doyus bol

“Bu payız Dağlıq Qarabağdakı münaqişə zamanı Azərbaycan Ermənistanın çox sayda hərbi texnikasını məhv etdi. Bu sarsıdıcı məğlubiyyət şübhəsiz ki, İrəvana müasir hərbi texnikanın sürətlə inkişaf etdiyi barədə çox ağır dərs oldu”. 

araz.az Azsiyasət.com-a istinadən xəbər verir ki, bu barədə nüfuzlu “Forbes” jurnalı yazıb. Nəşr qeyd edir ki, İsrail və xüsusilə də Türkiyənin Pilotsuz Uçan Aparatları (PUA) Azərbaycan üçün çox vacib idi. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti ölkəsinin satın aldığı PUA-ların Ermənistanın 1 milyard dollar dəyərində hərbi texnikasını məhv etməsilə öyündü.

Ermənistan bu yaxınlarda Rusiyadan hava üstünlüyü üçün hazırlanmış Su-30 döyüş təyyarələrini alıb. Bunlar Ermənistanın kiçik Hərbi Hava Qüvvələrində ən müasir təyyarələrdir. Amma döyüşlərdə bu təyyarələrdən istifadə edilməyib. Buraya Rusiyadan alınmış hava müdafiə sistemlərinin qənaətbəxş olmayan vəziyyətini də əlavə etmək lazımdır. Bu köhnə ixrac versiyaları asta hərəkət edən PUA-lar üçün deyil, qırıcı və bombardmançı təyyarələr üçün nəzərdə tutulub. Bu, Azərbaycanın cəbhə xəttində səmaya hakim olmasına və Ermənistanın quru hədəflərinə əhəmiyyətli təsir göstərəcək şəkildə hücum etməsinə imkan verdi”, – “Forbes” yazır.

Atlantik Şurasının baş elmi işçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Metyu Brayza hesab edir ki, Qarabağdakı sentyabr eskalasiyası göstərdi ki, Rusiyanın silah sistemi başqa dövrə aiddir. “Əgər siz İsrail və Türkiyənin müasir PUA-larına sahibsinizsə, o zaman görəcəksiniz ki, Rusiyanın istər S-300  zenit raket kompleksləri, istər T-72 tankları, hətta “reaktiv zireh”lər tamamilə başqa dövrə aiddir”, – deyə o bildirib.

Brayza qeyd edib ki, Ermənistan daha müasir silahlar almaq haqqında düşünməlidir.

“Ancaq Ermənistanın Azərbaycandakı kimi hücumları dəf etməsi lazım olan PUA-ları və ya hava hücumundan müdafiə sistemlərini haradan alacağı hələ bəlli deyil”, – deyə o əlavə edib.

Onun fikrincə, Azərbaycanın əsas silah tədarükçüsü və Azərbaycan neftinin əsas idxalatçısı olan İsrail çətin ki, Ermənistana müasir silah və ya PUA satsın. “Şübhə yoxdur ki, Türkiyə də bunu etməyəcək, çünki indi Azərbaycanı dəstəkləyir və Ermənistanın əsas düşmənidir” deyən Brayza ABŞ-ın da Ermənistana müasir silah satacağına şübhə ilə yanaşır. Keçmiş səfirin fikrincə, İrəvan üçün qəbul edilə bilən yeganə seçim ənənəvi silah tədarükçüsü olan Rusiyadır. Amma mümkündür ki, Moskva İrəvana müasir silah satmaq istəməsin. “Hər halda, Ermənistanın onu almağa pulu yoxdur”, – Brayza vurğulayıb.

araz.az xəbər portalı.