ilham manset esasjpg 1577368516Prezident İlham Əliyev “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

araz.az  xəbər verir ki, sərəncamla “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” təsdiqlənib.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tapşırılıb ki, sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin, həmin Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Məlumata görə, Fəaliyyət Planının məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizm formalaşdırılmasından və aidiyyəti dövlət orqanlarının (qurumların) qarşılıqlı fəaliyyətinin təmin edilməsindən ibarətdir.

Fəaliyyət planı 5 istiqamətdə həyata keçirilən tədbirlərin davamlılığını təmin edir:

– uşaqların müdafiəsi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq təcrübədən yararlanmaqla bu sahədə çevik institusional mexanizm formalaşdırılması;

– erkən yaş dövründə uşaqların fiziki və əqli inkişafının təmin edilməsi, sağlam qidalanması istiqamətində tədbirlər görülməsi, eləcə də uşaqların sağlam böyüməsi üçün göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması;

– valideyn himayəsindən məhrum olmuş, baxımsız, sosial təhlükəli vəziyyətdə olan uşaqların sosial xidmətlərə əlçatanlığının artırılması və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların daha keyfiyyətli təhsillə təmin edilməsi;

– uşaqların milli-mənəvi ruhda tərbiyə olunması, istedad və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində tədbirlər görülməsi;

– uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin araşdırılmasına dair mütəmadi monitorinqlərin keçirilməsi və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi.

araz.az

araz.az xəbər portalı.