“Biz dövlət sərhədlərinə tam nəzarət edirik. Ölkənin dövlət sərhədləri tam bərpa olunub. Azərbaycan Qarabağ ətrafı bütün rayonları azad etdi. Artıq Azərbaycanda qaçqın yoxdur. Qələbəmiz böyükdür. Tam qələbə üçün çalışmalıyıq. Könül istər ki, İrəvanda olsun, Göyçədə, Zəngəzurda olsun. Arzular yaxşıdır. Amma dünya və ölkə reallıqları düşünməyə və düzgün qərar verməyə məcbur edir”.
araz.az Turkustan.info-ya istinadən xəbər verir ki, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.
Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsi məsələsinə İ.Ağazadə belə münasibət bildirib: “Rusiya sülhməramlılarının Azərbaycanda olması bu gün hər kəsi haqlı olaraq narahat edir. Biz Şuşadan o yana bir addım da atsaydıq, Rusiya hərbi müdaxilə edəcəkdi. Biz hazırda son 200 ildə ola bilmədiyimiz ən yaxşı yerdəyik. Rusiya müqavilə əsasında, razılıqla gəlib və bu müqavilənin müəyyən şərtləri var ki, tərəflər ona əməl etməlidir. Siz istəyirsiz ki, dünyanın illərdir mübarizə apardığı Rusiyaya biz 44 günə qalib gələk? Rusiya harda varsa orda savaş var, nizamsızlıq var. Bunu qəbul edirik. Amma müharibə masa üzərində davam edir. Biz bundan sonra daha da möhkəm birləşməli və öz xeyirimizə çalışmalıyıq”.
İ.Aağzadə onu da bildirib ki, bu gün Qarabağ məsələsində kimsə müxalif olmağa çalışmasın: “Qələbə məsələsində, Qarabağ məsələsində kimsə müxalif olmağa çalışmasın. Bu ölkədə müxalif olmaq üçün nə qədər problem var. Gedib o problemlərə görə müxalif olun. Amma Qarabağda gedən proseslərdə hamımız birləşməli, hər kəs öz üzərinə düşən işi yerinə yetirməlidir”.
Xocalı və Xankəndidə Azərbaycan bayrağının nə zaman dalğalanacağı barədə verilən suala partiya sədri belə cavab verib: “Biz elə bilirik ki, bayrağı vurub qoltuğumuza gedib Xankəndinə sancmaqla hər şey bitəcək. Belə deyil, bu işlər səbrlə və addım-addım, tələsmədən getməkdir. Bir çamadan pul aparıb Xocalıda xərcləməklə orada bizim pulun işləməsini təmin etmək olmaz. Bütün bu işlər planlı şəkildə həyata keçirilməlidir. Yaşayış yerləri tikilməli, insanlar köçürülməlidir. Elə sən Xocalıdansan deyə sən getməli deyilsən, hər kəs gedə bilər, o yerlər Xocalıdan, Füzulidən, Kəlbəcərdən olan adamlardan çox orada şəhid olan, qazi olan adamlarındır. Biz hamımız bu gün birləşməli və Xankəndinə, Xocalıya gedəcəyimizi, o yerlərin bizə aid olduğunu sosial şəbəkələrdə yazmalı və bundan sonrakı mərhələ üçün də çalışmalıyıq”.
araz.az
araz.az xəbər portalı.