kelbecer

İşğaldan azad olunan Kəlbəcər rayonu Azərbaycan Respublikasında inzibati-ərazi vahididir və inzibati mərkəzi Kəlbəcər şəhəridir. Kəlbəcər 1930-cu ildə inzibati rayon statusu alıb, Azərbaycanın ən yüksək dağ rayonudur.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə Kəlbəcərin təbii resursları və turizm potensialından danışarkən deyib.

Bildirilib ki, Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən, qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir.

Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları onlardan istismar olunan qızıl yataqları, 200 tondan çox olan civə yataqları, mişar daşı istehsalına yararlı tuf yatağı, kərpic istehsalına yararlı gil yatağı, yüngül beton doldurucusu kimi istifadə olunan perlit yatağı, üzlük daş yatağı, qum-çınqıl qarışığı yatağı, gözəl dekorativliyə malik dörd mərmər oniksi nefroid yatağı, bir obsidian yatağı, bir listvenit yatağı var.

Sənaye ehtiyatları dövlət balansında qeydə alınan civə yatağı Kəlbəcər filiz rayonunda yerləşən Levçay yatağıdır. Həmin rayonda yerləşən digər civə yatağının ehtiyatları istismar nəticəsində tükənib.

Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun sənaye hissəsinin mədənçıxarma səhəsində metalların, xüsusən də nəcib metalların hasilatı önəmli yer tutur. Kəlbəcərdə olan qızıl yataqları ölkədə bu sahədə yeni inkişaf templərinə səbəb olacaq.

Ölkənin yeni qızıl yataqlarının istismara verilməsi gələcəkdə “sarı metal”ın hasilatını nəzərə alsaq, dünya bazarında qızılın qiymətinin qalxması, Azərbaycan üçün müsbət tendensiya olacaq. Qeyri-neft sektorunda üç lider məhsuldan biri hesab olunan qızılın ixracı Zəngilan və Kəlbəcər rayonlarının potensialından səmərəli istifadə etdikdən sonra daha da artacaq.

Yuxarı İstisu, Aşağı İstisu kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları da var. Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var. zirvələri Gamış dağı və Dəlidağdır. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir.

İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilib. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi. Rayonun İstisu qəsəbəsində İstisu sanatoriyaları fəaliyyət göstərirdi. Orada hər il 50 mindən artıq insan müalicə olunur, eyni zamanda istirahət edirdi. Bu sanatoriyaların yenidən bərpası və fəaliyyət göstərməsi bura olan turist marağının sayını artıracaq.

Kəlbəcər rayonu bir çox turistlərdə də maraq yaradacaq tarixi abidələrlə zəngindir. Burada alban dövrünə aid xeyli tarixi abidələr var. Erməni vandallığı tarixi abidələrimizə zərər vurmaqla öz vəhşiliklərini dünyaya göstərmiş oldular. Sübut etdilər ki, bu tarixi abidələr, bu torpaqlar heç zaman onların olmayıb. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı – “əkiz”lərdir.

Kənd təsərrüfatında əsasən heyvandarlıq və əkinçilik inkişaf edib. Kəlbəcər rayonunun relyefi daha çox heyvandarlıq sahəsinin inkişafı üçün əlverişlidir. Rayonda əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılıb. Yüksək dağlıq ərazilərin əhəmiyyəti ondan ibarətdir ki, iqlim şəraiti və dağ çəmən torpağından yaylaq kimi istifadə oluna bilər. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır.(oxu.az)

araz.az xəbər portalı.