2018-03-16-01-42-0115.jpg

İtlər prostat xərçəngi olan insanları 98 faiz düzgün müəyyənləşdirir

Türkiyəli professor dünyada aparılan təcrübələrin müsbət nəticələr verdiyini təsdiqləyir

 
Bütün dünya xərçənglə mübarizədə itlərdən istifadə olunacağından danışır. İlk təcrübələr də artıq var. İtaliya ordusu xüsusi təlim keçilmiş itlərdən xərçənglə mübarizədə istifadə etməyə başlayıb. İtaliya alimləri xüsusi təlim keçmiş itlərin prostat xərçəngi hüceyrələrinin qoxusunu alaraq xəstəliyi müəyyənləşdirməkdə böyük köməklik göstərdiklərini bildirirlər. Təlimli itlər xəstəlik daşıyıcısı olduqları ehtimal edilən insanlarla bir otağa salınır. İtlər xərçəng hüceyrələrinə aid qoxu hiss etdikləri adama yaxınlaşıb, onun yanında dayanırlar. Xərçəng hüceyrəsi olmayan adamlara isə yaxınlaşmır, otağı tərk edirlər. Bildirilir ki, alimlər 2002-ci ildən bu üsulun tədqiqinə başlayıblar və gözlənildiyindən daha artıq müsbət nəticələr əldə ediblər.
İt, insana həqiqətən də dost imiş
 
Demək ki, it insanın dostudur, məsəli elə-belə, səbəbsiz deyilmirmiş. Bir halda ki, itlər insanın xəstəlik, özü də ən ağır xəstəlik – xərçəng daşıyıcısı olub-olmadığı müəyyən etmək gücündədir, sadiq dost adlanmağı, əlbəttə, haqq edirlər. İtlərlə xərçəng xəstəliyinin müəyyənləşməsi üsulundan təkcə, italyan alimləri deyid, ingilislər də istifadə edir. İngiltərənin Milton Keynes Xəstəxanası İt Təlim Mərkəzi ilə birlikdə itlərə prostat xərçəngini təşhis etmək üzrə təlim keçilməsi istiqamətində çalışır. İtlər qoxubilmə hissləri sayəsində prostat xərçənginə səbəb olan şişləri təşhis edə bilir. Əgər test mərhələsi uğurla başa çatarsa, yaxın 3 ildə İngiltərədə bu üsuldan istifadə edilməsi planlaşdırılır. Alimlər itlərin köməyindən böyrək şişlərində də istifadə etməyi düşünür. İtlərin qoxu vasitəsilə xərçəng hüceyrələrini tapması elm aləmində “inqilab” sayılır.
 
İtlər xərçəng hüceyrələrini tanıyır?
 
Heyvanların, özəlliklə də itlərin xərçəng xəstəliyini müəyyənləşdirmək qabiliyyətinə malik olduqlarına dair elmi sübutlar əldə edilib. Alimlər müəyyən edib ki, itlər xərçəng hüceyrələrinin qoxusunu tanıyır. Bu da xərçəngin müayinəsində yeni üsullardan istifadə üçün böyük ümidlər verir. ABŞ alimləri xüsusi təlim keçmiş itlərin yardımıyla yumurtalıq xərçəngini ilkin mərhələdə təsbit edəcək üsul üzərində işləyirlər. Türkiyəli professor Murat Tuzcu yazdığı məqaləsində bildirir ki, Amerika alimləri “Elektron burun” adlı cihazla xərçəng hüceyrələrindən çıxan qoxunun alınmasının ardından dərhal müalicəyə başlamaq fikrindədirlər. Eyni üsul döş, qalın bağırsaq, ağciyər xərçəngi üçün də təklif edilir. Bu sahədə bir xeyli irəliləyişlər əldə edilməsinə baxmayaraq qoxunu əsas tutaraq müalicə mərhələsinə keçilməsi hələ ki, gerçəkləşməyib. 
 
Professor M.Tuzcu deyir ki, xərçəng xəstəliyində erkən təşhis üçün sadə bir testə ehtiyac var. Qoxu tanımada hədsiz həssas buruna – iybilmə qabiliyyətinə malik itlər bu sahədə böyük yardımçı ola bilər. ABŞ-ın Kaliforniya ştatında alimlər nəfəs aldıqda ağciyərlərdən çıxan havadakı qoxularla diaqnoz qoymağa çalışırlar. Onlar da bu iş üçün özəl təlim keçmiş itlərdən istifadə edir. Qoxunu alan itlərin xərçəng xəstələrini müəyyənləşdirməkdə 99 faiz düzgün nəticə əldə edilir. Həkimlər bunun xərçənglə mübarizədə çox faydalı olduğunu bildirir.
İtlər xərçəng hüceyrələrini necə tapır?
 
Bəs necə olur ki, bir nəfəs xəstəliyə tutulub-tutulmadığımızı müəyyənləşdirə bilir? Professor Murat Tuzcu belə izah edir:
 
– Hər nəfəs çəkdiyimizdə havadan oksigen alır, nəfəs verdikdə isə havaya karbondioksit ötürürük. Nəfəsimizdə karbon-dioksitlə yanaşı, mindən artıq böyüklü-kiçikli kimyəvi maddə mövcuddur. Bu maddələr, eynən barmaq izinin alınması kimi, şəxsə aid bir çox özəlliyi ortaya çıxarmaq iqtidarındadır. O cümlədən də orqanizmdə daşıdığımız xəstəlikləri. Xəstəliklərin müəyyənləşməsində qoxudan istifadə metodu yeni deyil. Hələ Hippokrat zamanında təbiblər xəstələri müayinə edərkən qulaq, göz, əllərlə yanaşı, burunlarından da istifadə edirmiş. Qocaman həkim koma vəziyyətindəki bir nəfərin şəkər xəstəsi olmasını ətrafa yayılan aseton iyindən anladıqlarını söyləyirmiş. Həzm sistemi xəstəliyində xəstənin nəfəsinin balıqçı dükanı kimi qoxuduğunu söyləyirlər. 
 
Amma insanlar nəfəsdən çıxan minlərcə qoxunun çox cüzi bir hissəsini anlamaq gücündədir. İtlərsə, onlara verilmiş ilahi xüsusiyyət – iybilmə qabiliyyəti sayəsində qoxuları asanlıqla duyub müəyyənləşdirə bilir. Alimlər itlərin insanla müqayisədə min dəfə artıq qoxubilmə qabiliyyətinə malik olduğunu söyləyir. İnsan burnunda qoxunu duymaq üçün 5 milyon qəbuledici vardır. İtlərdə isə bu rəqəm 200 milyondan artıqdır. Üstəlik, itlərin beynindəki qoxubilmə mərkəzi insanlardakından daha böyükdür. Amma itlər qoxubilmədə nə qədər bacarıqlı olsalar da, məhz xəstəliklərin müəyyənləşməsində onların xidmətindən geniş istifadə etmək çox çətindir, hətta mümkünsüzdür. 
 
Bunun üçün, nə qədər itin xüsusi təlim keçməsini düşünmək belə insana ağır gəlir. Ancaq əvəzində itlərin qoxubilmə qabiliyyəti örnək alınaraq oxşar cihaz düzəltmək mümkündür. Bu cihaz vasitəsilə təşhisi çətin xəstəliklərin müəyyənləşməsində irəliləyiş əldə edilə bilər.
Prostat hüceyrələri idrar vasitəsilə tapılır
 
Son 20 ildə aparılan tədqiqatlar itlərin prostat xərçəngi olan insanların idrarını qoxlayaraq təşhis edə bildiyini göstərir. Bu sahədə Paris Universiteti alimlərinin ortaya qoyduğu nəticələr olduqca inandırıcı görünür. Alimlər prostat xərçəngi diaqnozu biopsi analizi aparılmaqla təsdiqlənmiş 33 nəfərin idrarı ilə müayinəsi aparılmış, lakin xərçəng hüceyrələri tapılmamış 33 nəfərin idrarını xüsusi şüşələrdə saxlayıblar. Təlim görmüş itlərə bu şüşələrdəki idrarı qoxladıblar. Nəticələr hər kəsi heyrətləndirib. İtlər prostat xərçəngi olan insanların idrarlarını 98 faiz düzgün müəyyənləşdirib. Bu müayinə üsulundan istifadə edənsə, italiyalı alimlər olub.
Prostat xərçəngindən qorxmayın!
 
Lakin mütəxəssislər insanlara xərçəngdən qorxmamağı tövsiyə edir. Xüsusilə prostat xərçəngindən. Həkimlər deyir ki, prostat xərçəngi, xərçəng xəstəlikləri arasında ən “mülayim”idir. Prostat xərçəngi digər xərçəng növləri ilə müqayisədə çox yavaş irəliləyən, insanı ömür boyu təqib etsə də, insanın həyatına o qədər də mənfi təsir göstərməyən xəstəlikdir. Buna görə də həkimlərin bir çoxu lazımsız üsullardan istifadəyə qarşıdır. Hətta çox zaman cərrahi müdaxiləni də lazımsız hesab edirlər. Bir çox tibb mütəxəssisi bu fikirdədir ki, erkən diaqnoz prostat xərçəngi ilə uzun illər ağrısız-acısız yaşamanı təmin edə bilir.
 
Məlahət Rzayeva
www.sherg.az

araz.az xəbər portalı.