Qarabağa dair üçtərəfli anlaşmanın yaratdığı reallıqlar; rusiyalı politoloq: “Ermənistan Rusiyayönlü ölkə deyil”; erməni generalı: “Müharibə yalanları bizi böhrana saldı…”
Rusiya prezidenti Vladimir Putinin moderatorluğu ilə Qarabağa dair 9 noyabr üçtərəfli anlaşma sənədinin imzalanamasından 11 gün keçir. Sənədə görə, cəmi 10 gündən sonra axırıncı erməni işğalçı əsgəri və mülki şəxs də yerdə qalan torpaqlarımızdan rədd olub getməlidir.
Azərbaycan Ermənistana başqa heç bir möhlət və güzəşt tanımayacaq. Düşmən ölkə və xalqının əsas işi isə indi müharibədə adlığı ağır yaraları “yalamaq”, bir də doğru-düzgün çıxış yolu tapmaqdır, nəinki özündən savayı hamını suçlu bilib, üzləşdiyi fəlakətə görə “günah keçisi” axtarmaq.
*****
Əlbəttə ki, 44 günlük savaşda uduzan təkcə Nikol Paşinyan və işğalçı ordu deyil. Bütövlükdə Ermənistandır, erməni xalqıdır. Ermənistanın ictimaiyyəti, onun siyasi elitası bu sadə reallığı və ona gətirən səbəbləri, o sırada müttəfiq Rusiyanın müharibədə niyə neytral qalmasının nədənini nə qədər tez anlasa, bir o qədər bəlkə xilas və çıxış yolunu tez bular.
Bir xalq nə qədər yalanlarla, uydurmalarla yaşayar? Bu yalanlar 44 günlük savaşda da “fontan” vurdu. Altını isə yenə bədbəxt erməni xalqı çəkir. Bu da növbəti fakt.
“Ermənistan Müdafiə Nazirliyinin informasiya mərkəzinin vəzifələrindən biri düşməni yanıltmaq idi. Ancaq bir standart var: yalan 30 %-i keçməməlidir. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatların isə 100 %-i yalan idi”.
Movses Akopyan
Bunu Ermənistan silahlı qüvvələri Baş Qərargahının təzəcə istefa verın rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olmuş general-polkovnik Movses Akopyan mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, 44 günlük müharibə ərzində yayılan yalanlar Ermənistanı dərin böhrana salıb: “Yaranmış vəziyyətə görə hələ oktyabrın 5-də Müdafiə Nazirliyinin baş hərbi müfəttişi vəzifəsindən istefa vermək qərarına gəldim, lakin döyüşlərin qızğın dövrü olduğuna görə qərarımı açıqlamadım”, – o qeyd edib.
*****
Kapitulyasiyaya görə ermənilərin Moskvanı və Qərbi suçlamasının da yeri yoxdur. Erməni xalqı nəhayət, 30 ildir, daha doğrusu, 100 ildən çoxdur getdiyi yolun yanlışlığını, ona sırf fəlakətlər gətirdiyini dərk etməlidir. Əks halda, iztirabları azalmayacaq. Şübhə yox ki, bu yolun tapılmasında Ermənistanın 1 nömrəli müttəfiqi Rusiyadan da çox şey asılı olacaq.
“Rusiyanın çiynində çox çətin yük var. O, indi Ermənistan üçün bu ağır kompromisin qarantı kimi çıxış edir”.
“Yeni Musavat” xəbər verir ki, bu barədə Moskvadakı siyasi Texnologiyalar Mərkəzinin direktor müavini Aleksey Makarkin Dağlıq Qarabağın və bölgənin gələcəyindən danışarkən deyib.
“Ancaq indi Ermənistanda bir çoxu emosional olaraq məyusdur, yerli KİV-lər Qarabağdakı silahlı qüvvələrin möhkəm dayandığını yazmaqla təhrifə yol verdi, nəticədə vəziyyət fərqli oldu. Bundan başqa, Ermənistanda Rusiyaya ümid var idi. Ermənistan tarixən Rusiyaya bağlı olub. Lakin bu əlaqələr həmişə çox fərqli xarakter daşıyıb. Bəzi mərhələlərdə Ermənistan Rusiya himayəsinə nail olub, bəzilərində taqətdən düşüb, bəzi mərhələlərdə erməni liderləri rus ordusunun bir hissəsi idi və haradasa çar Rusiyasına, daha sonra Sovet hakimiyyətinə qarşı vuruşublar”, – deyə analitik erməni toplumunun sədaqətsizliyinə işarə vurub.
Aleksey Makarkin
Onun sözlərinə görə, bu səbəbdən demək olmaz ki, Ermənistan birmənalı şəkildə Rusiya yönlü ölkədir: “Ancaq ortada tarix var, KTMT, Ermənistandakı Rusiya hərbi bazası var və bu üzdən də Rusiyanın müdaxilə edib kömək edəcəyinə ümidlər mövcud idi. Lakin Rusiyadan ötrü bu, siyasi cəhətdən mümkün deyildi. Rusiya cəmiyyəti hər hansı müharibə istəmir, əksinə, daxili məsələlərlə məşğul olmaq istəyir. Üstəlik, bu münaqişəni özününkü kimi qəbul edilmir. Ukraynadakı münaqişə qəbul edildi: çünki orada çox sayda soydaşımız vardı, amma burada həm ermənilər və azərbaycanlılar bizə yaddır. Rusiyanın Qarabağla bağlı Ermənistan qarşısında heç bir öhdəliyi yox idi. O, yalnız Ermənistan ərazisinin müdafiəsinə görə məsuliyyət daşıyır”.
Sözünə davam edən politoloq deyib: “Rusiya həmçinin Azərbaycanın MDB-dəki tərəfdaşıdır. Odur ki, Moskva birbaşa döyüş əməliyyatlarıma qarışa bilmədi və bu da inciklik və məyusluğa səbəb oldu. Rusiya nəyi mümkünsə, onu xilas elədi. Hər halda çətin şərtlər altında olsa da, ”DQR” qorunub saxlanılır. Stepanakert (Xankəndi – red.) qalır, bəzi digər şəhərlər, Ermənistanla Qarabağ arasında 5 kilometrlik dəhliz olacaq. Amma eyni zamanda, bunların hamısı 5 ilə hesablanıb və ondan sonra Azərbaycan bu müqaviləni cırıb ata bilər və Rusiya da bunun qarşısını ala bilməyəcək. Bu, Azərbaycanın Şuşanı tutmaqla Stepanakertə (Xankəndi – red.) çatmağa az qaldığı bir reallığın olduqca ağır şərtləridir”.
Rusiyalı təhlilçi 3-tərəfli sənədin İrəvan tərəfdən ləğvini isə mümkünsüz hesab edir. “Bu, həqiqətən qeyri-mümkündür. Qərar hərbi komandanlıq, Ermənistan rəhbəri tərəfindən təsdiqlənib. Təsdiq çox çətindir, amma başa düşdülər ki, artıq mübarizə aparmaq mümkün deyil. Əks təqdirdə, Stepanakert (Xankəndi – red.) bir neçə gün ərzində, onun ardınca isə hər şey itirilmiş olardı. Bu ilk sual. İkinci sual kimin günahkar olmasıdır. Ermənistanda baş nazirin günahkar olduğuna qərar verə bilərlər. Amma axı o, hakimiyyətdə cəmi iki il yarımdır, müharibəyə hazırlıqlar isə 90-cı illərdən davam edir. Ermənistanı XXI əsrə deyil, XX əsr müharibəsinə hazırlayan onlardır – əvvəlki rəhbərlər. Düşünürəm ki, Paşinyan çətin ki, burada nəyi isə yaxşıya dəyişdirə bilsin. Necə deyərlər, vuruşdular və məğlub oldular”, – deyə analitik əlavə edib.
Məğlubiyyətin altında isə Rusiya prezidentinin də imzası durur. Kapitulyasiya varsa, o zaman onun acı nəticələrinə qatlaşmalıdırlar…
“Yeni Müsavat”
araz.az xəbər portalı.