İllərdir ki, “Azərsu” ASC-də və onun yerli sturukturlarında çoxsaylı maliyyə maxinasiyalarına və digər çoxsaylı qanunsuzluqlara qol qoyulması faktı, sanki adi məişət məsələlərinə bənzəyir. Çünki, geniş ictimaiyyət arasında dolaşan söz-söhbətlərə görə, bir növ rəhbərlik etdiyi qurumu “ailə ansamblı”na çevirən Qoxmaz Hüseynov, bu gün də oxşar əməllərindən əl çəkmir və yerlərdə sukanal idarələrinə rəhbərlik edən şəxslərə “minbir maxinasiyalara” qol qoymaq üçün lazımi şərait də yaradır. Düşündürücü hal odur ki, olduqca strateji əhəmiyyət kəsb edən bir quruma rəhbərlik edən bu şəxs, məhz xalqın daha çox narazılıq etdiyi vəzifə sahiblərinə daim “yaşıl işıq” yandırmaqla məşğul olur. Məsələn, illər uzunu Sumqayıt Sukanal İdarəsinin rəisi vəzifəsini daşımış Darvin Hüseynov, ötən il daşıdığı vəzifəsindən azad olundu və o, “Azərsu” ASC-nin 8 saylı Tovuz Regional Sukanal İdarəsinə rəis təyin olundu. Diqqət yetirək ki, bu şəxs Sumqayıtda qol qoyduğu maxinasiyalara görə, məhz ən böyük korrupsioner, rüşvətxor, kasıb malına “qənim kəsilən”, üzərinə düşən vəzifəsinin öhdəsindən lazımınca gəlməyi bacarmayan, bir sözlə yarıtmaz kadr imicini qazanmış şəxs olaraq, hər kəsin yaddaşına həkk olunmuşdu. Belə bir göstəriciləri özündə cəmləşdirən və əksəriyyətin qınaq obyektinə çevrilən bu şəxs, çox keçmədi ki, Qoxmaz Hüseynovun müvafiq əmri ilə Tovuz Regional Sukanal İdarəsinə rəis təyin olundu. Əslində, əksəriyyət onun qol qoyduğu çoxsaylı maxinasiyalara görə cəzalandırılacağnı gözləsə də, bu heç də baş vermədi və “Azərsu” ASC-nin prezidenti onu yeni vəzifə ilə “ödüllədi”. Bu da o deməkdir ki, Qoxmaz Hüseynov ictimai rəylə hesablaşmayan vəzifə sahibidir və o, hər kəsə “qıcıq gəlsin” deyə, məhz belə bir addımını atır.
Bir faktı da qeyd edək ki, uzun illər ərzində “Azərsu” ASC-nin tabeli qurumlarında çalışan və müəyyən qədər iş təcrübəsi toplayan Darvin Hüseynova qarşı ilk vaxtlarda əksəriyyət tərəfindən inam hissi formalaşsa da, zaman keçdikcə o, bütün ümidləri heçə endirdi. Buna da əsas səbəb, adı çəkilən bu şəxsin qazandığı iş təcrübəsini rəhbərlik etdiyi sahəyə yönəldib problemlərin aradan qaldırlmasına cəhd etməməsi olur. Redaksiyamızı məlumatlandıran mənbənin açıqlamasına görə, bu şəxs hal-hazırda da əsas fəaliyyətini özünəməxsus maddi maraqların təmin olunmasına yönəldir və rəhbərlik etdiyi Tovuz Regional Sukanal İdarəsində mümkün qədər öz adamlarını işlə təmin edir. Onu da unutmaq olmaz ki, Darvin Hüseynov hansı şəxsi işə götürürsə həmin şəxsdən, yaxud da onun yaxınlarından müəyyən etdiyi “haqq-hesab”nı alır. Adicə bir məqama diqqət yetirək ki, idarə rəisi vəzifəsini daşıyan bu şəxs vəzifəsinin icraasına başladıqdan az sonra, ona bu və ya digər yollarla bağlı olan şəxslərin bir çoxunu işlə təmin edir. Məsələn, bacısının həyat yoldaşı Mehman Həsənovu Regional Sukanal İdarəsində texniki şöbəyə rəis təyin edir. Mehman Həsənovun kürəkəni Rəsul adlı şəxsi sürücü ştatına işə götürür və bu şəxsin əmisi oğlu Elşən Bayramquliyevi, qardaşının bacısı oğlu Cavid Əmiraslanovu və bacısı nəvəsi Lalə İsmayılovanı da digər işlərlə təyin edir. Darvin Hüseynov özünə müəyyən yollarla bağlı olan İdris Qasımovu da, Sukanal İdarəsində əməyin təşkili şöbəsində mühəndis vəzifəsinə təyin etməyi bacarır. İddialara görə o, bir müddət bundan öncə Arif İsayev adlı şəxsdən 1000 manat, Ülviyyə İsayeva adlı xanımdan isə 2 min manat alır və hər iki şəxsi işlə təmin edir. Darvin Hüseynov Oruc Orucov və Həmid Orucov adlı şəxslərin hər birindən 2 min manat “haqq-hesab” aldıqdan sonra, hər iki şəxsi idarədə ştat cədvəli üzrə işə götürür. Hər kəs bu iki şəxsin atabala olduqlarını da qeyd edirlər. Başqa bir iddiada o da vurğulanır ki, Regional Sukanal İdarəsinin rəisi Emin Valehli adlı şəxsdən 3 min “cibxərcliyi” alır və onu idarənin informatika şöbəsində işə düzəldir. Buna baxmayaraq, nədənsə kollektiv üzvlərinə bəlli olmayan səbəblərdən belə bir təyinat uzun müddət müzakirə mövzusuna çevrilir.
Müəyyən çevrələrdə dolaşan söz-söhbətlərə görə Regional Sukanal İdarəsinin rəisi Tovuzda vəzifəsinin icraasına başladıqdan az sonra, aldığı rüşvətin məbləğini bir neçə dəfə artırır. Məsələn, yeni tikilən fərdi evlərdə abonentlər suya və kanalizasiya xətlərinə görə texniki şərt almalıdırlar. Bunun üçün “Azərsu”nun mütəxəssisləri layihə və smeta hazırlamalı, abonentlər tərəfindən ASC-nə isə müəyyən məbləğdə pul vəsaitləri ödənməlidir. Bu kimi işlərin görülməsi müəyyən qədər vaxt aparan məsələ olsa da, Darvin Hüseynov abonentləri belə bir problemdən azad etməyi bacarır. Yəni, o, elə bir qaydalar tətbiq etdirir ki, son anda dövlətə çatası pullar artıqlaması ilə onun özünə çatdırılır. Bununla bağlı bir kimsəyə heç bir halda qəbz-filan verilmir. Ümumiyyətlə, qohum-əqrəbasını başına yığıb dövlət əmlakınını talamaqla məşğul olan Darvin Hüseynovun bu gün də korrupsiya əməllərini sadalamaqla qurtarmaq olmur.
O da hər kəsə bəllidir ki, ölkəmizdə meliorasiya təsərrüfatının əsaslı inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Son illər ölkə iqtisadiyyatının bütün sahələri, o cümlədən kənd təsərrüfatı sahəsi də keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Bu baxımdan meliorasiya və su təsərrüfatı işçilərinin əkinçilərə göstərdikləri köməyin əhəmiyyətinin və miqyasının artırılmasına ciddi zərurət yaranıb. Bundan əlavə, əhalinin içməli su təchizatının yaxşılaşdırılması, təxirəsalınmaz layihələrin həyata keçirilməsi, təmir-bərpa işlərinin səmərəliliyinin yüksəldilməsi və s. kimi addımların atılması, bu gün də olduqca önəm daşıyan məsələlərdəndir. Qarşıda belə bir əsaslı vəzifələrin yerinə yetirilməsi dursa da, hələ ki, 8 saylı Tovuz Regional Sukanal İdarəsinə rəisi vəzifəsini daşıyan Darvin Hüseynovu, bu yöndə addımlarını atmaq yox, daha çox maddi maraqlarını təmin etmək düşündürür. Əslində o, belə bir addımları ilə ölkə rəhbəri cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətə düşünülmüş şəkildə kölgə salır, vətəndaş narazılığı yaradır, ictimaiyyət arasında dövlət orqanlarına inamsızlıq hissinin formalaşmasına səbəb olur. Bütün bunlar onu təsdiq edir ki, Hüseynov soyadını daşıyan bu şəxs yerli sakinlər üçün ciddi bir problemdir. Düşünürük ki, ötən illər ərzində ASC-nə məxsus büdcə pullarını mənimsəməklə, rəhbərlik etdiyi qurumda qohumbazlıq, dostbazlıq faktorunu qabartmaqla və digər qanunsuz addımlarını atmaqla adını dillər əzbəri etmiş Darvin müəllimlə vidalaşmağın zamanı çoxdan çatıb. Odur ki, …
Bu yöndə araşdırmamızı davam etdirəcəyik. Odur ki, bizi izləməyi unutmayın.
araz.az xəbər portalı.