“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa uyğun olaraq, Müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarəti həyata keçirir.
Ombudsman Aparatından Mia.az-a verilən məlumata görə, informasiya sahibi olan dövlət orqanları, yerli özünüidarə orqanları və vəzifəli şəxslər tərəfindən “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinin pozulması halları ilə bağlı şikayətləri səlahiyyətləri çərçivəsində operativ şəkildə araşdırır, pozuntu hallarının aradan qaldırılması üçün müvafiq səlahiyyətli qurumlara sorğular göndərilir, müvafiq tədbirlər görülür.
Müvəkkil Səbinə Əliyevanın təşəbbüsü ilə Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi, Ombudsman haqqında Konstitusiya Qanunu və İnformasiya əldə etmək haqqında Qanun ilə müəyyən edilmiş səlahiyyətlərin icrası və bu sahədə fəaliyyəti daha da təkmilləşdirmək məqsədilə Aparatda İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsi yaradılıb.
Şöbə qanunvericiliyə uyğun olaraq informasiya əldə etmək hüququnun təmin edilməsi, informasiya əldə etmək hüququnun pozulması ilə bağlı daxil olan müraciətlərin baxılması və cavablandırılması, informasiya əldə etmək hüququnun təbliği və təşviqi, bu sahədə hüquqi maarifləndirmənin, monitorinqin həyata keçirilməsi və təhlillərin aparılması, qanunvericiliklə müəyyən edilmiş qaydada informasiya əldə etmək hüququ ilə bağlı digər istiqamətlərdə fəaliyyət göstərir.
Qeyd olunmalıdır ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 16.10-cu hədəfi də fundamental hüquq olaraq informasiya əldə etmək hüququnun beynəlxalq sazişlərə və milli qanunvericiliyin tələblərinə müvafiq qaydada təmin olunmasını nəzərdə tutur. Bu sahədə davamlı inkişaf Azərbaycan Respublikasında dövlət siyasətinin prioritetlərindən biridir. İnformasiya azadlığı insan hüquq və azadlıqlarının təminatçısı olan cəmiyyətin mühüm xüsusiyyətidir və cəmiyyətdə baş verən dinamik proseslərdən xəbər tutmaq vətəndaşların əsas ehtiyaclarından olduğundan Müvəkkil tərəfindən səlahiyyətləri çərçivəsində diqqət mərkəzində saxlanmaqla inkişaf etdirilir.
araz.az xəbər portalı.