WhatsApp Image 2020 11 25 at 23.05.38Qüdsi OSMANOV: “Qarabağdakı 30 illik ədalətsizliyə son qoyuldu. Buradakı erməni varvarlığına, erməni daşnakları tərəfindən  törədilən bağışlanmaz cinayətlərə və dağıntılara görə, Ermənistan Azərbaycana külli miqdarda təzminat ödəməlidir” 

 
Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun “Ermənistanın Azərbaycana 1 trilyon dollardan çox borcu var” başlıqlı olduqca maraqlı və geniş müsahibəsi, noyabr ayının 25-də, həmin ölkənin bir sıra media vasitələrində rus və rumın dillərində dərc edilib. Səfirlikdən araz.az-a verilən məlumatda bildirilir ki, Qüdsi Osmanovun həmin müsahibəsi Ermənistanın Qarabağdakı 30 illik varvarlığı barədədir. 

“Havadarlarının köməyi ilə, erməni daşnakları misilsiz görkəmə malik bu Azərbaycan torpaqlarını işğal edərək, 30 il burada qanunsuz yaşadılar. Bu azmış kimi,  düşmən, işğal edilmiş torpaqlarımızda təbiətə qarşı ekoloji terror törətməkdən, meşələri məhv etməkdən, tarixi abidələri, məscidləri, məbədləri, qəbiristanlıqları, məktəbləri və digər ictimai binaları, yaşayış evlərini varvarcasına dağıtmaqdan belə çəkinmədi. 
Nəhayət, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının atdığı qətiyyətli addım nəticəsində, rəşadətli Milli Ordumuz Qarabağdakı 30 illik ədalətsizliyə son qoydu. Bu möhtəşəm qələbəmizdən sonra isə, həm də görünən o oldu ki, buradakı erməni varvarlığına, erməni daşnakları tərəfindən  törədilən bağışlanmaz cinayətlərə və dağıntılara görə, Ermənistan Azərbaycana külli miqdarda təzminat ödəməlidir!” — deyə, səfir öz müsahibəsində, Qarabağ münaqişəsi barədə dünya ictimaiyyətinin  marağında olan bir sıra məsələlərə belə aydınlıq gətirib. Xüsusi olaraq onu vurğulayıb ki, ermənilər işğal etdikləri torpaqlarımızın təbii sərvətlərini 
oğurlayıb talamaqla, ötən 30 ildə Azərbaycana böyük ziyanlar vurub.                                                     
Müsahibəsinin bu yerində, səfir Qüdsi Osmanov Azərbaycan Prezidenti İlham Əliyevin saysız-hesabsız hərbi cinayətlər törədən ermənilərin beynəlxalq məhkəmələrə veriləcəyinə dair çıxışlarını da xatırladıb. Bildirib ki, Azərbaycanın ən zəngin faydalı qazıntı yataqları işğal olunmuş ərazilərdə qalmışdı. Məlum olduğu kimi, işğal olunmuş ərazilərdə ölkənin iqtisadi potensialı üçün əhəmiyyətli olan 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən, 5 qızıl yatağı yerləşir. Hətta bir ara Azərbaycanın “R.V. Investment” qızıl şirkəti bu ərazilərdə qanunsuz fəaliyyət göstərən erməni şirkətinin başında duranlara bildirib ki, başqa dövlətin torpaqlarındakı yataqların istismarı barədə, həmin ölkənin hökuməti ilə müqavilə imzalamadan, orada keçirilən hər hansı bir əməliyyat beynəlxalq məsuliyyətlə nəticələnə bilər. Bu ciddi xəbərdarlığa baxmayaraq, Azərbaycanın Kəlbəcər və Zəngilan rayonları ərazisində olan zəngin qızıl yataqları bütün beynəlxalq hüquq normalarına məhəl qoyulmadan, uzun zaman ermənilər tərəfindən qanunsuz idarə edilib. Həmçinin erməni iş adamları mədənlərimizdən və ehtiyat yataqlarımızdan digər qiymətli metal ehtiyatlarımızı da vəhşicəsinə talamaqdan, Ermənistana daşımaqdan çəkinməyiblər. 
Səfir müsahibəsində onu da xüsusi vurğulayıb ki, bütün bunlar ermənilər tərəfindən törədilən qatı və bağlanmaz cinayətlərdir. Məhz buna görə də, istehsal vasitələrində qanunsuz olaraq Azərbaycan qızılından istifadə edilən dünyaca məşhur İsveçrə saat markası “Franck Muller Group” şirkətinin qurucusu və baş icraçı direktoru Vartan Sirmakeslə yanaşı, bir çox erməni cinayətkarlar Azərbaycan istintaq orqanları tərəfindən beynəlxalq axtarışa verilib. Ümumiyyətlə, vəhşilik əlaməti olan bu və bu kimi varvar hərəkətlərinə görə, erməni əsilli çoxları qanun qarşısında cavab verməli olacaqlar. Çünki İkinci Qarabağ müharibəsindən 2 il əvvəl Ermənistanın Azərbaycana vurduğu zərərin miqdarı 818 milyard 880 milyon ABŞ dolları təşkil edirdisə, hazırda həmin rəqəm 1 trilyon ABŞ dollarından çoxdur. Elə, Ermənistan bağışlanmaz bu cinayət və dağıntılara görə, Azərbaycana bu miqdarda da təzminat ödəməlidir. Təbii ki, düşmən qüvvələrin Azərbaycana bu yöndən vurduğu ziyan tezliklə beynəlxalq ekspertlərin iştirakı ilə də hesablanıb, öz təsdiqini tapacaq. Çünki Ermənistanın Azərbaycana külli miqdarda borclu olduğunu, hətta, Ermənistanın keçmiş Baş prokuroru və bu ölkənin İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki sabiq nümayəndəsi Gevork Kostanyan Moskva Sülh Sazişinə dair fikirlərində də açıq şəkildə diqqətə çatdırıb. Erməni əsilli bir çox tanınmışlar belə, bunu, Gevork kimi etiraf etməyə məcbur olublar.
Müsahibəsinin bu yerində isə, bir sıra mütəxəssislərin və ekspertlərin fikirlərinə istinad edən səfir, Azərbaycanda, Ermənistanın ölkəmizə vurduğu zərərin ödənilməsinin beynəlxalq hüquqa əsaslanaraq, təmin edilməsi istiqamətində hərtərəfli işlər aparıldığını və bu ciddi işlərə beynəlxalq qurumların cəlb edildiyini də bildirib. Qeyd edib ki, elə, bu iddia ilə də, Azərbaycan hökuməti beynəlxalq məhkəmələrə müraciət etməyə hazırlaşır.
Qüdsi Osmanov xüsusi maraq doğuran bu müsahibəsində ölkəmizin bu məhkəmə proseslərində qalib olacağına mütləq əminlik də ifadə edib.
 
 
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri. 
 
REDAKSİYADAN:
Qüdsi Osmanovun həmin geniş müsahibəsi Moldovanın bir sıra mətbuatında dərc edilib. Həmin müsahibə ilə, bu linklər vasitəsilə də tanış ola bilərsiniz: 
1. https://deschide.md/ru/russian_news/opinion_ru/76020/%D0%97%D0%B0%D1%8F%D0%B2%D0%BB%D0%B5%D0%BD%D0%B8%D0%B5–%D0%90%D1%80%D0%BC%D0%B5%D0%BD%D0%B8%D1%8F-%D0%B4%D0%BE%D0%BB%D0%B6%D0%BD%D0%B0-%D0%90%D0%B7%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%B9%D0%B4%D0%B6%D0%B0%D0%BD%D1%83-%D0%B1%D0%BE%D0%BB%D0%B5%D0%B5-1-%D1%82%D1%80%D0%B8%D0%BB%D0%BB%D0%B8%D0%BE%D0%BD%D0%B0-%D0%B4%D0%BE%D0%BB%D0%BB%D0%B0%D1%80%D0%BE%D0%B2.htm 
2. https://noi.md/ru/v-mire/posol-za-vse-nuzhno-platiti?prev=1 
3. https://ava.md/2020/11/25/armeniya-dolzhna-azerbaydzhanu-bolee/ 
4. https://www.ipn.md/ru/armeniya-dolzhna-azerbaydzhanu-bolee-1-trilliona-dollarov-7542_1077926.html 
5. https://noi.md/md/in-lume/ambasador-pentru-toate-vor-trebui-sa-raspunda

araz.az xəbər portalı.