1557585776 nnhnh“Şuşanın işğaldan qurtardığı gün, zəfər günü kimi tarixə düşdü! Ali Baş Komandanın israrla dediyi “Qarabağ Azərbaycandır!” ifadəsi Böyük Qələbəmizin rəmzinə çevrildi!” — MÜRACİƏTDƏKİ ANA XƏTT
Bu yaxınlarda Birinci təsis qurultayının keçirilməsi planlaşdırılan yeni yaradılmış Böyük Dayaq Partiyasının Təşkilat Komitəsi qəbul etdiyi Müraciətində, Vətən Müharibəsindəki tarixi qələbə münasibətilə, başda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan möhtərəm İlham Əliyev cənabları olmaqla, bütün xalqımızı ürəkdən təbrik edib. Bu Müraciət barədə araz.az -ın əməkdaşına açıqlamasında BDP-nin Təşkilat Komitəsinin sədri Mirkazım Seyidov bildirib. Onun qeyd etdiyi kimi, Vətən Müharibəsindəki Böyük Qələbənin elə də asan başa gəlmədiyi həmin Müraciətdə xüsusi vurğulanıb: “Minlərlə igid Vətən övladının həyatını qurban verdiyi Böyük Qələbənin çətin yolunda dövlət başçısının nə qədər böyük əzm nümayiş etdirdiyini hamımız gördük. Ali Baş Komandanın yüksək əzmi və sarsılmaz qətiyyəti sayəsində xalqımız öz tarixinin ən böyük zəfərlərindən birinə şahidlik etdi. Konkret desək, otuz il işğal altında inləyərək, əzab çəkən müqəddəs dədə-baba torpaqlarımız, şəhər və kəndlərimiz
bir-birinin ardınca, cəmi 44 gün ərzində, Milli Ordumuzun yenilməz igidləri tərəfindən öz azadlıqlarına qovuşdu. 
Milli musiqimizin beşiyi, milli mədəniyyətimizin paytaxtı, eləcə də bütün Qafqazın tarixi incisi hesab olunan Şuşa şəhərinin işğaldan qurtardığı gün — 8 Noyabr isə, Vətən Müharibəsindəki Böyük Qələbəmizin müjdəsini verən və illərdir gözlədiyimiz ədalətin təntənə çaldığı bir gün kimi tarixə düşdü. Həm də, Şuşanın işğaldan azad edilməsi ilə, xalqımızın milli-mənəvi dəyərlərinin məhv olmasının qarşısı alındı, millət yenidən mənəvi istiqlalına qovuşdu. Konkret desək, yenilməz sərkərdəmizin polad iradəsi, Milli Ordumuzun qeyri-adi gücü və xalqımızın sarsılmaz birliyi qarşısında yağı düşmən tab gətirməyərək, diz çökdü! 
Möhtərəm Prezidentimiz bu addımı ilə, atası, Ümummilli Liderimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, Azərbaycan xalqının qəlbinin fatehinə çevrildi. Biz tam əminik ki, tarixə qalib ölkə rəhbəri kimi düşən İlham Əliyev cənablarının xidmətlərini, tarixin özü belə, heç zaman unutmayacaq! Həm də ona görə ki, həmin
gün rəşadətli Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə, tarixinin ən şərəfli səhifəsini yazdı. Dünya daha bir türk xalqının, şanlı Azərbaycan Ordusunun gücünə şahidlik etdi. Elə, bu münasibətlə paytaxt Bakıda keçiriləcək Hərbi Parad da, bütün Türk Dünyasına yeni bir qürur və şərəf bəxş edir!”.
Mirkazım Seyidov tərəfindən araz.az-ın əməkdaşına təqdim olunan həmin Müraciətdə o da xüsusi olaraq vurğulanıb ki, Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanının “Qarabağ Azərbaycandır!” ifadəsi Vətən Müharibəsindəki Böyük Qələbəmizin əsas rəmzinə çevrildi: “Ermənistan ağ bayraq qaldıraraq, Azərbaycanın şərtləri əsasında tərtib olunmuş kapitulyasiya aktını imzaladı. Konkret olaraq, bu tarixi günlərdə qardaş Azərbaycanda baş verənlər bütün türk dünyası tərəfindən böyük həyəcan və maraqla izləndi. Azərbaycan dövləti öz sərkərdəsi, Ali Baş Komandanının rəhbərliyi ilə, adi olmayan yeni bir tarix yaratdı!” — Bu fikirlər, həm də qəbul olunmuş həmin Müraciətin ana xəttini təşkil edir.         
 Azərbaycan xalqını, eləcə də bütün türk dünyasını və müzəffər Ali Baş Komandan İlham Əliyevi bu şanlı qələbə münasibətilə səmimi duyğularla təbrik edən Böyük Dayaq Partiyasının Təşkilat Komitəsi öz Müraciətinin sonunda onu da qeyd edir ki, BDP üzvləri bu tarixi günlərdə savaş meydanındakı qəhrəman oğullarımızla birlikdə olmaqdan fəxarət hissi duydular:  “
“Sevincini sevincimiz, kədərini kədərimiz bildiyimiz qəhrəman xalqımızı bu önəmli gün, tarixi zəfər münasibətilə bir daha təbrik edir, ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin ruhunu ehtiramla yad edir, onlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik! Onların Şanlı Azərbaycan Bayrağını 30 ildən sonra yenidən Qarabağda vüqarla yüksəldib, dalğalandıran möhtəşəm zəfərləri daha uğurlu, ədalətli olan bu Böyük Qələbəsi əbədi olsun! 
Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!”.
 
Rəşad CƏFƏRLİ, 
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.