Parad başlayana qədər necə həyəcanlı idim… Azərbaycan Silahlı Qüvvələrinin keçmiş olduğu hələ rəsmən təsdiqlənməyən Baş Qərargah rəisi Nəcməddin Sadıxovun Ordumuzun qələbə törənində görünüb millətin qanını möhkəm qaraldacağı fikrini heç cür özümdən uzaqlaşdıra bilmirdim. Hətta dünənki təltif siyahısı onun yenidən “diriləcəyi” ehtimalını azaltsa da tam arxayınlaşa bilmirdim.
Haqsız da sayılmaram… Savaş başlanandan az öncə onun “tərksilah” edilərək ciddi nəzarətə alınması xəbərləri yayılmış, ancaq hərbi əməliyyatların ən qızğın çağında Sadıkov Füzulidə peyda olmuşdu. Dərhal da bəlli çevrələr onun “reabilitasiyasına” başlamışdılar. Əsasən sosial şəbəkələr üzərindən Nəcməddin Sadıxovun yenə də hərbi əməliyyatlara şəxsən rəhbərlik etməsi, vəzifə başında olması qızğın şəkildə təbliğ edilirdi.
Böyük oyunun, gərgin mübarizənin pik həddə olduğu aydın idi. Azərbaycan Ordusuna işğalda olan torpaqları azad etmək fürsəti yaradan güclə, o işğalı 30 il (!!!) bitməyə qoymayan qüvvə arasında sözün əsl mənasında ölüm-dirim savaşı gedirdi. İşğal sahəmiz azaldıqca ikincilərin şansı tükənir, təsir imkanları daralırdı. Ancaq tamam yox olduqlarını heç indi də demək mümkün deyil… Söhbəti uzatmadan, detallara varmadan deyim ki, ordumuz bu savaşda da çox təxribatla üzləşdi, çox planları pozuldu. I Qarabağ savaşındakı kimi. I Qarabağ savaşındakı kimi ikincilərin sayəsində…
Düşmən hər yerdə, hər zaman düşməndir…
Ancaq bitir… Bitməlidir… Biz bu işi belə qoya bilmərik…
Parad möhtəşəm keçdi. Orudumuza qalib əda necə yaraşırdı… Azərbaycan, Türkiyə Silahlı Qüvvələrinin Bakının Azadlıq Meydanından dünyaya iki müzəffər, çağdaş, ən önəmlisi QALİB ordu kimi boy göstərməsinin yaratdığı qürur necə miqyassız idi… Allah ordularımıza hər zaman zəfər yazsın. Millətin sevincdən axan göz yaşları, dilindən səslənən dualar, alqışlar yaralı qazilərimizin yaralarına məlhəm olsun.
44 günə dünyanın hərb tarixinə parlaq bir savaş səhifəsi yazan rəşadətli Ordumuzun paraddakı keçidini izlədikcə onu da düşündüm ki, içimizdəki xainlər varkən biz cəmi 44 günə belə möhtəşəm uğur qazana bildiksə, Milli Qəhrəman general Polad Həşimov sağ olsaydı, Milli Qəhrəman İlqar Mirzəyev sağ olsaydı, milli kəşfiyyatımızın qızıl kadrı Raquf Orucov sağ olsaydı, kapitan pilotlarımız Ürfan Vəlizadə, Təbriz Musazadə yaşasaydı, Nəcməddin Sadıxovun Baş Qərargah rəisi olduğu 27 ildə sözün bütün mənalarında yox edilən şərəfli zabitlərimiz sağ olsaydılar nələr etmək olardı… Xainlərə min lənət…
Biz heç zaman millətimizə bu qürur gününü – 10 dekabr paradını qazandıran qəhrəman şəhidlərimizin borcundan çıxa bilməyəcəyik. Misli-bərabəri olmayan əməl sahibidirlər onlar. Hər biri torpaqlarımızın azadlığı, millətimizin, dövlətimizin bütövlüyü üçün diri gözlü seçib şəhadəti. Mübarək ruhları qarşısında ehtiramla baş əyirəm. İndi onlar Vətən göylərinin qoruyucularıdırlar… Həyatdan getmələri bizi inanılmaz dərəcədə sarsıtsa da gördükləri işin miqyası ilə qazandıqları ali məqam təsəllimizdir.
Onlar şəhadətləri ilə təkcə düşmən ordusunu torpaqlarımızdan çıxarmayıblar, həm də Azərbaycan Ordusundakı xəyanət yuvalarını dağıdıblar. Qazandıqları hər qələbə neçə xaini üzə çıxarıb. Bu gün paradda izlədiyimiz gerçəkliyi onlar yaradıblar – YOXDU NCMDİN! Cəhənnəmə getdi NCMDİN! Bu torpaqda uyumağı seçsə, gorbagor olacaq NCMDİN!
Uzunmüddətli əsarətlərdən qurtulmaq heç zaman asan başa qəlmir. Bu qurtuluş uzun vədəli, ardıcıl mücadilədən keçir. Biz Qurtuluş Savaşımızın bu mərhələsini qələbə ilə tamamladıq.
Növbəti mərhələ üçün qəzamız mübarək olsun!
Aygün Muradxanlı
Demokrat.az
araz.az xəbər portalı.