Trans-Adriatik Boru kəməri (TAP) vasitəsilə qazın nəqlindən əldə olunacaq SOCAR-ın mənfəət nisbəti səhmdar payına uyğun olacaq.
Bunu Oxu.Az-a açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
O bildirib ki, SOCAR öz səhmdar payına müvafiq olaraq, ümumi xərclərin 20 faizini maliyyələşdirib, bu da 900 milyon avro civarında kapital qoyuluşu deməkdir. Bununla da SOCAR-ın mənfəət nisbəti səhmdar payına və hüquqlarına uyğun formalaşacaq.
Nəql ediləcək qazın İtaliyadakı operatoru haqqında məlumat verən İ.Əhmədov əlavə edib ki, İtaliya ərazisində TAP bu ölkənin qazpaylayıcı şəbəkəsi “Snam Rete” ilə calaşdırılıb:
“İtaliyanın bu yerli şəbəkəsinin operatoru “Snam” şirkətidir. Bu şəbəkə üzərindən qaz həm də başqa ölkələrə də nəql olunacaq. “Şahdəniz-2” layihəsindən çıxarılan qazın alışı ilə bağlı müqavilələr hələ 2013-cü ilin dekabrında imzalanıb. Bu müqavilələr 25 illik dövrü əhatə edir”.
Qeyd edək ki, TAP-da SOCAR-la yanaşı, BP 20 faiz, Snam S.p.A 20 faiz, Fluxys 19 faiz, Enagas 16 faiz və Axpo 5 faiz paya sahibdirlər.
Nigar Məmmədova
araz.az xəbər portalı.