…Ayrı-ayrı dövlət qurumlarında, sabiq məmurun sonradan yaratdığı şirkətlə, qısa müddət ərzində çox sayda məhsuldar tender müqavilələri bağlamaqdan çəkinməyiblər — NƏDƏN?!
Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi “Star Construktion — 12” QSC ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, bu QSC rayon ərazisində asfalt örtüyünün təmir işlərini həyata keçirməlidir. araz.az ölkə mətbuatına istinadən xəbər verir ki, bunun müqabilində qurum şirkətə 344 min 904 AZN ödəyəcək…
…İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Star Construktion — 12” QSC 04 mart, 2016-cı il tarixində MMC kimi qeydiyyata alınıb. 2018-ci ildə isə, təşkilati-hüquqi formasını dəyişərək, Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Nizamnamə kapitalı 2050 AZN olan bu şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev, 53-də yerləşir. QSC-nin qanuni təmsilçisi isə, Mirsahib Atamalı oğlu Bayramovdur.
Mətbuatın əldə etdiyi xəbərə görə, Mirsahib Bayramov keçmiş məmurdur. O, əvvəllər Bakı Şəhər Təhsil İdarəsində təchizat şöbəsinin rəisi vəzifəsində işləyib. Hazırda iqtisadiyyat naziri olan Mikayıl Cabbarov təhsil naziri olduğu dövrdə Mirsahib Bayramovu vəzifəsindən azad edib. Əldə edilən məlumatlara görə, buna səbəb keçmiş şöbə rəisinin yarıtmaz fəaliyyəti olub.
Mirsahib Bayramov vəzifəsini itirdikdən sonra, “Star Construktion — 12” QSC-yə rəhbərlik etməyə başlayıb. Maraqlıdır ki, bu şirkət yarandığı 3 ay ərzində Bakı Şəhər İcra Hakimiyyətindən tutmuş, Ucar rayon mədəniyyət idarəsinədək çoxsaylı dövlət qurumlarının keçirdiyi 27 tenderdən qalib ayrılıb. Şirkət, hətta 2017-ci ildə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Yasamal, Sabunçu və Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin, Ucar Rayon Mərkəzi Xəstəxanasının, mədəniyyət və turizm şöbəsinin, eləcə də M. F. Axundov adına Milli Kitabxananın çoxsaylı tenderlərinin qalibi olub. 2019-cu ildə isə, Azərbaycan Milli Arxiv İdarəsi sözügedən QSC ilə əsaslı təmir işlərinin icrasına dair maliyyə dəyəri 888 min 155 AZN olan müqavilə imzalayıb.
2020-ci il də “Star Construktion” üçün məhsuldar olub. Şirkət bu ilin təkcə noyabr ayında 8 tenderin qalibi kimi tanınıb. Bu tenderlərin ümumi maliyyə dəyəri 1 milyon manata yaxındır.
“Star Construktion” QSC həm də Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin paytaxtda abadlıq və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı tenderlərin qalibi olub. Şirkət 2020-ci ilin 3 ayında “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC-dən ümumi dəyəri 22 569 688 manat olan dövlət sifarişi alıb…
…Doğrudan da, bir vaxtlar nazirin yarıtmaz işinə görə vəzifəsindən qovduğu bir şəxsin yaratdığı şirkətin, qısa müddət ərzində dövlət qurumlarının keçirdiyi və məhsuldar hesab olunan bu qədər tenderlərdə qalib gəlməsi təəccüb doğurur. Məhz buna görə də, qaranlıq çox məqamları olduğunu özü xəbər verən bu ciddi məsələ ilə bağlı araz.az-ın əməkdaşları çox ciddi jurnalist araşdırması aparıblar və ortaya bu işlərdə gizli olan çox mətləbləri üzə çıxarıblar. Bu barədə geniş yazını tezliklə oxucularımızın diqqətinə çatdıracağıq. Bizi izləyin!
araz.az xəbər portalının araşdırma qrupu.
araz.az xəbər portalı.