Bu gün Beynəlxalq Diaspor Mərkəzi
Fransa Senatının qərəzli qətnamə qəbul etməsinə etiraz olaraq, bu ölkənin Azərbaycandakı səfirliyinin qarşısında daha bir etiraz aksiyası keçirib. araz.az xəbər verir ki, bu Qeyri – Hökumət Təşkilatının nümayəndələri Qarabağla bağlı Fransanı ədalətli olmağa, beynəlxalq hüquqa hörmət etməyə çağıran müxtəlif şüarlar səsləndiriblər.Səfirlik qarşısında
bəyanat səsləndirən aksiya iştirakçıları xüsusi olaraq onu vurğulayıblar ki, Fransa Senatının qəbul etdiyi həmin qətnamədə əks olunmuş müddəalar Qarabağla bağlı noyabrın 10-da əldə edilmiş razılaşmaya birbaşa kölgə salır.
Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayevin aksiyada səsləndirdiyi fikirlər daha maraqlı olub. O, əsasən onu qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü bütün dünya və beynəlxalq təşkilatlar tanıyır. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsi olsa da, həmin sənədləri Azərbaycan hərbi gücü hesabına icra etdi. Belə bir halda, Fransa Senatının bu cür qondarma məsələyə baxmaq cəhdi Azərbaycanın vətəndaş cəmiyyəti tərəfindən etirazla qarşılanır. Ümumiyyətlə,
Fransa Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş çoxsaylı beynəlxalq cinayətlərə, dinc əhaliyə qarşı dəfələrlə həyata keçirilmiş terror və vandalizmə göz yumaraq, riyakarlığını və ikiüzlülüyünü bütün dünyada nümayiş etdirib. Elə, bu qətnamə də, əldə edilmiş sülhü təhlükə altına atır. Bu ölkənin dövlət başçısının belə bir qətnaməyə göz yumması isə, birbaşa beynəlxalq qanunlara qarşıdır. Bütün bunlara baxmayaraq, Azərbaycan öz halal dədə-baba torpaqlarından düşməni qova bilir və erməni vandalları ilə bərabər, onlara dəstək verən bəzi dövlətlərin istəklərini də gözlərində qoyur — Fransa prezidenti Makron kimi! Məhz bu səbəbdən də, onun puç olan istəklərinə və xatirəsinə hazırladığımız qara çələngi səfirlik önünə qoymağı qərara almışıq.
Senatın bədnam qətnaməsini pisləyən və ləğv olunmasını tələb edən piket iştirakçıları dövlət səviyyəsində Fransa ilə bütün əlaqələrin dayandırılması üçün də çağırış ediblər. Bildiriblər ki, Senatın bu bədnam qətnaməsi BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa adına böyük rüsvayçılıq və qara ləkədir. Məhz bu səbəbdən də, Fransa ATƏT-in Minsk qrupunun həmsədrlik mandatından və vasitəçilik missiyasından imtina etməlidir.
Çünki Qarabağ Azərbaycandır!
[bt_youtube url=”https://www.youtube.com/embed/dZeoEeRsb6U” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.