Yeni yaradılan Böyük Dayaq Partiyasının (BDQ) sədri Mirkazım Seyidovun Azinforum.az saytına verdiyi sonuncu videomüsahibəsində səsləndirdiyi bəzi fikirlər müzakirlərə səbəb olub. Onun “on illərdir siyasi fəaliyyətlə məşğul olan, bütün seçkilərdə iştirak etmələrinə baxmayaraq, heç bir nəticə əldə edə bilməyən siyasi partiyaların qeydiyyatı ləğv edilməlidir” fikri bəzi siyasi partiyaların sədrləri tərəfindən tərəfindən birmənalı qarşılanmayıb. Prezident, parlament, bələdiyyə seçkilərində heç bir nəticə əldə edə bilməyən partiyaların ləğvi nə dərəcədə realdır? Ümumiyyətlə, bu doğru addımdırmı?
Bütün bu suallara cavab almaq üçün Azsiyasət.com saytı partiya sədrlərinin fikirlərini öyrənib.
M.Seyidovun fikirlərinə münasibət bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu saytımıza açıqlamasında bildirdi ki, siyasi partiyalar yalnız hakimiyyətə gəlmək üçün yaradımayıb: “Siyasi partiyaların kifayət qədər müxtəlif vəzifələri var və o vəzifələri də şəxsən biz layiqincə yerinə yetiririk. Bir halda ki, yeni yaradılmış bir partiya digər partiyaların ləğvi ilə bağlı danışırsa, onu kimin və niyə yaratdığı məlumdur”.
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev indiki məqamda, siyasi partiyaların vahid mövqedən çıxış elədiyi bir ərəfədə belə bir təkliflə çıxış etməyi yersiz addım adlandırıb: “Ölkəmizdə təxminən 20-22 siyasi təşkilatın fəaliyyəti var, qalanı onsuz da yoxdur. Mirkazım Seyidovun dediklərinə bir aydınlıq gətirim. Partiyaları süni şəkildə sıradan çıxarmaq olmaz. Bu, ölkədə keçirilən normal seçkilərin nəticəsi kimi mümkün ola bilər. Onsuz da şəffaf seçkilər keçirilsə, hansı partiyanın gücü varsa, o qalacaq, kimin gücü yoxdursa, o da sıradan çıxacaq. Bəli, düzdür ki, siyasi partiyaların maliyyə hesabatlarında problemlər var. Amma indiki dövrdə belə bir təklif vermək doğru deyil”.
Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev qeyd edib ki, indiyə qədər xeyli sayda partiya böyük iddialarla yaradılıb: “İndi Mirkazım Seyidov hələ gəlsin, bir görək məqsədi nədir. Görünür, kimlərinsə fitvası ilə hərəkət edir. Biz 30 ildir siyasətdəyik, prezident və parlament seçkilərində də iştirak etmişik. Biz öz sözümüzü demişik. Görünür, bəziləri nəsə fikirləşirlər. Partiya yaratmaq onun hüququdur. Gəlsin görək, məqsədi və fəaliyyəti necə olacaq. Çox adam olub ki, böyük iddialarla partiya yaradıb, belələri çox olub”.
araz.az xəbər portalı.