bandicam 2020 12 15 12 48 40 378

Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan baş nazirinin imzası ilə münaqişənin tənzimlənməsi üzrə imzalanan bəyanat mövcud müharibəyə son qoydu. 9 bənddən ibarət bəyanat bundan sonra atılacaq addımların yol xəritəsini müəyyənləşdirib. Həmin istiqamətlərdən biri də rus sülhməramlılarının Qarabağ ərazisində yerləşdirilməsi ilə bağlı idi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O qeyd edib ki, son günlər rus sülhməramlılarının davranışı üzərinə götürdükləri missiya ilə daban-dabana ziddir: “İlk növbədə 10 noyabr razılaşması ilə bağlı hüdudlar aşılır. Bunu yeni “xəritə”ləri ortaya atmaqla ifadə edirlər. Halbuki rus sülhməramlılarının belə bir səlahiyyəti yoxdur. Kim onlara bu səlahiyyəti verib ki, Qarabağla bağlı yeni sərhədlər müyyən edir və “xəritə” ortaya atır? Bu 10 noyabr razılaşmasının ümumi ruhuna ziddir. Həmin sənəddən irəli gələrək rus sülhməramlılarının davranışları ziddiyət yaradır”.

Elman Nəsirov vurğulayıb ki, Xocavənd rayonunda Köhnə Tağlar və Çaylaqqala ərazisində Azərbaycan əsgərlərinə erməni terroçuları hücum edib: “Orada ölən və yaralananlar var. Erməni terrorçuları müəyyən dəstək alıb belə addım atır. Burada sinxronluq diqqətdən yayınmır. Rus sülhməramlılarının xəritələr icad etməsi ilə Xocavənddə erməni terror-təxribatı baş verir”.

Deputatın fikrincə, 10 noyabr sənədinə imza atan Rusiya belə bir addım atmamalı idi: “Bununla bağlı öhdəliklər var. Görünür, Rusiyada müəyyən dairələr Azərbaycanın artan nufuzundan narahatdır. Bu hallar 10 dekabr Zəfər Paradından sonra baş verib. Bu tarixi zəfər paradında cənab Ali Baş Komandan qələbə nitqi söylədi. Dünya da gördü ki, Azərbaycan hərbi yolla torpaqlarını azad edib”.

Millət vəkili, ölkə başçısının Minsk Qrupunun həmsədrlərini qəbul edərkən də açıq mesajlar verdiyini diqqətə çatdırıb: “Cənab Prezident vurğuladı ki, əgər Ermənistan yenidən təxribatlara əl atsa, dəmir yumruq növbəti dəfə onları cəzalandıracaq. 10 dekabr paradında qardaş Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın nitqi də göstərdi ki, bu qardaşlıq əbədidir. Bu reallıq Rusiyadakı müəyyən dairələri narahat edib. Rus sülhməramlıların davranışında bu faktorun olması mümkündür. Xalqımız rus sülhməramlıların qanunazidd hərəkətlərindən narahatdır. Prinsipial mövqe ondan ibarətdir ki, bu hallar iki ölkə arasındakı əlaqələrə kölgə salır. Yenidən erməni hərbi rəhbərliyinin revanşist hərəkətləri üçün şərait yaranır. Ona görə də, baş verənlərə görə məsuliyyət Rusiya tərəfinin üzərinə düşür”.

araz.az xəbər portalı.