“Rusiyadan Ermənistana gedən hər bir nazir öz istiqaməti üzrə məsələləri müzakirə edəcək. Rusiya Müdafiə naziri Sergey Şoyqunun Yerevanda verdiyi bəyanat artıq bəllidir. Şoyqu açıq tonla dedi ki, təxribat olmamalı, atəşkəs rejimi ciddi qorunmalıdır. Yəni Rusiyanın mövqeyi təxribatların törədilməsinə qarşıdır”.
Bu fikirləri Reyting.az-a hərbi ekspert Azad İsazadə 10 noyabrda Dağlıq Qarabağda atəşkəslə bağlı imzalanan üçtərəfli bəyanatdan sonra rusiyalı nazirlərin Yerevan və Bakı səfərlərini şərh edərkən deyib.
Ekspert nazirlərin hər iki paytaxtda aparacağı müzakirələrin detallarını açıqlayıb: “Sergey Lavrov daha çox siyasi məqamları müzakirə edir. Fövqəladə hallar naziri də artıq Yerevandadır. Bu şəxs də əsasən humanitar məsələləri müzakirə edəcək. Qaçınları qaytarmaq, yerləşdirmək məsələlərini. Qısaca, hər bir nazir öz sahəsi üzrə danışıqlar aparacaq. Amma burada bir məqamı da nəzərə almağımız vacibdir. Belə yüksək və nüfuzlu nümayəndələrin birlikdə səfəri dünyaya nümayiş etdirir ki, bu prosesdə Rusiyanın rolu böyükdür. Bəli, Rusiyanın rolunun real və ya qeyri-real olduğunu bir kənara qoyaq, amma bu addımla Moskva göstərir ki, Putindən sonra ən nüfuzlu nazirlər regionda səfərdədir və Rusiyanın bu münaqişədə rolu nəhəngdir”.
A. İsazadə
Artıq Rusiya Müdafiə naziri S. Şoyqunun Bakıda olduğunu, Xarici işlər naziri S. Lavrovun da ölkəmizə gəlmə ehtimalının yüksək olduğunu bildirən A. İsazadə qeyd edib ki, buna təbii yanaşmaq lazımdır:
“Hesab edirəm ki, rusiyalı nazirlər Yerevanda apardıqları müzakirəni Bakıda davam etdirəcəklər. Gəlin hərbi-siyasi məsələləri bir kənara qoyaq, humanitar məsələyə qayıdaq. Bəyəm ancaq ermənilərə humanitar yardım lazımdır? Azərbaycana humanitar yardım lazım deyil? Biz məcburi köçkünləri yerlərinə qaytarmalı, onların təminatını yoluna qoymalı, infrastrukturu yaratmalıyıq. Sözsüz ki, bu işi Azərbaycan özü həll edə bilər. Amma Rusiya ortalığa düşübsə və bir tərəfə humanitar yardım edirsə, hesab edirəm ki, bizimlə də bu məsələni müzakirə etməlidir.
Humanitar yardım deyəndə nə nəzərdə tutulur? İndi Qarabağda ermənilərin əlində qalan əraziləri götürək. Əgər ruslar orada məktəb və ya ev tikməyə başlasalar, onda gəlib bizim tərəfdə də tikməlidirlər. Bu halda obyektiv missiyadan danışmağa əsas olacaq”.
Mütəxəssis əlavə edib ki, noyabrın 10-da imzalanan sənəd bir neçə bənddən ibarətdir və bununla bağlı kifayət qədər suallar yaranıb:
“Hesab edirəm ki, bu məqamlar da Bakıda müzakirə ediləcək. Məsələn, Ağdam, Kəlbəcər və Laçından hərbi texnika çıxır. Bu texnika hara gedir, kimə təhvil verilir? Bu texnika Qarabağda qalır, yoxsa Ermənistana aparılır? Üstəlik, buradan çıxarılan hərbçi Ermənistan vətəndaşıdırsa, yəqin ki, silahı ilə birlikdə gedib Ermənistan ərazisində xidmətini davam etdirə bilər. Amma Qarabağda yaşayan ermənidirsə və avtomatı ilə gedib evində əyləşəcəksə, bu, sabah problem yaradar. Deməli, avtomatı sülhməramlılara təhvil verməlidir. Üstəlik, buna Azərbaycan tərəfi hansısa formada nəzarət etməlidir ki, bu silah Xankəndi, Ağdərə və ya Xocavənd də yaşayan ermənilərin əlində qalmasın, biz qarşı təhlükə yaratmasın.
Sergey Lavrov isə Bakıya gələcəksə, ilk növbədə türk hərbçiləri məsələsini müzakirə edəcək. Yəni türk hərbçilər harada yerləşəcək, onun statusu və funksiyası necə olacaq? Güman edirəm ki, Rusiya tərəfi Azərbaycanın bu məsələyə baxışlarını özləri üçün müəyyən etməyə çalışacaq”.
Reyting.az
araz.az xəbər portalı.