WhatsApp Image 2020 12 11 at 22.44.55

 
Sabiq təhlükəsizlik xidməti zabiti,  tanınmış hüquq müdafiəçisi, politoloq Ərəstun Oruclunun Facebook-da və digər sosial şəbəkələrdə, ölkəmizdəki bu həssas məqamlarda hamının narahatlığına səbəb ola biləcək vacib bir məsələ ilə bağlı sensasion açıqlaması geniş yayılıb. Daha doğrusu, yazı müəllifinin özü: “İndi yazdığım məsələ bizim şanlı ordumuzla bağlıdır, daha doğrusu, ordumuza qarşı nəzərdə tutulan və bəlkə də artıq planlaşdırılmış məkrli əməllərlə. Elə, buna görə də, öz qaydalarımı pozaraq, sizdən bu postu imkan çərçivəsində paylaşmağı xahiş edirəm!” — deyə, dəyərli dostlarına və izləyicilərinə belə bir paylaşmanı etməyi məsləhət bilib. Maraqlı və düşündürücü  olduğu üçün, araz.az xəbər portalı da, açıqlama xarakterli həmin yazını olduğu kimi dəyərli oxucularının diqqətinə çatdırır: 
       “Mövzuya bir qədər uzaqdan   başlayacağam. 
 2016-cı ilin aprel döyüşlərindən sonra, ordumuzun başına gətirilən dəhşətli hadisələr haqqında çoxunuz məlumatlısınız. Özüm bu məsələni durmadan işıqlandırmışam və bu işdə hüquq müdafiəçisi Oqtay Gülalıyevin məndən də fəal olduğunu bilirsiniz. Söhbət “Tərtər işi” adı ilə bəlli olan ağır dövləti cinayətdən gedir. Məhz həmin döyüşlərdən bir müddət sonra, Azərbaycan Ordusunun Tərtər qarnizonunun hərbçilərinə qarşı Azərbaycan Hərbi Prokurorluğu tərəfindən, erməni kəşfiyyatına işləmək saxta ittihamı ilə cinayət işi açılmışdı və “istintaq” zamanı hərbçilərimizə qarşı total qeyri-insani işgəncələr tətbiq olunmuşdu. Konkret desək, hərbi prokuror Xanlar Vəliyevin, keçmiş baş prokuror Zakir Qaralovun, onun keçmiş birinci müavini Rüstəm Usubovun rəhbərliyi altında, Müdafiə Nazirliyi Baş Təhlükəsizlik İdarəsinin hərbçiləri tərəfindən həyata keçirilən həmin vəhşi işgəncələr nəticəsində 14 nəfər ölüb, 200-dən artıq insan isə, ağır xəsarətlər alaraq şikəst olub.
Xatırladım ki, işgəncələrdən ölənlərdən bir neçəsi haqqında Bakı Hərbi Məhkəməsi bəraət hökmü çıxarmışdı. Onu da xatırladım ki, onda, işgəncələri həyata keçirmiş MN Baş Təhlükəsizlik İdarəsinin rəisi, nazirliyin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun bacısı oğlu, sonralar general-mayor rütbəsi almış Ramil Əsgərov olub. Bütün bu cinayətkar əməllərin arxasında isə, Rusiya xüsusi xidmət orqanlarının dayandığını da dəfələrlə yazmış, bu haqda müsahibələrimdə danışmışam. Oqtay Gülalıyevin başına gələnlərin heç də təsadüf olmadığını demişəm, çünki həmin yazılarımdan sonra, 2018-ci ilin mayında Bakıya dönəndə mənə təhlükəsizliyimi təmin etmək təklif olunmuşdu. Mənsə bundan imtina etmişdim.
İndi isə, icazənizlə keçək mətləbə: Azərbaycan Ordusunun parlaq qələbəsi bizi və dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi də dərindən məyus edib. Diqqətimi çəkmiş və şərh bölümündə paylaşdığım rusiyalı ekspertlərin iştirakı ilə müzakirəyə 20-ci dəqiqədən başlayaraq, siz də baxa bilərsiniz. 
Digər diqqətçəkən bir məqam isə, 10 niyabr üçtərəfli bəyanatının ardınca elan olunan atəşkəsdən bir müddət sonra Azərbaycan əsgərlərinin, guya, baş kəsməsilə bağlı yayılan çoxsaylı videolardır. Həmin videolar ki, orada ermənilərin başını kəsənlər kimi, əsasən, məhz xüsusi təyinatlılarımız əks olunub. 
Şəxsən mən həmin videoların saxta olduğunu, məqsədli hazırlandığını və onları yayanların Azərbaycan ordusunun vuran əli olan XTQ-yə qarşı “Tərtər işi” tipli təxribata hazırlıq məqsədi güddyünə əminəm. Bunu təsadüfən demirəm, müraciət etdiyim mütəxəssislər də, həmin videoların saxtalığı ehtimalının yüksək olduğunu iddia edirlər.
Düşünürəm ki, ölkəmizin dövlət orqanlarının, xüsusilə də DTX və Dövlət Mühafizə Xidmətinin bunu araşdırmaq üçün yetərincə yüksək səviyyəli mütəxəssisləri var və həmin qurumlar da bunu edəcəklər. Çünki söhbət təkcə Azərbaycanın və onun müzəffər ordusunun imicindən yox, ölkənin milli təhlükəsizliyindən gedir. Söhbət daxili düşmənlərin əlilə ordumuza, xüsusilə də onun vuran əli olan XTQ-yə qarşı hazırlanmış cinayətə zəmin yaratmaq üçün ictimai rəyi manipulyasiyadan gedir. Söhbət, həm də Azərbaycanın qalib ordusunu dünyaya başkəsən cinayətkar dəstə kimi təqdim etmək cəhdindən gedir. Bunun qarşısını var gücümüzlə almalıyıq.
Etik səbəblərdən və düşmənin mərkli planlarına dəstək olmamaq üçün, həmin videoların heç birini paylaşmıram, amma müraciət etdiyim mütəxəssislərlə birlikdə gəldiyimiz ümumi rəyi əks etdirən bir neçə məqamı sizlərlə bölüşməyi zəruri hesab edirəm. 
Ümumi qənaətlərdən biri belədir ki, telefona çəkildiyi iddia edilən həmin videolardakı səslər sonradan studiya şəraitində xüsusi səsyazma texnikası vasitəsilə əlavə olunub. Bu səbəbdən də orada yer almalı olan kənar səslər (küylər) yoxdur. Telefon çəkilişi zamanı isə, onlar mütləq olmalıdır.
Gəldiyimiz digər bir qənaət: məhz XTQ hərbçilərinin kamera qarşısında belə rahatlıqla qətl törətməsi və sonradan onun videogörüntülərini yayması ağlasığmaz görünür. Xüsusi təyinatlıların nə statusu, nə də mənəvi-psixoloji hazırlığı bunu etməyə heç bir əsas vermir.
Üçüncü məqam isə, videoların yayılma vaxtı ilə bağlıdır. Bu gün əldə olunmuş 10 noyabr anlaşması ilə bağlı cəmiyyətdə müəyyən fikir müxtəlifliyi səbəbindən gedən diskussiyalar fonunda belə materialların yayılması ən yüksək effekt verə bilər. Başqa sözlərlə, vaxt da idel seçilib.
Nəhayət, araşdırmalar göstərir ki, həmin videoların mütləq əksəriyyətinin əsas mənbəyi müəmmalı Telegram-kanallardır. Bir neçə eyni tipli videoların eyni kanalların “əlinə düşməsi” təbii ki, suallar doğurmaya bilməz. Beləliklə, bu gün hamılıqla, var gücümüzlə ordumuzun yanında olmalı, onu düşmən təxribatlarından qorumalı, düşmənə gücümüzü göstərməliyik. Bunları etməsək, onun — düşmənin iyrənc əməlləri təkcə davam etməyəcək, həm də ordumuzu, cəmiyyətimizi tam məhv edəcək. Elə, öz içimizdəkı satqınların və xainlərin əli ilə.”.                            
araz.az xəbər portalı.

araz.az xəbər portalı.