Qusar rayonu, Əvəcuq kəndinin bir neçə sakini uşaqlarının normal təhsil almadığını və buna görə ciddi narahatlıq keçirdiklərini deyir. Adlarını açıqlamağa qorxan valideynlərin şikayəti kənd orta məktəbindəki müəllimlərin onlayn dərsləri keçməməsilə əlaqədardır. Onlar iddia edir ki, bəzi müəllimlər dərslərə qoşulmur, ya da tədris saatını on beş dəqiqəyə qədər azaldırlar. Valideynlər də müəllimlərdən məktəb direktoruna şikayət etməyə qorxurlar:
“Çünki biz etiraz edəndə, uşaqlarımızı gözümçıxdıya salırlar. Hər hansı bir uşağın valideyni narazılıq, şikayət edən kimi müəllimlər həmin şagirdə qiymət yazmırlar. Bir valideyn mənə danışdı ki, müəllimlərdən birinə keyfiyyətli dərs keçməməyi ilə bağlı gileylənib. Müəllim də acığa düşüb, valideynin uşağına aşağı qiymət yazıb. Mən haqqımı tələb edirəm. Onlardan artıq nə istəyirəm? Uşağıma dərs keçsinlər. Dərs saatını otuz dəqiqə ediblər. Bu azmış kimi, dərsləri ən yaxşı halda 20 dəqiqə keçirlər. Müəllim var ki, 10 dəqiqəyə dərsi bitirir. Mən də buna etiraz edirəm. Uşağım oxuyandır. Otuz dəqiqə nədir ki, siz hələ onu bir az da azaldırsınız?”
“Dərs vaxtı çatıb, riyaziyyat müəllimi Kamran Rüstəmov yoxdur. Zəng edirik ki, bəs, dərs nə vaxt başlayacaq? Acığı tutur ki, məni niyə yığırsız? Niyə narahat edirsiniz? Mən özüm dərs saatını bilirəm. İstəyəndə, dərsə girəcəyəm. Biri deyir ki, odun doğrayırdım. O biri deyir ki, qonaq yola salıram. Hərəsi bir cür bəhanə gətirir, işinə məsuliyyətsiz yanaşır”, – digər valdeyn söyləyir.
“Düz üç nəfər tanıyıram ki, dərs keçilmədiyi üçün uşaqlarını məktəbdən çıxarıb. Mənim elə imkanım yoxdur ki, uşağımı buradan çıxarıb, şəhər məktəblərinə aparım”, – başqa bir valideyn bildirir.
“Riyaziyyat müəllimi Kamran Rüstəmovun dərs dediyi şagirdləri yoxlamaq lazımdır. Bu müəllim “WhatsApp” vasitəsilə dərs keçmirdi. TİMS (Təhsilin İdarəolunmasının Məlumat Sistemi) üzərindən keçirilən onlayn dərslərə başlandı, amma Kamran müəllim yenə də heç nəyə məhəl qoymur. Müəllim var, uşaqlara iki ay ərzində heç iki dəfə onlayn dərs keçməyib. Hamımızın evində internet var, sadəcə, özləri səhlənkarlıq edirlər. Müəllimlərə də söz deyəndə acıqları gəlir, adamla prinsip aparırlar. İsti ocağında, evin içində oturub, 30 dəqiqə kompüter qabağında uşağa dərs deməyə ərinirlər. On beş şagirddən iki-üç nəfər onlayn dərsə qoşulur. Dərs hissə müdiri Alim Baxışov da heç nəyə nəzarət etmir. Fizika, biologiya, Azərbaycan tarixi, kimya fənlərini tədris edən müəllimlərdən çox razıyıq. Uşaq deyir ki, riyaziyyat müəllimi 25 dəqiqə ev tapşırığını soruşur. Son 5 dəqiqəni isə dərs aparır”.
Əvəcuq kənd tam orta məktəbinin riyaziyyat müəllimi Kamran Rüstəmov deyilənlərlə razılaşmır. Deyir ki, dərsləri hər gün sistemli qaydada davamlı keçir. Bildirir ki, kənddə internet səviyyəsi bütün uşaqlara distant təhsildə iştirak etməyə imkan vermir. Belə ki, bəzi ailələrin internetə qoşulmağa maddi imkanı yoxdur:
“Valideynlər nə üçün məni günahlandırır? Şagirdlərin dərslərə qoşulmamağı məndən asılı məsələ deyil. Bununla dərs hissə müdiri, sinif rəhbəri, direktor maraqlanmalıdır. Bir dərsə dörd-beş uşaq qoşulur. Məsələn, bu gün riyaziyyat fənni üzrə dörd dərs var idi. Yeddinci sinifdə 2, doqquzuncuda 1, on birdə 1, altıncıda isə 3 şagird iştirak etdi. Bir müddət öncə internet problemim vardı, ard-arda iki onlayn dərsə qoşula bilmədim. Hətta direktor məni çağırdı ki, valideyn səndən narazıdır. Mən də dedim ki, lap iki saat dərs keçərəm. Niyə valideyn məndən narazı qalsın? Sonra buraxılan dərsləri saat yarım keçdim. Kənddə hamının interneti yoxdur. Evində interneti olmayan şagirdə nə cür dərs keçim?”.
Məktəbin tədris işləri üzrə direktor müavini Alim Bağışov isə deyir ki, hər gün keçirilən onlayn dərslərə ciddi nəzarət olunur:
“Bir onlayn dərsin keçirilmə müddəti otuz dəqiqədir. Mən hər gün baxıram ki, Kamran Rüstəmov dərsdədir. Şagirdlərin sayının az olmasına gəlincə, kənddə hər evdə internet yoxdur. Biz neyləyək? İnterneti olan uşaqlar dərsə qoşulurlar, olmayanlar isə teledərslərdən yararlanırlar. Bütün müəllimlər vaxtlı-vaxtında onlayn dərslərə qoşulur və tədris işini yerinə yetirirlər”.
Məktəbin direktoru Zərifə Saruxanova şagirdlərin onlayn dərslərə qoşulmamağını internet problemi ilə əlaqələndirir:
“Çox uşağın nəinki interneti, heç smartfonu yoxdur. İntəhası, gündə beş nəfər şagird onlayn dərslərə qoşulur. Bu vəziyyət bütün kəndlərdə eynidir. Mən hər gün nəzarət edirəm. Hər dəfə də görürəm ki, Kamran müəllim lövhədə dərsi izah edir. Elə Alim müəllim özü də, bütün müəllimlər dərslərini keçir. TİMS-lə əlaqədar bizdə vəziyyət əladır, yaxşıdır. Kənddir, bəzən işıq sönür, internet zəifdir. Neqativ hallar var, amma çox deyil. Olur ki, bir dərsə iki şagird qoşulur. Müəllim səbəbini soruşanda, məlum olur ki, internet çox zəifdir, qoşulmaq alınmır”.
Hazırda mövcud pandemiya ilə əlaqədar Azərbaycanda 2019-2020-ci tədris ilinin sonunadək fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Əvəzində distant təhsil – onlayn və teledərslər keçirilir.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, bu məsələ ilə bağlı texniki dəstək nəzərdə tutulmur. Lakin şagirdlərin distant dərslərə qoşulmasına maksimum imkan yaradılır. İnternet və ya texniki alətləri olmayan şagirdlər üçün alternativ olaraq teledərslər təklif edilir:
“Bir ailədə bəzən iki-üç uşaq, texniki alət isə bir ədəd olur. Ona görə də biz təklif edirik, onlayn dərslər elə qurulsun ki, teledərslərlə üst-üstə düşməsin. Onlayn dərsə qoşula bilməyən uşaqlar digərinə baxa bilsinlər”.
araz.az xəbər portalı.