photo 2028

Hərbi müxbir Yuri Kotenov. Bu ad yəqin, bir çoxlarınıza məlumdur. Təbii ki, tanımayanlar da var. Açığı indi yazacaqlarımla onu tanıtdırmaq niyyətindən uzağam. Ancaq bu adamın söylədiklərinə laqeyd yanaşa bilmədim. Ona görə yox ki, cavab verilməsini mütləq saydım. Başqa səbəbim var və yazımın ikinci hissəsində bu barədə söhbət açacam.

Yadınızdadırsa, “Seqodnya.ru” saytının redaktoru, “voenkor” Yuri Kotenov müharibənin qızğın vaxtında Azərbaycanın qanunlarına məhəl qoymadan, ölkəmizin müvafiq dövlət qurumuna səfəri barədə bildirmədən Ermənistanın paytaxtı Yerevandan birbaşa Dağlıq Qarabağa gəlmişdi. Hətta peşə vəzifəsini yerinə yetirərkən yaralandığı bildirilirdi. Hər halda özü və onu ağılda olanlar belə deyib, hay-həşir salırdılar.

Y.Kotenovla Semyon Peqov arasında heç bir fərq yoxdur. Hər ikisi ermənilərdən daha çox ermənilik edir. Müharibə bitib, bunlar hələ də Qarabağdakı erməni dostlarının həndəvərində sülənməklə məşğuldurlar. Ara vermədən Azərbaycana çamur atırlar. Əgər Peqov dezinformasiya daşıyıcısıdırsa, Kotenov öz aləmində “ideoloqdur”. Azərbaycanın Qarabağda qələbə qazanmasını müsəlmanların xristianlar üzərində qələbəsi kimi qələmə verməklə münaqişəyə dini obraz gətirir, dini təfriqə yaratmağa cəhd göstərir. Məqsədinə çatmaq üçün bilərəkdən tarixi saxtalaşdırır, guya hansısa faktlara istinad edir. Təkrarlayıram, ən azğın erməni belə onun kimi ermənilik edə bilməz.

Yenə də bildirim, Kotenovu Azərbaycanda tanıyanlar var. Çox güman, dediklərimdən sonra tanımayanlardan kimlərsə maraqlanacaq, onun söylədiklərinə geniş nəzər salacaq. Ancaq mən yazmasam da, mümkün idi ki, kimlərsə necə ki Peqovu görmüşdülər, eləcə də Kotenovun cəfəngiyyatları ilə üzləşərdilər. Bu yerdə sözümün əvvəlində qeyd etdiyim ikinci məqama keçid alıram. Əslində yazını yazmağımın əsl səbəbi də budur.

Baxıram, Rusiyaya münasibətdə Azərbaycan ictimai rəyi mübahisəli mövqe tutur. Bir çox hallarda anti-Rusiya fikirləri daha çox eşidilir və sərt formada özünü göstərir. Təbii ki, bunun səbəbləri var. Mən kiminsə fikrinin düzgün və ya yanlış olduğunu söyləmək istəmirəm. Onu da yaxşı bilirəm ki, Azərbaycanda Rusiyaya münasibətdə mənfi fikirlərin formalaşmasının başlıca səbəblərindən biri heç də tam mənada Kremlin dövlət siyasəti deyil, Rusiyanın məhz ictimai rəyinin zaman-zaman ortaya qoyduğu münasibətdir.

Rusiya ictimaiyyəti ona görə daha çox ermənipərəst kimi görünür ki, ermənilər onlarla yaxşı iş aparıblar. Etiraf edək ki, biz bu işi aparmamışıq və ya aparmaqda bir qədər gecikmişik. Amma bu günə də şükür. Məsələn, müharibənin gedişində gördük ki, əvvəl tam ermənipərəst mövqe tutan Rusiya mediasında tədricən dəyişikliklər yarandı. Bu, sıradan məsələ deyil və dəyişiklik öz-özünə də yaranmadı. Yəni iş apara bildik. Media isə ölkənin ictimaiyyətinin başlıca seqmentidir.

Uzun sözün qısası, Rusiya cəmiyyətində peqovlar, kotenovlar az deyil. Açığı hakimiyyət kürsülərində də onlardan kifayət qədər var. Bəli, tarixdə olanları unutmayaq. Yəni tariximizi unutmayaq. Amma cəmiyyət olaraq bu günün də reallıqlarına diqqət yetirək. Demirəm ki, bu günün Rusiyasının Dağlıq Qarabağ münaqişəsinin timsalında bizim dediyimizi təkrarlamasından arxayınlaşaq. Əsla bu fikirdə deyiləm.

Ancaq heç olmasa, indilik Rusiyaya göstərdiyimiz münasibəti peqovlara, kotenovlara, solovyovlara və digər onlara bənzərlərə nəzərən qurmayaq. Müşahidə edirəm ki, biz toplum olaraq bəzən buna gedirik. Məncə, getməməliyik. Nəzərə almalıyıq ki, bu günkü reallıq xeyrimizədir. Bunu düşünək və reallığımızı, üstünlüyümüzü inkişaf etdirək. Ümumən kimlərəsə, hansısa şəxslərin fikirlərinə görəsə nifrətə köklənməyək. Rusiyaya münasibətdə də həmçinin.

Tarix də sübut edir ki, nifrətlə nəticə əldə olunmur. Biz Qarabağı ermənilərə duyduğumuz nifrətin gücü ilə geri qaytarmadıq. Tədbirli olduq, gücləndik, dözdük və dözümümüzün mükafatını aldıq. Böyük xalq olduğumuzu döyüşdə də göstərdik. Döyüşdə qazandığımızı, ümumən qazandıqlarımızı qorumaq üçün bizə bundan sonra da Böyük olmaq lazımdır. Buna görə isə hadisə və proseslərə geniş, gendən, dərindən yanaşmağı öyrənməliyik. Onda hər zaman qalib olacağıq. Və o zaman kotenovlar bizim təsəvvürümüzdə kot olacaq. Yəni pişik. Düzəliş edim, pişik balası.

P.S. Yazını Mətbuat Şurasının sədri Əflatun Amaşov özünün facebook səhifəsində paylaşıb.

araz.az xəbər portalı.