digər qurumlar Qarabağı  Azərbaycan Respublikasının ərazisi kimi tanıyır. Bütün beynəlxalq konvensiyalarda sərhədlərin toxunulmazlığı xüsusi müddə kimi qəbul edilir. Bu həqiqətləri dünyaya çatdərmaq çətin olmayacaq.  Ermənistanın baş naziri Paşinyan hazırda legitim erməni hakimiyyətini təmsil edir. Onun statusu atdığı imzanı şübhə altına sala bilməz. Bu amil də bizim üstünlüyümüzü təmin edir. Biz müharibədən əvvəl çox yaxşı diplomatik əlaqələr qurmuşuq.  Dünyanın supergücləri və yaxın qonşularımızla  normal münasibətimiz var. Hollandiya, Fransa kimi ölkələrin reaksiyaları bu prosesdə nəyisə dəyişə bilməyəcək. Onlar, əsasən də Türkiyənin buradakı rolundan qıcıqlanaraq belə münasibət sərgiləyirlər. Müharibə zamanı gördük ki, bizim dostlarımız bizi istəməyənlərdən qat-qat çoxdur. İsrail və Pakistan  kimi ölkələrin bizə dəstəyi bu cür Avropa ölkələrinin təzyiqlərini tam kompensasiya edə bilir. Azərbaycan diasporu yeni təşkilatlanma işinə getməməlidir. Bunu etmək çətin olar. Bütün fəaliyyət əvvəldən olan köklü diaspor təşkilatlarımızın üzərində qurulmalıdır. Xüsuslə də cənublu soydaşlarımız və türk diasporu ilə sıx  işləməlidirlər.  Bu diasporların birgə səyi ilə diasporumuz müxtəlif tədbirlər vasitəsilə real vəziyyəti təmsil olunduqları ölkələrin ictimaiyyətinə, dövlət qurumlarına çatdırmalıdır. Biz  dünyaya Azərbaycan xalqının necə  dozumlu xalq olduğunu, başqa millətlərlə hansı səviyyədə mehriban yaşamağı bacardığımızı nümayiş etdirməliyik. Xüsusilə də həmin ölkələrin mediası ilə sıx təmaslar qurulmalıdır. Onların vasitəsilə müraciətlər olunmalıdır. Qısametrajlı təbliğat rolikləri hazırlanıb nümayiş edilməlidir”.

Müsahibimiz bildirdi ki, bu işdə Azərbaycanın əlaqədar dövlət qurumları da diaspora lazımi dəstəyi verməlidir: “Söhbət maddi dəstəkdən yox, təşkilatı, ideoloji və  lazımi təbliğat vəsaitləri ilə təmin olunmaq baxımından olan dəstəkdən gedir”.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

araz.az xəbər portalı.