Xəbər verildiyi kimi, keçmiş Müsavat başqanı, Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər səhhətində yaranmış problemlərlə əlaqədar Ankarada müalicə aldıqdan sonra evə buraxılıb.
Milli azadlıq hərəkatnın liderlərindən biri olan sabiq parlament sədrinin ürək xəstəliyi ilə bağlı bundan sonra bir daha siyasətlə məşğul olmayacağı haqda söz-söhbət yayılıb. Bununla bağlı İsa Qəmbərin hərəkat silahdaşı, Strateji Düşüncə Mərkəzinin fəal üzvü olan İsgəndər Həmidovla telefon əlaqəsi saxladıq.
Moderator.az-a açıqlamasında keçmiş daxili işlər naziri sabiq spikerin səhhəti haqqında bunları söylədi:
“İsa bəyin sağlıq durumu yaxşıdır, şükür Allaha… Türkiyədə xəstəxanadan çıxıb. Demək olar ki, hər gün telefonla danışırıq… Deyir ki, hər şey yaxşıdı, normaldı… Bu gün də Ankaradan Bakıya uçur… İnşallah, bir azdan hava limanına İsa bəyi qarşılamağa gedəcəm…”
Həmsöhbətimiz İsa Qəmbərin siyasətdən uzaqlaşacağı haqda söz-söhbətin əsassız olduğunu da ifadə etdi:
“Bəzi ağzıgöyçəklər, skeptiklər belə sözlər yayır ki, guya İsa Qəmbər artıq səhhətinə görə siyasətdən uzaqlaşacaq. Bunlar hamısı boş cəfəngiyyatdır. İnsanın xəstələnməsi, müalicə alması normal haldır. İsa bəy də xəstələndi, gərəkli müalicə aldı və bundan sonra da əvvəlki qaydada siyasi fəaliyyətinə davam edəcək… Mən də neçə dəfə xəstələnib müalicə almışam… Gördüyünüz kimi, bu gün də fəaliyyət göstərirəm…”
“Qəribədir ki, bu ölkədə bir para adamlar insan xəstəliyi ilə də, insan bədbəxtçiliyi ilə də alver etmək istəyirlər… İnsan da xəstə haqqında yazar ki, Allah səni öldürsün?.. Bu, artıq insanlığın bütün çərçivələrindən kənara çıxmaqdır…”- deyə İsgəndər Həmidov siyasi meydanda baş verən belə hallardan təəssüfləndiyini bildirdi.
araz.az xəbər portalı.