hek9

Məlum olduğu kimi, dekabrın 14-dən etibarən yenidən ölkəmizdə sərt karantin rejimi tətbiq edildi, SMS icazə bərpa olundu.

Məlum məsələdir ki, ölkədə yenidən karantin qaydalarının sərtləşdirilməsi ölkədəki koronavirusla bağlı vəziyyətin gərginləşməsi ilə bağlıdır. Müşahidələr onu göstərir ki, koronavirus tam aqressivləşib, canalma sayı həddən artıq çoxdur. Faktiki olaraq artıq bir neçə həftədir ki, ölkədə gündəlik virusa yoluxma sayı 4 mindən çoxdur, virusdan ölənlərin sayı isə orta hesabla 40 nəfərdir. Təbii ki, bu rəqəmlər vəziyyətin çox ciddi olduğunu göstərir. Üstəlik, xeyli sayda virusa yoluxub qeydiyyatdan keçməyən, özbaşına evdə müalicə alanların da sayı kifayət qədər çoxdur.

Əksəriyyət artıq mövcud vəziyyətlə bağlı ümidləri vaksinasiyaya bağlayır. Artıq bir çox ölkələrdə, o cümlədən qonşu Rusiyada, İngiltərədə vaksinasiya prosesinə başladılıb.

Azərbaycana isə vaksinin hansı tarixdə gətiriləcəyi və tətbiq ediləcəyi haqda hələlik dəqiq məlumat yoxdur.

Bəs vəziyyətdən çıxmaq üçün ölkəmiz fövqəladə rejimə keçə bilərmi? Hansı ki, dünyanın bir çox ölkələri hələ mart ayından fövqəladə vəziyyətə keçmişdilər. Beləliklə, bu cür qorxunc vəziyyət nə qədər davam edə bilər? “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Həqiqətən də hər keçən gün koronavirusun daha da aqressivləşdiyinin şahidi oluruq. Hər gün  gündəlik yoluxma sayı 4 mindən aşağı olmur. Və yaxud virusdan dünyasını dəyişənlərin sayı artıq 40 nəfərdən aşağı düşmür. Bütün bunlar kifayət qədər ciddi rəqəmlərdir. Mövcud vəziyyətlə bağlı tətbiq edilən sərt karantin rejiminin tərəfdarıyam. Düşünürəm ki, sərtləşdirməni bundan sonra da artırmaq lazımdır. Hər bir əlavə ünsiyyət, əlavə evdən çölə çıxmaq yeni yoluxmalara səbəb olur.

Məlum olan odur ki, həddindən artıq çox xəstə evdə müalicə alır və onların əksəriyyəti özbaşına müalicə almağa çalışır. Bir çoxu da qeydiyyata düşməkdən yayınır, səhhətləri bir qədər yaxşılaşan kimi öz işlərinə davam edir, ictimai nəqliyyatdan istifadə edir və sairə. Bu səbəbdən vəziyyət olduqca təhlükəlidir.

Daha bir məsələ, insanların bir qismi tələb olunan qaydalara riayət etmək istəmir, çalışırlar ki, gizlin bir yerə yığışsınlar, istədiklərini etsinlər. Bu baxımdan SMS icazəyə keçirilmə doğru qərardır və nəzarətin başqa üsullarla da gücləndirilməsinə ehtiyac var. Təbii ki, bu gücləndirilmə əsaslanıdırılmış şəkildə olmalıdır.

Hətta deyərdim ki, açıq rejimi də saxlaya bilərik. Bir həkim kimi həmişə açıq rejimin tərəfdarı olmuşam. Bu şərtlə ki, açıq rejimdə ümumi lazımi inzibati orqanlar tərəfindən nəzarət və vətəndaş məsuliyyəti yüksək səviyyədə olsun. Yəni  hər zaman tələb olunan qaydalara – tibbi maskadan düzgün istifadə, əllərin dezinfeksiyası, sosial məsafə saxlamağa riayət edilərsə, heç bir məhdudiyyətə ehtiyac yoxdur. Lakin gündəlik həyatımızdakı mövcud durumu araşdıranda görürük ki, əskəriyyəti heç də buna əməl etmir, bu səbəbdən ciddi qaydalara ehtiyac var”.

Zülfüqar Yusifov hazırda səhiyyə sisteminin yüklənməsindən də danışıb: “Bu gün səhiyyə sistemində yüklənmələr müşahidə olunur. Artıq koronavirusla xəstələr üçün xəstəxanalarda yer tapmaq müşkül məsələyə çevrilib. Hazırda xəstəxanalara ilkin qəbul şərtləri kimi ağciyərdə 40-50 faizdən yuxarı buzlaşma aşkarlanması ilə bağlıdır. Digər tərəfdən, poliklinikalarla əlaqə  və dərman təchizatında da problemlər yaşanır. Davamlı olaraq bu barədə şikayətlər eşidirik. Məlum olduğu kimi, poliklinikalar koronaviruslu xəstələrə birbaşa yardım göstərə bilmir. Poliklinikalar əsasən Təcili Tibbi Yardım vasitəsilə xəstəyə köməklik edir. Yəni Təcili Tibbi Yardım vasitəsilə tomoqrafiyaya göndərə, müvafiq analizlər götürə,  xəstəni xəstəxanaya yerləşdirə bilir. Təcili yardım da xəstəni o zaman xəstəxanaya yerləşdirə bilir ki, xəstəxanada yer olsun.

SMS icazənin məqsədlərindən biri də odur ki, səhiyyə sistemi daha da yüklənməsin və tədricən proses öz həllini tapsın”.

Həkim koronavirusla bağlı mövcud vəziyyətin hələ ən azı 100 gün davam edəcəyini qeyd etdi:

“Məlum məsələdir ki, əhalinin 50 faizdən çoxu yoluxmayana və vaksinasiya prosesi başladılmayana qədər bu davam edəcək. Yəni hər zaman narahat olduğumuz məqam səhiyyənin yüklənməsi ilə bağlı idi ki, artıq bu yüklənməni də görürük. Əlbəttə ki, hesab edirəm ki, daha fərqli fövqəladə qaydalara keçmək mümkündür. Məsələn, səhiyyə sisteminə kömək olacaq hansısa qurumlardan dəstək almaq,  yeni modul tipli xəstəxanaların sayını artırmaq olar. Məlumata görə, artıq Hövsan və Biləcəri qəsəbəsində bu cür yeni xəstəxanalar fəaliyyətə başlayıb.  Həmçinin evdəki xəstələrə nəzarəti gücləndirmək üçün poliklinikaların daha çevik rejimə keçməsini və tibb personalının müvafiq geyimlərlə təmin olunaraq evlərə birbaşa nəzarət işini təşkil etmək olar. Ümidləri vaksinə bağlamağa gəldikdə isə ilk öncə çalışmaq lazımdır ki, vaksin tətbiq edilənə qədər hər kəs özünü qorusun. O da məlumdur ki, vaksinin ölkəmizə gəlməsi, hər kəsə tətbiq edilməsi hələ aylar çəkəcək.

Əlbəttə ki, havaların isinməsi də koronavirusun tədricən sovuşmasında müsbət effekt yarada bilər. Lakin qarşıda bizi dekabrın yarısı, yanvar, fevral kimi ən soyuq aylar durur. Ona görə də hesab edirəm ki, ən azı 100 gün sərt qorunma rejimində olmalıyıq”.

araz.az xəbər portalı.