agdam bayraq

Qasım Hacıyev: “Nəticədə ermənilərin “Artsax” mifi darmadağın edildi, xülyaları suya düşdü”

“Sentyabrda biz cavab tədbirlərinə keçdik. Elə cavab verdik ki, onların Ermənistan ordusunu və demək olar ki, erməni dövlətini məhv etdik və ərazimizdə cinayət rejiminə son qoyduq, erməni millətçilərinin üzdəniraq “Artsax” xülyalarını dağıtdıq”.

Bu fikirləri Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: “Eyni zamanda, qaldırmaq istədiyim sonuncu məsələ, – əminəm ki, siz bu haqda eşitmişiniz, – bizim gələcəklə bağlı fikrimizdir. Yəni regionun gələcəyi ilə bağlı demək istəyirəm. Mən artıq bir neçə dəfə ictimaiyyət qarşısında bu məsələni qaldırmışam ki, regiona yeni canlanma gətirilməlidir. Regionda yeni inkişaf olmalıdır. Azərbaycan buna hazırdır. Azərbaycan iqtisadi və hərbi baxımdan güclüdür. Ölkəmiz çox geniş beynəlxalq dəstəyə malikdir. Ölkəmiz bu gün BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilata – Qoşulmama Hərəkatına sədrlik edir. Əlbəttə, biz bunu işimizin bir hissəsi kimi icra edəcəyik ki, uzunmüddətli sabitlik və təhlükəsizlik təmin olunsun.

Lakin, əlbəttə ki, bu, həmçinin, Paşinyan rejimindən, yaxud da həmin rejimi devirəcək dairələrdən asılı olacaq. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət Ermənistana birbaşa mesaj verməlidir. Birincisi, gələcəkdə heç zaman Azərbaycan xalqının hissləri ilə oynamasın, yoxsa ağır cəzadan yaxa qurtara bilməyəcəksiniz! Biz səbrliyik. Biz hazırlaşırdıq. Biz bütün işləri lazımınca apardıq. İyulda ilk erməni təxribatına cavab vermədik, yəni dövlət sərhədini keçmədik, halbuki, bunu edə bilərdik. Biz avqustdakı ikinci erməni təxribatına səbrlə yanaşdıq. O vaxt onlar insanlarımızı qətlə yetirmək üçün diversiya dəstəsi göndərdilər. Lakin üçüncü dəfə, sentyabrda biz cavab tədbirlərinə keçdik. Elə cavab verdik ki, onların Ermənistan ordusunu və demək olar ki, erməni dövlətini məhv etdik və ərazimizdə cinayət rejiminə son qoyduq, erməni millətçilərinin üzdəniraq “Artsax” xülyalarını dağıtdıq. O, mövcud deyil. Paşinyan deyirdi ki, “Qarabağ Ermənistandır”. O, səhv etdi və layiqli cəzasını aldı. O, bu alçaltmaya layiqdir. Xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdə idi”.

  • “Prezident həm də bununla dünyaya mesaj verdi ki, dünya birliyi saxta erməni təbliğatına uymasın”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev bizimlə söhbətində bildirdi ki, Azərbaycanın gücü və əzmi qarşısında erməni separatizmi böyük zərbə aldı və qondarma “Artsax” iflasa uğradı. “Məlumdur ki, ermənilər yüz ildən artıqdır Azərbaycan ərazisində ikinci bir “erməni dövləti”ni yaratmağa cəhdlər edirlər. XX əsrin əvvəllərində Dağlıq Qarabağ Muxtar Vilayətini yaradanda da məqsədləri bu idi ki, ya Qarabağı Ermənistana birləşdirsinlər, ya da ayrıca “müstəqil respublika” yaratsınlar… Erməni separatçıları yüz ildən artıqdır ki, Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək istəmirlər. Sirr deyil ki, keçən əsrin 80-ci illərinin sonlarından başlayaraq bu əsassız kampaniyanın başında işğalçı Ermənistan dövləti dayanıb. 1991-ci ilin senytabrında ermənilər qondarma “DQR” yaratdıqlarını elan etdilər, dekabrda saxta referendum keçirdilər. Onlar saxtakarlıq edərək və böyük cinayətlər törədərək öz aləmlərində “müstəqil DQR” yaratdıqlarını elan etdilər (?). Bundan sonra isə Azərbaycan dövləti bu uydurma, əsassız, saxta quruma qarşı mübarizə aparmağa başladı. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün BMT-nin qəbul etdiyi dörd qətnamənin heç biri yerinə yetirilmədi, danışıqlar aparıldı, bu danışıqlarda Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etmək istəmədiyini göstərdi. Bu dövrdə Qarabağdakı ermənilərin də, xarici erməni lobbisinin də, Ermənistan dövlətinin də bir çirkin məqsədi, siyasəti vardı – qondarma “DQR”i dünyada tanıtsınlar. Onların başqa planları da vardı, amma başlıca niyyətləri bu idi. Ermənilər Qarabağ sözü türk mənşəli olduğuna görə onu heç cür saxtalaşdıra bilmədilər və bu, dünyada onların “ideoloji” baxımdan təbliğatına “çətinliklər” törədirdi. Bütün mənalarda Qarabağ sözü türk mənşəli olduğuna görə, türk sözü olduğu üçün onu saxtalaşdıra bilmədiklərini görüb siyasi oyunbazlığa keçdilər. Belə qərara gəldilər ki, Qarabağın əvvəlki adı Arsaq olub, elə onu təbliğ edək. Ermənilər bizim Arsaq sözünü saxtalaşdırmağa başladılar və heç bir fakta əsaslanmadan onu erməni mənşəli “söz” kimi qələmə verməyə başladılar. Eyni zamanda da qondarma, hazırda Azərbaycanın darmadağın edib məhv etdiyi “DQR”i “Artsax” adlandırırdılar. Bilirsiniz ki, Arsaq sözü “ər-saq” sözündəndir. Ermanızın əvvəllərində Albaniya bir neçə vilayətə bölünmüşdü, bu vilayətlərdən biri də Ərsaq idi. Bu da başqa dillərdə ifadə olunanda “ə” hərfi “a” hərfi ilə əvəzlənir. Bu sözün ortasını təhrif edərək “Artsax” sözü “yaratdı”lar. Beləliklə, onlara elə gəlirdi ki, Arsaq sözünü saxtalaşdırmaqla bu sözü erməniləşdiriblər və buralar “qədim erməni torpaqlarıdır”. Əslində, bu, xülyadan başqa bir şey deyildi. Ermənilər uzun illər bunu təbliğ etməklə çirkin məqsəd güdürdülər. Amma, gördüyümüz kimi, artıq Azərbaycan Ordusu qondarma “Artsax”ı darmadağın etdi və separatçıların niyyətlərini gözlərində qoydu. Prezident Minsk Qrupunun həmsədrlərini qəbul edərkən  bildirdi ki, nə Dağlıq Qarabağ problemi var, nə də qondarma “Artsax”. Azərbaycan dövləti Dağlıq Qarabağ problemini həll etdi və qondarma respublika da yox oldu, məhvə uğradı. Prezident həm də bununla dünyaya mesaj verdi ki, dünya birliyi saxta erməni təbliğatına uymasın və artıq erməni separatçılarının yaratdığı miflər darmadağın edilib. Çünki bəzi dövlətlər hələ də erməni lobbisinin təsiri altında olduqları üçün Azərbaycan tərəfindən məhv edilən, artıq mövcud olmayan “Artsax”ı diriltməyə, onun “müstəqilliyini tanımağa” cəhdlər edirlər. Olmayan bir rejim necə tanına bilər ki, anlaya bilmirəm. Dağlıq Qarabağ ərazisi Azərbaycan tərəfindən işğaldan azad edildi, ermənilərin vaxtilə “elan etdiyi” qondarma “Artsax respublikası” ləğv olundu, bu torpaqlar Azərbaycan ərazisinə daxil oldu və bununla da Azərbaycan ərazisi bütövləşdi. Nəticə də ermənilərin “Artsax” mifi darmadağın edildi, xülyaları suya düşdü” – deyə Q.Hacıyev vurğuladı.

İradə SARIYEVA

araz.az xəbər portalı.