Bütün müharibələrdə üç cəbhə olur: hərbi, diplomatik və informasiya.
Azərbaycan tarixə keçən 44 günlük hərbi əməliyyatla üç cəbhədə zəfər çaldı. Hər üç cəbhənin lideri Prezident İlham Əliyev idi.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz işğal altındakı torpaqlarımızı azad etdi, diplomatiyada bu qələbə rəsmiləşdirildi və informasiya cəbhəsində qələbə qazandıq.
Prezident İlham Əliyev Ağdam səfəri zamanı bəyan etdi ki, “Biz informasiya müharibəsində qələbə qazandıq. Biz Xocalı soyqırımı haqqında dünyaya dolğun məlumat verdik. Xocalı soyqırımı haqqında dünyada məlumat yox idi. “Xocalıya ədalət!” kampaniyası, 10-dan çox ölkə tərəfindən Xocalı soyqırımının soyqırımı kimi tanınması demək olar ki, münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərəni yaratdı və dünya ictimaiyyətinə çatdırdı”.
Son 17 ildə həyata keçirilən işlərə baxanda bu gün qazandığımız zəfərin təməllərinin atıldığını aydın görmək mümkündür.
Diplomatik sahədə ciddi uğurlar əldə edildi, münaqişənin həlli ilə bağlı hüquqi baza formalaşdırıldı, tarixi həqiqətlər və real vəziyyət dünya ictimaiyyətinə çatdırıldı.
Prezident İlham Əliyevin səyləri nəticəsində Ermənistanın və havadarlarının yaratdığı miflər alt-üst edildi, düşmən informasiya müharibəsində də məğlubiyyətə uğradı.
Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı müvafiq hüquqi baza yaradıldı. Artıq BMT, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və digər aparıcı beynəlxalq qurumların qərar və qətnamələrində Azərbaycanın ərazi bütövlüyününün təmin edilməsi öz əksini tapır. Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı açıq şəkildə dəstəklənir.
Prezident İlham Əliyev bütün beynəlxalq təmaslarda, ayrı-ayrı dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlərində, beynəlxalq tədbirlərdə iştirakı zamanı münaqişə ilə bağlı Azərbaycanın mövqeyini, tarixi və mövcud vəziyyət haqqında həqiqətləri dünyanın diqqətinə çatdırdı. Bunun nəticəsidir ki, Azərbaycanın tərəfdar çıxdığı mühüm ikitərəfli və çoxtərəfli sənədlərə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının dəstəklənməsi ilə bağlı müddəalar daxil edildi.
Buna paralel olaraq, Ermənistanın və havadarlarının müxtəlif təşkilatlarda anti-Azərbaycan xarakterli sənədləri qəbul etdirmək cəhdlərinin qarşısı məharətlə alındı. Qoşulmama Hərəkatına üzvlük və sədrlik, bu təşkilat çərçivəsində səmərəli fəaliyyət, 120 ölkənin birmənalı dəstəyi sayəsində BMT-də Ermənistanın və havadarlarının Azərbaycana qarşı növbəti təxribatının qarşısının alınması belə nümunələrdən biridir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası beynəlxalq miqyasda həyata keçirildi. Nəticədə 10-dan çox ölkə Xocalı soyqırımını tanıdı.
Beləliklə, 17 il ərzində həyata keçirilmiş doğru siyasətin nəticəsini 44 günlük müharibə dövründə gördük. Xüsusilə hərbi əməliyyatlar qədər əhəmiyyətli olan informasiya cəbhəsində əldə etdiyimiz uğurlar önəmlidir.
Prezident İlham Əliyev hərbi əməliyyatların getdiyi dövrdə dünyanın 30-a yaxın aparıcı media orqanına müsahibələr verdi, qərəzli ittihamları dəf etdi, Azərbaycanın haqq səsini dünyaya çatdırdı.
Bu qələbədə Ali Baş Komandanın komandasının əzmlə çalışması da öz nəticəsini göstərdi. Buna ən bariz nümunə kimi Prezidentin köməkçisi Hikmət Hacıyevin bəzən günün 24 saatı işləməsi, informasiya müharibəsində Ali Baş Komandanın tapşırıqlarını vaxtında və yerində həyata keçirməsi, erməni vandalizminin ifşası istiqamətində ciddi şəkildə işləməsini göstərmək olar.
Güclü ordu, doğru komanda, əzmlə çalışmaq. Qələbəmizi təmin edən məhz bu amillər oldu…
Vasif Həsənli
“Demokrat.az” xəbər portalının baş redaktoru
araz.az xəbər portalı.