28 il sonra Ordumuzun qüdrəti və Ali Baş Komandanın peşəkar diplomatiyası sayəsində kapitulyasiyaya imza atan Ermənistan siyasi rəhbərliyi Kəlbəcəri boşaltmalı oldu. Bu, tarixi zəfər idi.
Amma bu qələbəyə kölgə salan məmurlar var və belə vəzifəlilərin Kəlbəcərin idarələrində kök atması ikiqat utancverici hadisədir.
Xeberfakt.az-ın əldə etdiyi məlumata görə, son günlər Kəlbəcər təhsilindəki mafioz məmurlardan olan şikayətlər belə deməyə əsas verir.
Belə ki, Kəlbəcər Təhsil Şöbəsinin qalmaqallı müdiri Fazil Zeynalov barəsində səslənən ittihamlar, ondan hüquq-mühafizə orqanlarına edilən şikayət və müraciətlər bu postda qalmasını qəlizləşdirir.
Kəlbəcər təhsilini viran qoyması azmış kimi, azad edilmiş gözəl yurdumuzun adına xələl gətirməsi, dövlətin gördüyü işləri gözdən salması yerinə daha peşəkar, gənc və fəaliyyəti şəffaf olan kadrın təyin olunmasını şərtləndirir.
Çünki gələn məlumatlar, açıqlanan inanılmaz faktlar F.Zeynalovun məsuliyyətə cəlb olunması üçün son dərəcə zəmin yetişdirir.
Bu ittiham və müraciətlərdən birində deyilir ki, Kəlbəcər məktəblərində yaranmış özbaşınalıq, rüşvətxorluq, nizam-intizamsızlıq mühiti məhz təhsil şöbəsi müdirinin yaratdığı ab-havadan qaynaqlanır. Bildirilir ki, onlardan biri elə Kəlbəcərin 31 saylı tam orta məktəbidir.
Məktəbin direktoru Namiq Rəcəbov və Təhsil İşçiləri Azad Həmkarlar ittifaqı Kəlbəcər rayon Komitəsinin sədri M.Əbdürəhmanov əlbir olublar.
Məlumata görə, məktəb direktorundan şikayət edənlər işindən qanunsuz xaric olunur, “burada mənəm, Bağdadda kor xəlifə” deyilir.
Bu haqda məktəbin müəllimi, Qəbələnin Zarağan 2 köçkün şəhərciyində məskunlaşmış İsmayılov Kamil Allahverdi oğlu da öz müraciətində qeyd edib.
Onun sözlərinə görə, 08.10.2020-ci ildə şəhid qohumun yas mərasimində iştirak etdiyi üçün həm töhmət verilib, həm 5 saat dərsi alınıb, həm sinif rəhbərliyi əlindən alınıb.
Ümumiyyətlə, Kəlbəcər təhsilində xaos, anarxiya baş alıb gedir və bu cür hallar tək adıçəkilən orta məktəbdə yaşanmır. F.Zeynalovun fəaliyyəti nəticəsində rayon təhsili bərbad vəziyyətə düşüb.
Xeberfakt.az-a verilən xəbərə görə, Kəlbəcər RTŞ işçilərinin Həmkarlar İttifaqının komitə sədri M.Əbdürəhmanov Bakıda yaşayır.
İddialara görə, o, ayda bir dəfə Gəncəyə gedərək Kəlbəcər RTŞ-nin yerləşdiyi ünvanda olur. Amma F.Zeynalov ona “gözün üstə qaşın var” söyləmir.
Gələn informasiyalada o da iddia edilir ki, Həmkarlar İttifaqı sədri direktorlarla əlbir olaraq müəllimlərin və texniki işçilərin adından ərizələr yazır, onların kartlarına pulu köçürüb öz aralarında bölməklə məşğuldur. Bu da cinayət məsuliyyəti daşımaq deməkdir.
Təbii ki, bütün bu korrupsiya və maxinasiyalar Kəlbəcər təhsilinin “firon”u Fazil Zeynalovun nəzarətindən kənar baş vermir. Deməli, ortada ciddi bir təhsil mafiyası mövcuddur.
Bundan başqa, F.Zeynalovun qanunsuz göstərişləri sayəsində diplomu saxta olan və imtahanlarda az bal toplayan müəllimlərə daha çox dərs saatları verildiyi deyilir.
İddialara görə, direktorların belə qanundankənar hərəkətlərinin arxasında Kəlbəcər RTŞ şefi Fazil Zeynalov və 8 saylı ƏMHM-nin rəisi Fərahid Qəhrəmanov dayanır.
Əldə etdiyimiz xəbərlərə görə, artıq Kəlbəcər rayon prokuroru Vüqar Əhmədliyə ərizələr, şikayətlər ünvanlanmaqdadır.
Bu müraciətlər əsasında prokurorluq əməkdaşları tərəfindən Kəlbəcər RTŞ və məktəblər təftiş oluna, işçilər sorğu-sual edilə bilər.
Əgər deyilənlər təsdiqini taparsa, Təhsil naziri Emin Əmrullayevin əmri ilə F.Zeynalovu vəzifəsindən azad edilməsi, ardınca barəsində prokurorluqda araşdırma aparılması gözləyə bilər.
Həmçinin, ittihamlardan biri də F.Zeynalovla F.Qəhrəmanovun Kəlbəcərin nə az, nə çox, düz 109 ümumtəhsil məktəblərinin direktorları ilə əlbir olaraq ciddi qanunsuzluqlara getdikləri söylənilir.
Eyni zamanda regiona aid digər 7 rayonun ümumtəhsil məktəblərinin müəllimlərinə qarşı özbaşınalığa yol verilib.
İddialar var ki, 2019-2020 tədris ilinin may, iyun aylarında, habelə 56 günlük yay məzuniyyətində, yəni pandemiya səbəbindən karantinin tətbiq olunduğu müddətdə müəllimlərin və texniki işçilərin xəbərləri olmadan əmək haqlarından tutulub.
Bunu “Qırmızı Aypara” cəmiyyətinin adından ediblər və böyük saxtakarlığa yol verilib. Bu maaş kəsimləri tam qanunsuzluqdur.
Prokurorluğa və aidiyyatı orqanlara edilən müraciətlərdə F.Zeynalovun və digər səlahiyyətli şəxslərin bu əməllərinin də araşdırılması istənilir.
Göründüyü kimi, Kəlbəcər təhsilində elə özbaşınalıqlar, qanun pozuntuları, rüşvətxorluq, dərəbəylik tüğyan edir ki, yalnız müvafiq strukturlar bu haqda daha detallı araşdırma aparıb həqiqəti üzə çıxara bilərlər.
Bununla belə biz son günlərdə F.Zeynalov haqda səslənən bu ittihamların nə dərəcədə düzgün olub-olmadığını özündən eşitmək istərdik. Odur ki, bir media qurumu olaraq onun mövqeyini işıqlandırmağa hazırıq.
araz.az xəbər portalı.