Qoca general niyə “əvəzedilməz kadr”a çevirilib?
2019-cu ilin əvvəlindən start götürən islahatlar hakim komandada köklü dəyişikliklərə səbəb olub. Öz fəaliyyətilə xalqın inamını sarsıdan bacarıqsız məmurların bir-birinin ardınca cəzalandırılması ölkədə yeni ab-hava yaradıb. Bunun nəticəsidir ki, çoxillik staja malik olan məmur-oliqarxlar haqda indi ancaq keçmiş zamanda danışmaq mümkünmdür.
araz.az Yenisabah.az-a istinadən bildirir ki, islahat növbəsinin güc strukturlarına çatması cəmiyyətdə rəğbətlə qarşılanıb. Dövlət Təhlükəsizlik Xidmətinin rəisinin və Daxili işlər nazirinin daha peşəkar və perspektivli kadrlarla əvəzlənməsi bu sahədə müsbət dönüş yaradıb. Xüsusilə Eldar Mahmudovun zamanında əsas missiyasından uzaqlaşan xüsusi xidmət orqanının yeni rəhbərlik dövründə ölkənin təhlükəsizliyini təmin edən vacib elementə çevrilməsi onun fəaliyyətini təqdir obyektinə çevirib.
DTX ilə paralel olaraq, Daxili İşlər Nazirliyi də həyata keçirilən islahatlardan ən çox nəsibini alan strukturların başında gəlir. Ölkənin ən stajlı nazirlərindən olan Ramil Usubovun öz yerini gənc və enerjili xələfinə verməsi polis orqanlarında müsbət islahatların gerçəkləşməsiylə yadda qalıb. Azərbaycan polisinin cinayətkarlıqla mübarizəni gücləndirməsi, narkotacirlərə qarşı qətiyyətli tədbirlər görməsi, şəxsi heyət tərəfindən intizam qaydalarına dəqiqliklə əməl edilməsi diqqətdən kənarda qala bilməz. Polisin sərt karantin rejimində, xüsusilə də Vətən müharibəsi dövründə gücləndirilmiş rejimdə qüsursuz xidmət göstərməsi bu sektordakı islahatların davamlı olacağını söyləməyə əsas verir.
Qeyd edək ki, əhalinin ən çox narazı qaldığı Baş Dövlət Yol Polisi İdarəsinin fəaliyyətində də müəyyən dəyişikliklər olib. Sürücülərə qarşı kobud davranan, rüşvət alan yol polislərinin sərt şəkildə cəzalandırılması bunun sübutudur. Avtomobillər üçün dövlət nömrə nişanlarının veriilməsi zamanı mövcud olan bəzi nöqsanların aradan qaldırılması, bu sahəyə cavabdeh olan yüksək rütbəli məmurların işdən çıxarılması daxili işlər orqanlarında aparılan islahatların tərkib hissəsi kimi qiymətləndirmək olar.
Müşahidələrimizə əsaslanaraq deyə bilərik ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun istefaya göndərilməsi sosial sifariş sayılır. Daxili işlər orqanlarının “zəif nöqtəsi” sayılan DYP-də kadr dəyişikliklərinin gecikməsi çoxsaylı suallar doğurub. Təqaüd yaşını çoxdan ötmüş qoca generalın uzun illərdən bəri öz posunu necə qoruduğu sirr olaraq qalır. 70 yaşlı DYP rəisinin gənc və enerjili kadrların önə çəkildiyi indiki dövrdə geniş və işıqlı kabinetində mürgü vuraraq gün keçirməsi birmənalı qarşılanmır. Böyük biznes imperiyasına malik olan Zeynalovun hansı keyfiyyətinə görə “əvəzedilməz kadr”a çevrilməsi heç kimə aydın deyil. Tabeliyində çalışan 45-50 yaşlı əməkdaşları “qoca” damğasıyla təqaüdə göndərən 70 yaşlı generalın təxminən 50 ilə yaxın davam edən xidməti dövr ərzində hələ də “cavan” qalması çoxsaylı sualların cavabsız qalmasına səbəb olub…
Biz onun əməkdaşlarını hər gün yolumuzun üstündə görürük. Onun yolunu isə heç kim kəsə bilmir…
Zeynalov üçün yandırılmış, hətta uzaqdan belə adamın gözünü qamaşdıran o işıq nə vaxt söndürüləcək?
araz.az xəbər portalı.