WhatsApp Image 2020 12 14 at 00.18.33

 
Nurlan Habil oğlu Vəliyevin taleyinə də Vətəni sevmək, onun hər qarış torpağına bağlılıq yazılıb. Adını çəkdiyimiz bu Vətən oğlu da, 44 gün davam edən Vətən Müharibəsində mənfur düşmənə qarşı vuruşan igidlərimizdən biridir. Müzəffər Azərbaycan Ordusunun sıralarında hərbi xidmətdə olduğundan, torpaqlarımızın bütövlüyü uğrunda vuruşanlardandır. Qarabağ uğrunda savaş başlayandan, qızğın döyüşlərin daha çox getdiyi cəbhə bölgələrində olub. Çox keçmədən ondan xəbər əldə etmək mümkün olmayıb. Elə, bu günədək də, elədir — doğma və yaxınları Nurlan haqqında bir məlumat əldə etməkdə acizdirlər. 
 
Təəssüf ki, belə bir halın varlığı mövcuddur və bu hər kəsdə ağrı-acı dolu bir narahatlıq yaradır. Anası Təranə Qnyaz qızı Qurbanova isə… Cümlənin bu yerində ona görə “üç nöqtə” qoyuruq ki, onun yerində, itkin oğul ağrı-acısı çəkən bu ananın indi nələr yaşadığını ifadə edə biləcək sözlər tapıb qoymaqda acizik. Bunların əvəzində, bu ağır itkisi ilə bağlı, bu gözüyaşlı ananın özünün bütün Azərbaycan xalqına ünvanladığı ağrı-acı ifadəsi olan sözlər dolu Müraciətini, olduğu kimi,  araz.az xəbər portalımız vasitəsilə hər kəsin diqqətinə çatdırırıq:
       

                  “Xalqımızın övladları, əziz qardaş və bacılarım!

 
Tam əminəm ki, bir ana olaraq, mənim, həddən artıq ağır olan vəziyətimi, halımı başa düşəcəksiniz. Çünki elə bir ağır durumdayam ki, bunun dəhşətini və ağrı-acısını sözlə çatdırmaqda acizəm. Yalnız onu deyə bilərəm ki, xeyli vaxtdır nə gecəm var, nə  gündüzüm. Nələr çəkdiyimi bir BÖYÜK ALLAHIM, bir də özüm və doğmalarım bilirik! Mən övladım Vəliyev Nurlan Habil oğlunun tapılmasi ücün, bütün Azərbaycan xalqına, aidiyyatı qurumlara üz tutub, onlara muraciət edirəm.
 
Bildirmək istəyirəm ki, oğlum Nurlan Vəliyev bu ilin sentyabr ayının 9-da Daşkəsən rayonunun Xoşbulaq kəndindəki “N” saylı hərbi hissədə, MAXE olaraq, hərbi xidmətə başladı. Sentyabrın 25-də isə, onun ilk övladı dünyaya gəldi və bu xəbəri eşidən Nurlan, səhərisi gün axşam saatlarında evə zəng edib: “Mənim evə gəlməyim heç cür mümkün deyil. Çünki, bizi cəbhəyə, döyüşə aparırlar!” — dedi. Bu zəng onun son zəngi oldu və bu günə kimi Nurlanın harada olduğu barədə heç bir məlumatımız yoxdur. Kimə, hara müraciət edirik, bizə onun haqqında bir kimsə dəqiq məlumat verə bilmir. Nurlanın harada olması ilə bağlı heç bir dövlət qurumu lazımınca maraqlanmır, sorğularımıza cavab verən tapılmır.
 
Ona görə də, sizlərdən artıq dərəcədə xahiş edirəm ki, oğlum Nurlan Vəliyev haqda lazımi məlumat əldə etmək üçün, bizə, öz köməyinizi əsirgəməyəsiniz! 
Ümumiyyətlə, övladımız haqda ətraflı məlumat əldə etmək bizim haqqımızdır. Nurlanı görən, yaxud da onun haqqında hər hansı məlumatı olan hər kəsdən çox xahiş edirəm ki, bizə zəng edib, bu haqda yaxşı bir məlumat verərək, bizi sevindirsin!
Böyük ümidlərlə,
Təranə Qnyaz qızı Qurbanova.
Ünvanımız: 
Tovuz rayonu, Qovlar şəhəri, Rəsul Rza küçəsi, ev, 18.
  
Telefon nömrələrimiz: 
050-642-51-36; 050-200-36-63″.

araz.az xəbər portalı.