Ermənistan KİV: 60 erməninin əsir düşməsinin təfərrüatları
Bakı/16.12.20/Turan: Dekabrın 16-da günün ikinci yarısında Ermənistan KİV-də Hadrut yaxınlığında 60 erməni hərbçinin əsir götürülməsi barədə məlumat və foto yayılıb. Bununla yanaşı, Azərbaycan hərbçiləri erməni hərbçilərin bir hissəsini -30 nəfəri Rusiya sülhməramlılarına təhvil veriblər. Bu, Xin Tager və Xsaber kəndlərində iki gün davam edən döyüşlərdən sonra baş verib, əsir düşmüş ermənilərin qohumları bildiriblər.
“20 gün öncə bir qrup könüllünü aparıb Xin Tager və Xsaber kəndləri yaxınlığında postlarda yerləşdirdilər. Srağagün Azərbaycan Silahlı Qüvvələri hücum etdi, onların bir hissəsi mühasirəyə düşdü”,- erməni əsgərlərdən birinin qardaşı “Sputnik Armenia”ya bildirib.
Onun sözlərinə görə, dəstəni tamamilə məhv olmaqdan pis hava şəraiti, əsasən qatı duman xilas edib. Duman çəkildikdə məlum olub ki, təxmiən 600-ə yaxın Azərbaycan əsgəri erməni mövqelərinə hücum edib. “Onlardan biri bizimkilərə yaxınlaşdı, dedi ki, sayı az olduğu üçün onları öldürmək istəmir. O, ya döyüşləri davam etdirməyi, ya da erməni hərbçiləri Rusiya sülhməramlılarına qədər müşayiət etməyi təklif etdi”,- o bildirib.
İnternetdə yayılan videodan görünür ki, ermənilər azərbaycanlı əsgərlərin müşayiətilə gedirlər. Bunlar sülhməramlılara təhvil verilənlərdir. Digər erməni əsgərlərin taleyinə gəlincə, həmin adam qeyd edib ki, çox güman ki, onlar həlak olublar, ya da əsir düşüblər. Azad edilmiş əsgərlərdən biri qeyd edbi ki, onlara qarşı Azərbaycanın “Yaşma” xüsusi təyinatlı dəstə vuruşub. Bununla yanaşı, erməni tərəfin dərc etdiyi fotoda silahsız erməni əsirləri Azərbaycan hərbçiləri müşayiət edir.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi erməni hərbçilərin əsir götürülməsi barədə məlumatları şərh etmir. Lakin dekabrın 16-da Müdafiə Nazirliyi nəzarətə götürülmüş Böyük Tağlar kəndindən (Xin Tager) video yayıb. -02D-
araz.az xəbər portalı.