Screenshot 1 40

“Türkiyə hərbçilərinin gəlməsinin və azərbaycanlılarla ermənilərin arasında durmasının mənası yoxdur. Ermənilər üçün Türkiyənin hərbi iştirakı təhlükəsizlik hissini artırmır, əksinə…”

Bu fikirlərin altına məsələn, Ermənistan parlamentinin ən ləçər, şərçi qadın deputatlarından biri olan, hər imkan düşəndə Azərbaycanı və Türkiyəni “xortdan” obrazında göstərməyə çalışan Naira Zöhrabyanın imzasını qoysaq, hər kəs buna inanar. Çünki belə bir fikri yalnız erməni millət vəkili, yaxud uzağı Ermənistanın mənafelərinə xidmət edən Rusiya deputatı deyə bilər və deyir də. 

Ancaq yox, bunu Azərbaycan Milli Məclisinin üzvü, kimlərinsə adını millət vəkili qoyduğu Rasim Musabəyov Rusiyanın NTV kanalına açıqlamasında deyib.

Faktiki olaraq, Türkiyənin bölgəyə gəlişi və sülhməramlı qismində çıxışına qarşı olan bu fikirlərin Azərbaycanın milli maraqlarına nə dərəcədə uyğun olduğunu xüsusi izah etməyə yəqin ki, ehtiyac yoxdur. 

Ancaq bu politoloq, Elmar Məmmədyarovun tüksüz formasını xatırladan qafasıyla sanki başa düşmür ki, ermənilərin təhlükəsizliyini və maraqlarını təmin edənlər artıq noyabrın 10-dan Qarabağa gəliblər, Türkiyənin bölgədə hərbi varlığı isə ermənilərin yox, Azərbaycanın təhlükəsizliyinin təminatı üçündür. Guya başa düşmür bunu? 

Əlbəttə ki, gözəl başa düşür. Sadəcə, tipi, növü, qafası, nəhayət, məramı bir zamanlar Azərbaycanı Prezident Aparatındakı məlum postdan idarə edənlər kimi azərbaycançılıqdan, türkçülükdən uzaqdır. 

Belələrinin kimlərə, hansı qüvvələrə xidmət etdikləri elə də böyük sirr deyil. O və onun kimilər üçün bəlkə də “sülhməramlıların” Qarabğda yox, Bakıda yerləşdirilməsi ən ideal variant olardı. Hələ üstəlik erməniləri də yığıb buraya gətirərdilər…

Ümumiyyətlə, kimə, nəyə lazımdır axı belə “politoloqlar”? Rusiyanın buradakı danışan dili olmaq üçünmü? Bəlkə müharibənin gedişində gecə-gündüz Rusiya və digər xarici ölkələrin telekanallarında, internetdə, sosial şəbəkələrdə durmadan Azərbaycanın mövqeyini müdafiə edən, xarici media orqanlarına açıqlamalar verən görmüşük bunu? Xeyr! 

Beləsi bu ağır günlərdə də bir şeyə yaramırsa, əksinə, sözün əsl mənasında yaramaz fikir və açıqlamalar verirsə, dövlətin, xalqın, elə hakimiyyətin özünün mövqeyinə, maraqlarına zərbə vurursa, bunun Azərbaycan bayrağının əks olunduğu deputat nişanı gəzdirməyə hansı mənəvi haqqı ola bilər?

Bu adam milliyətcə rus olan deputat Mixail Zabelin qədər də olmadı. İnanın ki, hətta o da Rusiyanın xoşuna gəlmək üçün belə ziyanlı mövqe ortaya qoymazdı. Əksinə, Zabelin ən azından bəzi açıqlama və addımlarıyla müharibə dövründə Musabəyov kimilərdən daha çox azərbaycanlı oldu!

Nəhayət, belələrini o parlamentə oturdanlar heç olmasa onlara başa salsınlar ki, millətin bu tarixi, həssas, kədərlə, şəhid qanı ilə yoğrulmuş gözü yaşlı sevincini yaşadığı günlərdə insanların əsəblərilə, xalqın heysiyyatıyla oynama, ağzını yum otur.

Adamdakı düşüncəyə baxın, sonradan NTV-də səsləndirdiyi bu biabırçı fikirlərinə haqq qazandırmağa çalışan Musabəyov deyib ki, “bunu Rusiya auditoriyası üçün səsləndirmişəm”, yəni onlara xoş gəlmək üçün. 

Belə çıxır ki, bir millət vəkili, yaxud siyasətçi öz ölkəsi üçün strateji və tarixi əhəmiyyət kəsb edən məsələni müsahibə verdiyi ölkənin auditoriyasına uyğunlaşdırmalıdır? Deməli, “tovariş” Musabəyov erməni telekanalına açıqlama versəydi, deyəcəkdi ki, Qarabağ Ermənistana məxsusdur və Azərbaycan nahaq yerə bu torpaqları azad edib? 

Bəlkə də bu başabəla politoloq düşünüb ki, Azərbaycanda heç kim NTV-yə baxmır və orada ağzına gələni danışa bilər. Və bir məsələ də maraqlıdır ki, Rusiyanın hər zaman Azərbaycana qarşı qərəzli və düşmən mövqeyilə seçilən bu kanalı nədənsə 125 deputatın arasından məhz Musabəyovu seçib danışdırdı…

Belə görünür ki, erməni işğalına qalib gəlməyi bacaran dövlətimizi, xalqımızı, cəmiyyətimizi hələ nəyə, kimə xidmət etdikləri qaranlıq qalan siyasi tör-töküntülərə, maşalara, eləcə də, seçki saxtakarlığına, məmur oliqarxiyasına, korrupsiyaya və digər çoxsaylı neqativlərə yol açan mühitə qarşı çətin mübarizə gözləyir.    /Azpolitika.info/

araz.az xəbər portalı.